Məhkəmə qərarları › İş №2(001)-4486/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4486/2021

14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4486/2021 14.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi və onun vəkili X4, Maraqlı şəxs “X25” X26 nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi və 1 saylı X31 cəlb edilməklə) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı X31 tərəfindən verilmiş “24 iyul 2012-ci il tarixdə 1 saylı X16 bir oğlan uşağının doğulması barədə 31 iyul 2012-ci il tarixli, ********** nömrəli doğum haqqında tibbi şəhadətnamə”nin ona – 24 dekabr 1995-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 24 dekabr 1995-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 1998-ci ildə daimi yaşamaq üçün nənəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. 24 iyul 2012-ci il tarixdə 1 saylı X9 bir oğlu doğulmuşdur. Oğlu doğulan zaman o, yetkinlik yaşına çatmamış, habelə onun şəxsiyyətini təsdiq edən sənədi olmamışdır. Şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün xəstəxanada onun şəklini çəkərək "doğum tarixi"nə tikmişlər, ancaq ona uşağın doğulması barədə tibbi şəhadətnamə verməmişlər və bildirmişlər ki, şəxsiyyəti təsdiq edən sənədlə təmin edildikdən sonra xəstəxanaya müraciət edib oğlunun doğulması barədə tibbi şəhadətnamə ala bilər. 2013-cü ildə o, Rusiya Federasiyası tərəfindən doğum haqqında şəhadətnamə ilə, 2018-ci ildə isə Rusiya Federasiyası vətəndaşının pasportu ilə təmin edilmiş, pasportla təmin edildikdən sonra oğlunun doğulması barədə tibbi şəhadətnamə almaq üçün 1 saylı X21 müraciət etmişdir. Lakin, xəstəxanada ona oğlunun doğulması barədə tibbi şəhadətnamə verməkdən imtina etmişlər. Bundan sonra o, 1 saylı X16 24 iyul 2012-ci il tarixdə oğlunun doğulması barədə tibbi şəhadətnamənin alınmasına yardım edilməsi məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət etmişdir. Yalnız həmin müraciət əsasında Ombudsmanın müdaxiləsindən sonra 1 saylı X25 tərəfindən ona oğlunun doğulması barədə tibbi şəhadətnamə verilmişdir. Doğum haqqında tibbi şəhadətnaməni aldıqdan sonra ona məlum olmuşdur ki, tibbi şəhadətnamədə onun adı "Jasmin" əvəzinə "Cənnət", ata adı "Əhədovna" əvəzinə “Əhət", doğum tarixi isə "24 dekabr 1995" əvəzinə "24 dekabr 1992" göstərilmişdir. Bundan əlavə, oğlunun doğulması barədə tibbi şəhadətnamə ona 2018-ci ildə verilsə də, şəhadətnamədə onun verilməsi tarixi 31 iyul 2012-ci il göstərilmişdir. 06 noyabr 2020-ci il tarixdə 1 saylı X21 müraciət edərək, 24 iyul 2012-ci il tarixdə 1 saylı X5 doğulması barədə ona verilmiş ********** nömrəli tibbi şəhadətnamənin verilməsinə əsas olan sistemdə düzəliş edilərək “ana haqqında məlumat" bölməsinin "adı" qrafasında "Cənnət" adının "Jasmin" adı, “atasının adı" qrafasında "Əhət" adının "Əhədovna" adı və "24 dekabr 1992" kimi göstərilən doğum tarixinin "24 dekabr 1995" ilə əvəz edilib ona həmin düzəlişlər əsasında yeni doğum haqqında tibbi şəhadətnamə verilməsini xahiş etsə də, 1 saylı X11 müraciətini təmin etməkdən imtina etmişdir. 08 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət edərək, 24 iyul 2012-ci il tarixdə Bakı şəhərində doğulmuş oğlunun doğumunun 1 saylı X25 tərəfindən ona verilmiş ********** nömrəli tibbi şəhadətnamə əsasında qeydə alınaraq onun doğum haqqında şəhadətnamə ilə təmin edilməsini xahiş etmişdir (Həmin vaxt Bakı şəhəri Nəsimi rayonunun ərazisində olduğu yer üzrə qeydiyyatda olduğu üçün, eyni zamanda, oğlu da Bakı şəhəri Nəsimi rayonunun ərazisində doğulduğundan "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 2.1-ci bəndinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etmişdir). Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi onun müraciətinə "... ərizənizə əlavə etdiyiniz X22 tərəfindən 31 iyul 2012-ci il tarixdə verilmiş tibbi şəhadətnamədə adınız "Cənnət", ata adınızın "Əhət" qeyd edildiyi halda, Rusiya Federasiyası tərəfindən 23 iyul 2018-ci ildə verilmiş ********* nömrəli pasportunuzda adınızın “Jasmin", ata adınızın “Əhədovna" yazıldığı müəyyən edilmişdir. Göstərilənlərlə bağlı bildiririk ki, hazırda uşağınızın doğumunun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamamışdır." məzmunda cavab vermişdir. Artıq oğlunun 8 yaşı var, lakin uşağın doğum haqqında şəhadətnaməsi olmadığı üçün ona şəxsiyyətini və hər hansı ölkəyə vətəndaşlığını təsdiq edən sənədi ala bilmir. BMT QAK-ın verdiyi Himayə Sənədindən də görünür ki, oğlu vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-da qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 01 mart 2021-ci il tarixli arayışından görünür ki, BMT QAK-ın himayəsində olan Qubaydulin Əziz (Gubaidulin Aziz) 31 may 2021-ci il tarixədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, uşağın "Qubaydulin Əziz kimliyi”ndə formalaşmış bir şəxsiyyəti mövcuddur. Lakin, onun doğumunun dövlət qeydiyyatına alınmasını təsdiq edən heç bir sənədi olmadığı üçün o, hər hansı bir ölkənin vətəndaşı kimi sənədləşdirilə bilmir, bu səbəbdən də o, vətəndaşsızlıq vəziyyətinə düşüb. Onun hansısa bir ölkənin vətəndaşı kimi sənədləşdirilməsi üçün uşağın doğum faktının qeydə alınması və onun doğum haqqında şəhadətnamə ilə təmin olunması vacibdir. İşin hallarından görünür ki, onun oğlu xəstəxanada doğulmuşdur. Lakin, uşağının doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən ona verilmiş sənəddə adı, ata adı və doğum tarixi barədə qeyd edilən məlumatlar şəxsiyyətini təsdiq edən sənəddə qeyd olunandan fərqli yazıldığından o, həmin sənədin ona məxsus olmasını sübut edə bilmir. Bu səbəbdən də qeydiyyat şöbəsi uşağının doğumunu qeydiyyata almaqdan imtina edir. Oğlunun doğum faktının qeydə alınmaması onun "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 8-ci maddəsi ilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı-seçkiliyin qurbanı olur. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı üçün oğluna doğum haqqında şəhadətnamə lazımdır. Doğum haqqında şəhadətnamə ilə təmin edilməyi üçün isə oğlunun doğum faktının qeydə alınması lazımdır. Bunun üçün isə qeydiyyat şöbəsinə oğlunun tibb müəssisəsində doğulmağını təsdiq edən sənədi (doğum haqqında tibbi şəhadətnamə - forma 103) təqdim etməlidir. Lakin, yuxarıda da qeyd etdiyi kimi həmin doğum haqqında tibbi şəhadətnamədə onun adı, ata adı və doğum tarixi barədə qeyd edilən məlumatlar şəxsiyyətini təsdiq edən sənəddəki məlumatlarla düz gəlmədiyi üçün qeydiyyat şöbəsi oğlunu doğum haqqında şəhadətnamə ilə təmin etməkdən imtina edir. Bu səbəbdən də 1 saylı X25 tərəfindən ona təqdim edilmiş onun 24 iyul 2012-ci il tarixdə 1 saylı X16 bir oğlan uşağı doğmağı barədə doğum haqqında tibbi şəhadətnamənin ona məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. 1 saylı X25 tərəfindən təqdim olunmuş 31 iyul 2012-ci il tarixli, ********** nömrəli doğum haqqında tibbi şəhadətnamənin ona məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilmiş hər üç hal mövcuddur. Belə ki, birincisi, qeyd olunan doğum haqqında tibbi şəhadətnamədə göstərilən adı, ata adı və doğum tarixi onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, ata adı və doğum tarixi ilə düz gəlmir. Hüquqmüəyyənedici sənəddə adı "Cənnət", ata adı "Əhət", doğum tarixi "24 dekabr 1992", şəxsiyyəti təsdiq edən sənəddə isə adı "Jasmin", ata adı "Əhədovna", doğum tarixi isə "24 dekabr 1995" kimi göstərilmişdir. İkincisi, həmin sənəd onun valideynlik hüququnu təsdiq edir və 24 iyul 2012-ci il tarixdə 1 saylı X16 doğduğu oğlan uşağının doğumunun dövlət qeydiyyatına alınmasına əsas verən hüquqmüəyyənedici sənəddir. Üçüncüsü, 1 saylı X25 doğum haqqında tibbi şəhadətnamədə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edir. İşin yuxarıda qeyd etdiyi hallarından bəlli olur ki, Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilən hər üç şərt ödənilmişdir. 1 saylı X25 yuxarıda qeyd etdiyi düzəlişləri etməkdən və ona düzəlişlər əsasında yeni tibbi şəhadətnamə verməkdən imtina etsə də, adı çəkilən tibb müəssisəsi tərəfindən ona verilmiş ********** nömrəli tibbi şəhadətnamə məhz onun 24 iyul 2012-ci il tarixdə oğlan uşağı doğmağını təsdiq edir. Bunu eyni zamanda, doğumdan sonra xəstəxanada çəkilmiş və oğlunun "Doğum tarixi"nə əlavə edilmiş fotoşəkli də təsdiq edir. Həmin şəkil ona məxsus olmasaydı, şəxsiyyəti təsdiq edən sənədlə təmin olunduqdan sonra tibb müəssisəsinə müraciət etdiyi zaman ona 1 saylı X25 tərəfindən oğlumun doğulması barədə tibbi şəhadətnamə verilməzdi. Məhz "Doğum tarixi"nə əlavə edilmiş fotoşəkli ilə eyniləşdirmə aparıldıqdan sonra ona 1 saylı X25 tərəfindən ********** nömrəli tibbi şəhadətnamə verilmişdir. Lakin, yuxarıda da qeyd etdiyi kimi həmin tibbi şəhadətnamədə onun adı, ata adı və doğum tarixi ilə bağlı məlumatlarlar şəxsiyyətini təsdiq edən sənəddəki məlumatlarla düz gəlmədiyi üçün bu vaxta qədər oğluna doğum haqqında şəhadətnamə ala bilməmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, oğlunun doğuşu zamanı 3 xəstəxanaya getmiş, lakin heç biri onu qəbul etməmişdir. Çünki, həmin vaxt onun 17 yaşı olmuşdur. Onun adı Jasmindir, sadəcə qohum-əqraba, dost-tanışlar ona “Jasmin” əvəzinə “Cənnət” kimi müraciət edirlər. Xəstəxanada atasının adı azərbaycan dilində “Əhət” kimi qeyd edilmiş, ancaq son hərfi “d” əvəzinə “t” hərfi yazılmışdır. Xəstəxanada onun fotoşəklini çəkmişdilər, əvvəl o, müraciət edəndə şəkli tapa bilməsələrdə sonradan şəkli tapmışlar. O, uşağın 5 yaşında “Forma 103” adlı sənəd almışdır. Uşağın hazırda 9 yaşı var. Məhkəmə iclasında ərizəçinin vəkili ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, ərizəçi doğuş zamanı yetkinlik yaşına çatmadığı və sənədi olmadığı üçün onun adını deyilənlər əsasında “Cənnət” kimi qeyd etmişlər. Ərizəçini tanıyan hər bir kəs ona ümumiyyətlə “Jasmin” adı ilə deyil, “Cənnət” adı ilə müraciət edirlər. Bu səbəbdən də, ərizəçinin adı tibb müəssisəsində “Cənnət” kimi qeyd edilmişdir. Məhkəmə iclasında maraqlı şəxs “X25” X26 nümayəndəsi X7 ərizəyə etiraz edərək bildirdi ki, təmsil etdiyi klinik mərkəzdə olan sənəddə 24.07.2012-ci il tarixdə oğlan uşağı doğan şəxsin adı “Cənnət”, ata adı “Əhəd”, təvəllüdlü isə “1992-ci il”dir. Həmin klinik mərkəzdə azyaşlıların doğumu zamanı onların foto-şəkli çəkilir, ərizəçi isə təvəllüdünü gizlətdiyindən onun foto-şəkli çəkilməmişdir. Hazırda bu işdə onların hər hansı marağı yoxdur ki, ərizəçinin şəxsiyyətini gizlətsinlər. Sadəcə olaraq ərizəçinin sübutları ərizənin təmin edilməsi üçün kifayət qədər deyil. Ona görə də ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə digər maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisinin nəvəsidir. Ərizəçini doğuş zamanı, 2012-ci ilin iyul ayında X17 o, aparmışdır. Həmçinin, o, ərizəçi doğuşdan sonra evə yazılanda da uşaqla birlikdə ərizəçini götürmüş və evə aparmışdır. O və bütün qohumları ərizəçiyə “Cənnət” kimi müraciət