Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-448/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı “SOCAR”ın “Neft Kəmərləri” İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “SOCAR”ın “Neft Kəmərləri” İdarəsinin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “SOCAR”ın “Neft Kəmərləri” İdarəsi Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinin 116-cı kilometriliyində, kəmərdən 35 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci Şimal döngəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılması aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Qeyd olunanlara əsasən iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 116-cı kilometriliyində, kəmərdən 35 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci Şimal döngəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və həmin ünvanda tikinti-quraşdırma işlərinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “SOCAR”ın “Neft Kəmərləri” İdarəsinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “SOCAR”ın “Neft Kəmərləri” İdarəsinin Qaradağ İstehsalat Bölümünün nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, əraziyə baxış keçirilərkən Qaradağ İstehsalat Bölümünün istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 116-cı kilometriliyində, kəmərdən 35 metr aralı məsafədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci Şimal döngəsi ünvanında Cavabdeh tərəfindən tikinti işlərinin aparılması aşkarlanmışdır. İş materiallarında olan Sirvan-Bakı Dş500 n.k.-nin 116,0 km-də olan qanunsuz tikilinin sxemindən görünür ki, Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinin 116-cı kilometriliyində, kəmərdən 35 metr aralı məsafədə çardağ inşa edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 10/2914 nömrəli ekspert rəyində göstərilmişdir ki, “SOCAR”ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan “Şirvan- Böyükşor” Dş-500 mm-lik yerüstü neft kəmərinin 116-cı kilometriliyində, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci Şimal döngəsi ünvanında inşa edilmiş tikili ilə həmin neft kəməri arasında olan məsafə 35 m. təşkil edir. “Magistral neft kəmərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən “Şirvan-Böyükşor” Dş-500 mm-lik yerüstü neft kəmərinin 116-cı kilometriliyində, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci Şimal döngəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikili həmin neft kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə müvafiq olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Önər Yıldız Türkiyəyə qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X4rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “SOCAR”ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 116-cı kilometriliyində, kəmərdən 35 metr aralı məsafədə (39 T 0397611; 4477592), kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci Şimal döngəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalı və həmin ünvanda tikintiquraşdırma işlərinin aparılması cavabdehə qadağan edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. “SOCAR”ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 116-cı kilometriliyində, kəmərdən 35 metr aralı məsafədə (39 T 0397611; 4477592), kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci Şimal döngəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın və həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılması Cavabdeh qadağan edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul Cavabdeh “SOCAR”ın “Neft Kəmərləri” İdarəsinin xeyrinə tutulsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-448/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-448/2021
18.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver