Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-448/2025 11.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna qarşı “bağışlama müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: bağışlama müqaviləsi, etibarsızlıq, çıxarışın ləğvi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və onun nümayəndəsi Bakı şəhər 31 saylı Vəkil Bürosunun vəkili Vəkil Zöhrə qızının, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna qarşı “bağışlama müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 K saylı evə dair Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və İddiaçı1 adına yeni çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 atası-cavabdeh X3 mülkiyyətində olan ünvan 2 saylı evə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-760/2022 saylı qətnaməsi ilə İddiaçı1, istifadə hüququ tanınaraq, həmin evə köçürülməsi qərara alınmışdır. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3309/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, həmin evə azyaşlı uşaqları X18, X9 və X10 da köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həmin evə onun və uşaqlarının köçürülməsi təmin edilmiş və buna dair akt tərtib edilmişdir. Həmin dövrdən o, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bununla yanaşı, digər iddiaçı İsmayılzadə (Məmliyeva) Sara Bəyzadə qızı həmin evdə qeydiyyatdadır və yaşayır. Lakin 2024-cü ilin iyul ayının sonlarında onlara məlum olmuşdur ki, atası Beyzadə Məmliyev yuxarıda qeyd olunan evi bacıları-Cavabdeh2 bağışlamışdır. Qeyd olunan evdə qeydiyyatda olmadıqlarına və Məhkəmə qətnamələri ilə həmin evə istifadə hüquqlarının tanınmasına baxmayaraq, cavabdehlər öz aralarında evin bağışlanmasını edərkən onların razılığını almamışlar. Halbuki, onlar orda qeydiyyatda olduqlarından və müvafiq məhkəmə mübahisəsinin mövcud olduğundan məlumatlı idilər. Qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxslərin razılığının alınmasında zərurətin qalmaması məqsədi ilə cavabdehlər mübahisəli evin ünvanını dəyişdirərək, 10 saylını 10K saylı evə dəyişdirilməsinə nail olmuşlar və beləlikdə notarial qaydada bağışlama müqaviləsi bağlanan zamanı onların razılığı alınmamışdır. Cavabdeh Beyzadə Məmliyevin bağışlama müqaviləsinin bağlanmasında məqsədi məhkəmə mübahisəsinin öz lehiyə sonlandırmaqdan ibarət olmuşdur.
İİ. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirilmişdir ki, bağışlama müqaviləsi bağlanan zaman iddiaçıların qeydiyyatda göstərilməmələri məqsədi ilə əvvəlcədən ünvan dəyişdirilmiş və bu səbəbdən notariat hərəkətləri yerinə yetirilən zaman iddiaçılar barədə məlumatlar göstərilməmiş, nəticədə iddiaçıların razılığı olmadan bağışlama müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, atası mülkiyyətində olan mənzili öz iradəsi ilə ona bağışlamışdır. Həmin müddətdə qardaşının yoldaşı atasına və qardaşına qarşı mənzilə köçürülmə ilə bağlı iddia tələbi ilə müraciət etmiş və məhkəmə tərəfindən onun iddiası təmin olunmuşdur. Özü həmişə bacısı və qardaşından fərqli olaraq ata və anasının qulluğunda durmuş, onların qayğısına qalmışdır. Atası övladlarından ona daha çox etibar etdiyindən və gəlininin həmin evə köçməyinin qarşısını almaq istədiyindən evin ona bağışlanmasını təklif etmiş, özü isə razılıq vermişdir. Hazırda həmin evin yerləşdiyi həyətda digər tikilidə yaşayır və atasının hazırki iddiaçılar ilə münasibəti düzəldikdən sonra ona qarşı münasibəti dəyişmiş, onun yaşadığı yerdən çıxarılmaqla hədələmişdir, razı olmadığından iddia ilə məhkəməyə müraciət edilmişdir. Atası özü ona əmlakını ana südü kimi halal etdiyini və yaşadığı müddətdə əmlakın bütün ixtiyarını ona həvalə etmişdir. Notarius tərəfindən müqavilə bağlanan zaman ata və anasına bütün məsələlər izah edildikdən sonra əmlak ona bağışlandı. Daha sonra atası əmlakı geri tələb edərkən imtina etməmiş, yalnız hazırda yaşadığı evin onda saxlanmaqla qalan əmlakı qaytarmağı təklif etsə də, razılıq olmamışdır. Nəticədə atası ona məxsus əşyaları, qızıl-zinət əşyalarını girov götürmüşdür. Cavabdeh daha sonra ərizə ilə məhkəməyə müraciət edərək növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Digər cavabdeh Nəzakət xanım Rusiya Federasiyasında yaşamış, ölkəyə qayıtdıqdan sonra onun evində qalmışdır. Ata kimi qızına kömək etmək məqsədi ilə evin mətbəxtini və əlavə bir orağı qızına yaşamaq üçün vermişdir. Həmin evdə qızı həyat yoldaşı və iki övladı ilə birlikdə yaşamışdır. Nəzakət evdə yaşadığı üçün qardaşı ilə onun arasında olan mübahisələrdən xəbərdar idi. Belə ki, həmin vaxt gəlini evə köçürülmə barədə ona qarşı iddia qaldırmış, o gəlinin həmin evə köçürülməsinə razı olmamışdır. Bundan sonra Nəzakət ona bu məsələdə köməklik etməyi təklif etmiş, təklifinə cavab olaraq razılaşmışdır. Sonra ondan mübahisənin həllində kömək etmək niyyəti ilə ondan evə dair sənədləri tələb etmiş, öz razılığı ilə sənədləri verdikdən sonra imza etmək üçün onu çağırmışdır. O, sənədlərə qol çəkmək üçün notariusa getsə də, oxumaqdan imza etmişdir. Notairat kontorunda ona yoldaşının razılğının tələb edildiyindən və yoldaşı yataq xəstəsi olduğundan notariusun nümayəndəsi yaşadıqları evə getmiş və yoldaşı da oxumadan qol çəkmişdir. Onun evini Nəzakətə bağışlamaq niyyəti olmayıb. Daha sonra Nəzakət qızı evdən çıxıb getdi və sonradan zəng vuraraq hamını evdən qeydiyyatdan çıxardacağını bildirdi. Onun bu sözünə əsəbləşmiş, yoldaşı Nəzakətlə özünün damışacağını bildirdi. Daha sonra Nəzakət evə gələrək evdən payını tələb etməyə başlamış və özü Nəzakətə əmlakda pay kimi 10.000 manat nağd pul və onun banka olan borcunu ödədiyini bildirmişdir. Özü təqaüdlə dolanır, onun gəlir yeri yoxdur, övladları ona baxmır. Məhkəmədən iddianın təmin edilməsini və əmlakının öz adına qeydiyyata alınmasını xahiş edir. Məhkəmə Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermiş, tərəflərin ərizələri nəzərə alınmaqla məhkəmə iclasının həmin cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
İİİ.İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh2, X20, X21, X22, X1, X23, X24, Cavabdeh1, X11, X12, X13, X14, X6, X7, X8, X25, X26, X4, X2, X18, İddiaçı2 və X15 Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi, ev 10 ünvanda qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi, ev 10 ünvanda qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-760/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 ünvan 2 saylı evə köçürülməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3309/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-760/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, yetkinlik yaşına çatmayan uşaqlar X18, X9 və X30 ünvan 2 saylı evə köçürülmələri qət edilmişdir. - Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3309/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi icra edildiyindən icra sənədinə xitam verilmişdir. - X5 Bakı şəhəri 27 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ərizəsindən görünür ki, birgə nikah dövründə (İ-SL seriyalı, 311771 saylı nikah haqqında şəhadətnamə) əldə edilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini Cavabdeh1 tərəfindən bağışlanmasına etiraz etmir. - Daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini qızı Cavabdeh2 bağışlamışdır. - 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi, ev 10 ünvanına Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq ünvan 3 ünvan rekviziti verilmişdir.
İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: (Maddə 347.2) 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1 və 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 09 dekabr 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, notariat hərəkətlərini apararkən notariuslar hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər. Notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır. Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. (təlimatın 17, 38, 46, və 49-cu bəndləri).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işin hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində hesab edir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıların bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbinin əsası kimi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatına istinad edilməsi əsaslı hesab edə bilməz. Belə ki, mübahisəli əmlaka dair bağışlama müqaviləsi imzalanan zaman həmin evdə iddiaçıların qeydiyyatda olduğundan onların razılığının olmaması notarius tərəfindən bağışlama müqaviləsinin rəsmiləşdirilməsinə maneçilik törədən hal deyil. Daşınmaz əmlakın tam mülkiyyətçisinin mülkiyyət hüququ həmin mülkiyyətdən istifadə edənlər və qeydiyyatda olan şəxslər tərəfindən qeyri-qanuni məhdudlaşdırıla bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən Mülki Məcəllənin hüquqi qüvvəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatdan daha üstündür və bu əsas hazırki mübahisə predmeti olan müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. O da qeyd edilməlidir ki, oxşar mövqe Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hazırkı işdə bu dörd kateqoriyada qruplaşdırılan hər hansı şərt mübahisələndirilmir, iddiaçıların yeganə arqumenti – onların mənzildə qeydiyyatda olduqları halda ünvan rekvizitinin dəyişməsi nəticəsində notariat orqanı tərəfindən ünvanda qeydiyyatda olmaları müəyyən edilmədiyindən mqülkiyyətçi tərəfindən bağışlama müqaviləsinin onların razılığı olmadan bağlanmasıdır. Lakin iddiaçının özünün də iddia ərizəsinin hüquqi əsası olaraq istinad etdiyi normalardan da görünür ki, hədiyyə verən və hədiyyə alan arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qeyd edilən razılığın olmaması əsas ola bilməz. Bir daha qeyd olunur iddia ərizəsində iddiaçıların göstərdiyi halların həqiqi olması belə iddianın əsaslılığına heç bir təsiri yoxdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna qarşı “bağışlama müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna qarşı “bağışlama müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elnarə vəliyeva