edirlər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cənnətin təvəllüdlü 1995-ci ildir, ərizəçi Memar Əcəmidə “Yeganə” şadlıq sarayının yaxınlığında qalır. Hazırda uşağın 9 yaşı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçini uşaqlığından tanıyır. O, ərizəçinin nənəsi ilə birlikdə işləmişdir. Ərizəçiyə uşaqlığından nənəsi baxmış, ona qayğı göstərmişdir. Ərizəçi oğlunun doğuş zamanı azyaşlı olduğundan, onu bir neçə xəstəxana qəbul etməmiş, geri çevirmişdir. O, tanışı vasitəsilə İlahə adında ginekoloq tapmış, onunla məsləhətləşmişdir. Həmin ginekoloq klinikanın ərizəçini qəbul etməsində köməklik edəcəyini bildirmişdir. Beləliklə, ərizəçi X23 keysəriyyə əməliyyatı ilə oğlunu dünyaya gətirmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, Klinikada ərizəçinin adını “Cənnət” dediklərinə görə, elə də yazılmışdır. Ərizəçinin təvəllüdlü 1995-ci ildir. Uşaq 2012-ci ildə doğulmuşdur, hazırda uşağın 9 yaşı var. İş materiallarında olan: İ-KB seriyalı 782388 nömrəli doğum haqqında şəhadətnamənin və 51 ******* nömrəli pasportun notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 24 dekabr 1995-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuşdur. 31 iyul 2012-ci il tarixdə “X25” tərəfindən verilmiş ********** nömrəli doğum haqqında tibbi şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 24 dekabr 1992-ci il təvəllüdlü, daimi yaşayış yeri Bakı şəhəri Nəsimi rayonu qeyd edilmiş X3 24 iyul 2012-ci il tarixdə, saat 19:55-də oğlan uşağı doğulmuşdur. Uşaq bir döllü, 39 həftəlik, 3.100 qram çəkidə, 51 sm boyda diri şəkildə doğulmuşdir. Ana doğuşdan 7 gün sonra evə yazılmışdır. “X25” X33 tərəfindən Ərizəçi ünvanlanmış 11 noyabr 2020-ci il tarixli, 1816 nömrəli məktubdan görünür ki, 1992-ci il təvəllüdlü X1 Tibbi Mərkəzin doğum şöbəsinə “39-40 həftəlik hamiləlik. Baş gəlişi” diaqnozu ilə 24 iyul 2012-ci il tarixdə qəbul olunmuşdur. C.Qubaydulina 24 iyul 2012-ci il tarixdə, saat 19:55-də çəkisi 3.100,0 boyu, 51 sm diri oğlan uşağı dünyaya gətirmişdir. Qadın uşağı ilə birlikdə 31 iyul 2012-ci il tarixdə evə yazılmışdır. Son kilinik diaqnoz: “vaxtında təcili operativ doğuş”. Qeyd olunan məktuba qoşma kimi əlavə edilmiş X19 PHŞ-in baş direktoru İ.Qafarova doğum şöbəsinin müdiri C.Ağazadə tərəfindən verilmiş məlumata əsasən 10 noyabr 2020-ci il tarixində müraciət edən Ərizəçi 24 dekabr 1995-ci il təvəllüdlü, 24 iyul 2012-ci ildə saat 17:42-də X24 doğum şöbəsinə heç bir tibbi sənəd təqdim etməmiş, 1217 nömrəli xəstəlik tarixi hamilə qadının deməsinə əsasən X8 1992-ci il təvəllüdlü H1D0 A0 39-40 həftəlik hamiləlik, baş gəlişi, döl qişalarının vaxtından əvvəl cırılması, dölün bətn daxili kəskin hipoksiyası, bronxial asma diaqnozu ilə açılmışdır. 24 iyul 2012-ci il tarixində, saat 19:55-də kessəriyə əməliyyatı ilə cinsi oğlan, çəkisi 3.100,0 qram, boyu 51 sm doğulmuşdur, 103 və 113 formalar 31 iyul 2012-ci il tarixlə X6 verilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) Qubaydulinanın müraciətindən sonra X28 doğum şöbəsi tərəfindən 103 forması adı Cənnət əvəzinə Jasmin, doğum tarixinə əsasən 24 dekabr 1992-ci il təvəllüdü əvəzinə 24 dekabr 1995-ci il təvəllüdlü sənəd verə bilmirlər. Çünki zahı qadın sənədsiz şəkillə evə yazıldığına görə, Jasmin adlı şəxslə Cənnət adlı şəxsin eyni adam olduğunu təsdiq edən sənəd yoxdur. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 08 dekabr 2020-ci il tarixli, 05/Q-1827/75 nömrəli məktubdan görünür ki, onun uşağınının doğumunun qeydə alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 46.2-ci maddəsinə görə valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. Eyni zamanda bildirilmişdir ki, ərizəyə əlavə edilmiş X22 tərəfindən 31 iyul 2012-ci il tarixdə verilmiş tibbi şəhadətnamədə onun adı “Cənnət”, ata adı Əhət” qeyd edildiyi halda, Rusiya Federasiyası tərəfindən 23 iyul 2018-ci ildə verilmiş 51 ******* nömrəli pasportda adınının “Jasmin”, ata adının “Əhədovna” yazıldığı müəyyən edilmişdir. Göstərilənlərlə hazırda uşağın doğumununun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədinin surətindən görünür ki, Qubaydulin Aziz BMT-nin QAK-ın mandatı altında olan şəxsdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsi tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli, K/138 nömrəli arayışın surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti ünvan 4 ünvanına qeydiyyata alınmaqla 20 aprel 2020-ci il tarixdən 19 iyun 2020-ci il tarixədək uzadılmış, 17 mart 2021-ci il tarixli ərizəsi əsasında ünvan 5 ünvanında yaşadığı müəyyən edilmişdir. Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) 60 gün uzadılmış, əcnəbilərin ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, 15/18 nömrəli arayışın surətindən görünür ki, 24 iyul 2012-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Gubaıdulın Azıza - himayə sənədi nömrəsi ***-*******8) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 11 mart 2021-ci il tarixindən 31 may 2021-ci il tarixinədək ünvan 6 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla və şahid ifadələri ilə müəyyən olunmuşdur ki, ərizəçi 24 dekabr 1995-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Ərizəçi 24 iyul 2012-ci il tarixdə X16 əməliyyatla doğuş həyata keçirmiş, ondan həmin tarixdə saat 19:55-də 3.100 qr çəkidə, 51 sm boyunda oğlan uşağı doğulmuşdur. Lakin, həmin klinik mərkəzdə doğum haqqında tibbi şəhadətnamədə ərizəçinin adı “Cənnət”, atasının adı “Əhət”, doğum tarixi isə “24 dekabr 1992-ci il” kimi qeyd edilmişdir, halbuki ərizəçinin rəsmi sənədlərində adı “Jasmin”, atasının adı “Əhədovna”, doğum tarixi isə “24 dekabr 1995-ci il”dir. Qeyd olunan hallar şahidlərin ifadəsi ilə öz təsdiqini tapmışdır. Qeyd olunan yanlışlıqların düzəldilməsi üçün ərizəçi X29, həmçinin uşağın doğumunun qeydə alınması üçün Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etsə də, lakin, ərizəçi həmin qurumlardan imtina cavabı almışdır. Göründüyü kimi, ərizəçinin doğum haqqında tibbi şəhadətnamədə göstərilən adı və ata adı, doğum tarixi onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, ata adı və doğum tarixi ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi tibb müəssisəsindən sənəddə olan səhvlərin aradan qaldırılmasını (düzəldilməsini) xahiş etsə də, tibb müəssisəsi tərəfindən imtina cavabı almışdır. Belə olan halda məhkəmə qeyd edir ki, ərizəçinin doğum haqqında tibbi şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi, ərizəçiyə valideynlik hüququnun tanınması, onun uşağının bir fərd olaraq, tam hüquqlu şəxs kimi qeydiyyata alınması, habelə gələcəkdə digər sənədlərin alınmasının təmin edilməsi, təhsil və digər hüquqların həyata keçirilməsi üçün zəruridir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X25 tərəfindən verilmiş “24 iyul 2012-ci il tarixdə 1 saylı X16 bir oğlan uşağının doğulması barədə 31 iyul 2012-ci il tarixli, ********** nömrəli doğum haqqında tibbi şəhadətnamə”nin 24 dekabr 1995-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X25 tərəfindən verilmiş “24 iyul 2012-ci il tarixdə 1 saylı X16 bir oğlan uşağının doğulması barədə 31 iyul 2012-ci il tarixli, ********** nömrəli doğum haqqında tibbi şəhadətnamə”nin 24 dekabr 1995-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar