Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4495/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3, İddiaçı, eyni zamanda digər İddiaçı4 nümayəndəsi İddiaçı1, Cavabdeh2 nümayəndələri və eyni zamanda vəkilləri Vəkil və X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Samux Rayon Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Samux Rayon Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, onlar ünvan 5ində yaşayırlar. Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997ci il tarixli 08 saylı qərarı ilə onların ailəsinə pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-358 saylı KOD 50706028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. 25 iyul 2005-ci il tarixdə onların xəbərləri olmadan Samux rayon Notariat Kontorunda həmin torpaq sahəsi Cavabdeh2 satılmışdır. Onların ailə üzvlərinin həmin alqı-satqı müqaviləsindən heç bir xəbərləri yoxdur, yəni torpaq sahəsi qeyri-qanuni satılmışdır. Torpaq sahəsinin satılmasına dair müqavilədə olan imzalar onların ailə üzvlərinin heç birinə aid deyil, yəni onların imzaları saxtalaşdırılmışdır. İddiaçılar yuxarıda göstərilənləri nəzərə alaraq, 25 iyul 2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı3, iddiaçı, eyni zamanda digər İddiaçı4 nümayəndəsi İddiaçı1 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndələri və eyni zamanda vəkilləri Vəkil və X4 hər biri ayrı-ayrılıqda cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər və iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Samux Rayon Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddəti tətbiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Nümayəndə T.Rüstəmov eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Samux Rayon Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların, həmçinin digər iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5ində yerləşən, ümumi sahəsi 1.299 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 2/5 hissədə İddiaçı1 adına, 1/5 hissədə İddiaçı2 adına, 1/5 hissədə İddiaçı3 adına, 1/5 hissədə İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Samux rayon Dövlət Notariat Kontorunun notariusu, 1-ci dərəcəli hüquqşünas T.M.Əsədov tərəfindən qeydə alınmış İddiaçı1, İddiaçı4, İddiaçı3 və X7 ilə Cavabdeh2 arasında xx.xx.2007-ci il tarixdə 4Ə-348 reyestr nömrəli Azərbaycan Respublikası MM-nin 646-654-cü maddələrinə əsasən pay torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Samux rayonu Alıuşağı kəndində yaşayan X11, İddiaçı1, İddiaçı4 və X7 Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair Dövlət aktı JN: 358, KOD: 50706028 saylı Samux rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 15 dekabr tarixli 08 nömrəli qərarı ilə verilmiş 1.79 ha pay torpaq sahəsini 2200 AYM satmışlar. Satılan pay topaq sahəsinin xərci alıcı Cavabdeh2 verilmişdir. xx.xx.2007-ci ildə Samux rayon Notariat Kontorunda 7E-03-5500 saylı etibarnamə əsasında pay torpaq sahəsi satmaq üçün İddiaçı4 əvəzindən imza etməyi X10 etibar etmişdir. xx.xx.2007-ci ildə Gəncə şəhəri Notariat Kontorunda 7E-1680 saylı etibarnamə əsasında Cavabdeh2 pay torpaqlarının alınmasında əvəzindən imza etməyi X5 etibar etmişdir. İş materiallarında olan Qiyaslı kənd İHN-yi tərəfindən verilmiş AZ seriyalı, 056039 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6728/2024 saylı məktubdan görünür ki, tərəflərindən İddiaçı1 müraciətinə baxılmış və bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən ünvan 5ində yerləşən 1.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-358, KOD 50706028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı X6, İddiaçı1, İddiaçı4, İddiaçı3 və X3 adlarına işlənilmişdir. Qeyd edilən torpaq sahəsi Samux rayon dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-348 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. JN-358, KOD 50706028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş torpaq sahəsi hal-hazırda onun adına olmadığı üçün müraciətinin icrasını təmin etmək tərəflərindən mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirinə, dövlət peydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (arxivdən surətlər) yazılı və ya elektron formada hüquq sahibinə, onun təfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Dövlət reyestrindəki məlumatlardan hüquq sahibinin qanuni mənafelərinə ziyan vuracaq üsul və formalarda istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş məsuliyyətə səbə olur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən İddiaçı1 ünvanlanmış 23 dekabr 2021-ci il tarixli **********18 saylı məktubdan görünür ki, tərəflərindən İddiaçı1 müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü hissəsinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqmda” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yerquruluşu işlərinin aparılması üçün sifarişin verilməsi, eləcə də onun hesablaşma hesabına xidmət haqqının ödənilməsi üçün əlaqələndirmənin təmin edilməsi məqsədilə JN-358 (kod: ********) saylı "xxxx"nın əsli ilə MMC-nin Gəncə şəhəri, Heydər Əliyev prospekti, 51A ünvannda yerləşən Gəncə Layihə-Tədqiqat İdarəsinə müraciət edəcəyiniz təqdirdə məsələyə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Bu barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə Layihə-Tədqiqat idarəsinə müvafiq tapşırıq verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Zeniyev Şirvan, Xəlilov Elşad və İddiaçı1 tərəfindən imzalanmış aktdan görünür ki, vətəndaş İddiaçı1 xx.xx.2021-ci il tarixli müraciəti ilə bağlı JN 358 saylı Dövlət Aktına əsasən Samux rayonu Alıuşağı kəndi ərazisində mülkiyyətində (istifadəsində, icarəsində) olan 0.488 ha torpaq sahəsinin döngə nöqtələri Azərbaycan Respublikası Prezidentinin 818 nömrəli fərmanı ilə hazırlanmış olan elektron uçot məlumatlarına əsasən yerində (naturada) ölçülərək ona tanıdılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Rauf Allahverdiyev, Xəlilov Elşad və İddiaçı1 tərəfindən imzalanmış aktdan görünür ki, vətəndaş İddiaçı1 xx.xx.2022-ci il tarixli müraciəti ilə bağlı JN 358 saylı Dövlət Aktına əsasən Samux rayonu Alıuşağı kəndi ərazisində mülkiyyətində (istifadəsində, icarəsində) olan 1.299 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Samux rayon notariat ofisinin xüsusi notariusu X2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş – X6 vərəsi ünvan 4i ünvanında qeydiyyatda olan arvadı İddiaçı1dır və o, miras əmlakdan tam hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DTKX Samux rayonu şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X8 verilmiş seriya nömrəsi JN: 358, KOD: 50706028 olan dövlət aktına əsasən ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 1.79 ha torpaq sahəsində olan torpaq payından ibarətdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 469 saylı Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, ünvan 5i ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyətçilər - İddiaçı2, İddiaçı4, X11, İddiaçı3 və İddiaçı1dır. Hüquqmüəyyənedici sənəd - DTXK Samux rayonu şöbəsi tərəfindən verilmiş JN-358 nömrəli xx.xx.1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktıdır. Torpaq sahəsi – 1.79 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaqlardır. xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş arayışdan görünür ki, Samux rayonu Alıuşağı kəndində JN: 358 Kod: 50706028 olan xx.xx.1998-ci il tarixli torpaq mülkiyyət hüququna dair Dövlət Aktı əsasında mərhum X6 mülkiyyətində olan 1.79 ha torpaq sahəsi üzərində hüququn məhdudlaşdırılması (yüklülüyü) haqqında məlumat Gəncə şəhər Ərazi İdarəsində qeydə alınmamışdır. Arayış Dövlət Notariat kontoruna vərəsəliyin rəsmiləşdirilməsi üçün verilmişdir. İş materiallarında olan ƏN-İ seriyalı 057491 nömrəli xx.xx.2007-ci il tarixli etibarnamənin surətindən görünür ki, Samux rayonu Alıuşağı kəndində yaşayan İddiaçı4 Azərbaycan Respublikası Torpaq Mülkiyyət Hüququna dair Dövlət Aktı JN – 358, Kod – 50706028 saylı Samux rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 15 dekabr tarixli 08 nömrəli qərarı ilə verilmiş 1.79 hektar pay torpaq sahəsindən ona düşən pay torpaq sahəsini satmaq üçün Samux rayonu, Nəbiağalı qəsəbəsində yaşayan X10 etibar etmişdir. İş materiallarında olan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, nümayəndə Vəkil Cavabdeh2 qarşı irəli sürülmüş iddia ərizəsinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Samux Rayon Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, Samux rayonun Alıuşağı kəndində yaşayırlar. Samux rayon Aqrar İstehsalat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 08 saylı qərarı ilə onların ailəsinə pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-358 saylı KOD 50706028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. 25 iyul 2007-ci il tarixdə onların xəbəri olmadan Samux Rayon Notariat Kontorunda həmin torpaq sahəsi Cavabdeh2 satılmışdır. Onların ailə üzvlərinin həmin alqı-satqı müqaviləsindən heç bir xəbəri yoxdur, yəni torpaq sahəsi qeyri-qanuni satılmışdır. Torpaq sahəsinin satılmasına dair müqavilədə olan imzalar onların ailə üzvlərinin heç birinə aid deyildir, yəni onların imzaları saxtalaşdırılmışdır. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Samux Rayon Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia müddətini ötürmülər və bu səbəbdən onlar tərəfindən verilən iddia təmin olunmamalıdır. Belə ki, iddia ərizəsindən açıq-aydın görünür ki, qeyd olunan müqavilə xx.xx.2007-ci il tarixdə Samux Rayon Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində qeyd edilmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən 1 il ərzində irəli sürülə bilər. MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırda həmin müddətdən 17 il 2 ay keçmişdir. MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Onlar bildirmişlər ki, qeyd olunanlar təmamilə əsassızdır. Belə ki, müqavilədən göründüyü kimi müqavilədə adları çəkilən şəxslər öz şəxsi arzuları və iradələri əsasında, hər hansı basqı altında qalmadan müqaviləyə imza atmışlar. Yəni müqavilə imzalanan zaman iddiaçılar hansı sənədə imza atdıqlarının fərqinə varacaq yaşda olmuşlar. Lakin həqiqətdə isə alqı-satqı müqaviləsinə imza atdıqlarını məhkəmədən gizlədirlər. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı iş üzrə” 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin “Deryus Litvaya qarşı iş üzrə” 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının “Baranovski və Braııiovski Polşaya qarşı işlər üzrə” 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Göstərilənləri nəzərə alaraq, nümayəndə tərəfindən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Samux Rayon Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddəti tədbiq edilərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 01 noyabr 2024-cü il tarixli sorğuya cavabdan məlum olur ki, həmin məktubda xx xxxxxxxx 1958-ci il təvəllüdlü İddiaçı1, xx xxxxxx 1977-ci il təvəllüdlü İddiaçı4 və xx xxxxx 1979-cu il təvəllüdlü İddiaçı3 01 iyun 2007-ci il tarixdən 22 oktyabr 2024-cü il tarixədək dövlət sərhədindən hərəkətləri barədə məlumatlar qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:1) əqdin subyekt tərkibinə dair şərtlər; 2) əqdin məzmununa dair şərtlər; 3) əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; 4) əqdin formasına dair şərtlər. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: 1) həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; 2) müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Mülki Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir. (“M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən ünvan 5ində yerləşən 1.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-358, KOD 50706028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı X6, İddiaçı1, İddiaçı4, İddiaçı3 və X3 adlarına işlənilmişdir. Qeyd edilən torpaq sahəsi Samux rayon dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-348 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. İddiaçılar notarial qaydada bağlanmış müqavilədəki imzaların onlara məxsus olmadığına, onların xəbərləri olmadan sözügedən torpaq sahəsinin satılmasına və alqısatqı müqaviləsinin bağlanmasına istinad edərək, müqavilənin etibarsızlığını tələb etsələr də, iddiaçıların tələbinin faktiki əsası kimi istinad etdiyi hallar müqavilənin əhəmiyyətsizliyi ilə bağlıdır. İlk növbədə məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə bağlı etirazının dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Hansı ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Beləki, Mülki Məcəllənin 354-cü maddəsindəki müddətlər yuxarıda sadalanan növlərdən hər hansı biri üzrə əqdin etibarsız hesab edilməsinə (bu faktın təsbit olunmasına) dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddətlər deyil. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəticələrin tətbiqi dedikdə, etibarsız əqd üzrə tərəflərin aldıqlarının hamısını eynilə qaytarması, bu mümkün olmadıqda isə dəyərini pulla ödəməsi başa düşülür (Mülki Məcəllə, maddə 337.5). Etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4) Belə olduğu halda, məhkəmə hesab edir ki, irəli sürülən tələb fərdi müəyyən əşya hesab edilən daşınmaz əmlaka dair bağlanmış əqdin əhəmiyyətsizliyi ilə bağlı olduğundan əqdin etibarsızlığı ilə bağlı iddia müddəti tətbiq edilməməli, iddiaya mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alıb, yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçılar müqavilədəki imzaların onlara məxsus olmadığına istinad edərək müqavilənin etibarsızlığını tələb etməklə hüquqdan sui-istifadə etmişlər. Belə ki, iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, müqaviləni iddiaçıların adından imzalamış X10 verilən etibarnamə məhz Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət AKTİ JN-358 kod 50706028 saylı Samux rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 15 dekabr tarixli 08 nömrəli qərarı ilə verilmiş torpaq sahəsindən onların paylarına düşən pay torpağının satılması üçün verilmişdir. Bundan əlavə Samux Rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli qərarı ilə X8 torpaq sahəsi ayrılan zaman və bundan sonra 1998-ci il tarixdə Dövlət AKT-ı verilən zaman həmin sənədlərdə ailə üzvü kimi göstərilmiş şəxslərin də müqavilədəki imzalarının 14 il sonra mübahisələndirilməsi vicdanlılıq prinsipi ilə uzlaşmır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçılar tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, 25 iyul 2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, iddia əsassız olduğundan təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Samux Rayon Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-4495/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4495/2024
28.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver