Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4522/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, A.Məmmədov küçəsi 99 saylı evin 76 saylı mənzili və Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İ.Cümşüdov küçəsi 5 saylı fədi yaşayış evi iddiaçının mərhum atası X7 mülkiyyətində olmuş, T.İ.Əmrahov vəfat etdikdə həmin daşınmaz əmlaklar miras əmlak kimi iddiaçının anası cavabdeh X2 mülkiyyətinə keçmişdir. İddiaçı və onun bacıları atalarından sonra analarını ailənin başçısı hesab etdiklərinə görə daşınmaz əmlakları analarının adına rəsmiləşdirilməsinə razılıq vermişlər. İddiaçı Bakı şəhəri Binəqədi rayonu 9 mkr, A.Məmmədov küçəsi 94 saylı evin 76 saylı mənzilində daimi qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin evdə yaşayır. Lakin son zamanlar iddiaçının anasının ona qarşı münasibəti dəyişərək pisləşmişdir. Belə ki, iddiaçının anası atasından qalan miras əmlaklardan ona heç bir pay verilməyəcəyinə, bütün əmlakların digər cavabdeh olan iddiaçının bacısına veriləcəyini bildirir. İddiaçıya anası qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayon 9-cu mkr, A.Məmmədov küçəsi 99 saylı evin 76 saylı mənzilinin bacısının adına bağışlanma yolu ilə rəsmiləşdirilməsinə razılıq verməsini təklif etmiş, lakin iddiaçı mənzilin bağışlanmasına razı olmadığı üçün anası ona qarşı iddia qaldıraraq həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Bir necə gün əvvəl iddiaçıya anası X2 iddiaçının atasından miras qalan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 6, Masazır küçəsi 5 saylı fərdi yaşayış evni cavabdeh iddiaçının bacısı X4 bağışlaması məlum olmuşdur. İddiaçının həmin evdə qeydiyyatı olmağına görə notariat orqanında onun razılığı tələb edilməmiş və bu səbəbdən anası iddiaçının icazəsi və razılığı olmadan həmin evi iddiaçıdan xəbərsiz bağışlamışdır. Hesab edir ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İ.Cümşüdov (əvvəlki 6-cı Masazır) küçəsi 5 saylı fərdi yaşayış evinə dair cavabdehlər X5 ilə X8 arasında bağlanılan xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İ.Cümşüdov (əvvəlki 6-cı Masazır) kücəsində yerləşən 5 saylı fərdi yaşayış evinə dair cavbdehlər X5 ilə X8 arasında bağlanılan xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh1 oğlu olmaqla bir-birilərinin birinci növbəli vərəsələridirlər. Cavabdeh2 isə iddiaçının bacısıdır. Barəsində bağlanıldığı əqdin mübahisələndirildiyi 0,008 ha torpaq sahəsi üzərində yerləşən Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Cümşüdov küçəsində yerləşən 5 saylı ev yaşayış üçün tam yararlıdır. İddiaçı heç vaxt bu evdə yaşamamış, ev həmişə kirayə verilmişdir. Həmin ev əvvəlcə iddiaçının atası T.İ.Əmrahova məxsus olmuş, sonuncu vəfat etdikdən sonra vərəsələr, yəni iddiaçının və onun bacılarının razılığı ilə miras əmlak Cavabdeh1 mülkiyyətinə keçmişdir. Belə ki, ailə üzvləri həmin ev üzərində ailə başçısı kimi atalarından sonra analarının olmasını hesab edib öz miras paylarından imtina etmişlər. Cavabdeh1 da ana kimi övladlarının ona olan etimadından əvvəllər heç vaxt sui-istifadə etməmiş, hər üç övladına bərabər münasibət bəsləmişdir. Lakin sonradan İddiaçı ailə quracağı şəxsin kimliyi üzərində yaranan mübahisə zəminində iddiaçıya qarşı ailə üzvləri tərəfindən kəskin mövqe yaranmışdır. Zamanla bu mübahisələr hüquqi müstəviyə daşınmış və onlar Ramini atadan qalan miras əmlaklardan məhrum etmək qərarına gəlmişlər. Bu qərarı reallaşdırmaq üçün hüquqi addımlar atılmış, əvvəl hazırkı mübahisələndirilən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında digər Cavabdeh2 adına rəsmiləşdirmiş, iddiaçı həmin evdə daimi qeydiyyatda olmadığına görə onun məlumatı olmamışdır. Daha sonra 9-cu mikrorayonda yerləşən, iddiaçının daimi qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşadığı, atasından miras qalmış mənzili də cavabdeh Ş.T.Əmrahova digər qızına bağışlamaq üçün iddiaçıdan razılıq istəmiş, lakin iddiaçı ata mülkündən çıxmağa razı olmamışdır. Beləcə iddiaçıya qarşı onun hüquqlarının pozulması ilə nəticələnən və əsassız hüquqi hərəkətlər edilmişdir. Bağışlama müqaviləsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 667.1-ci maddəsində qeyd edilir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin əmlak da daxil olmaqla iddiaçının atasından qalan miras üzərində iddiaçının da birinci növbədən olan vərəsə kimi məcburi payı vardır. Digər tərəfdən iddiaçı cavabdeh olan anasının da birinci növbədən olan vərəsəsidir və həmin fərdi yaşayış evində də onun əmlak payı vardır. Cavabdeh1 iddiaçının anasıdır və iddiaçının da öz anasının mülkiyyətində olan əmlakdan mülki gözləntisi, yəni vərəslik hüququ vardır. Vərəsəlik hüququ qanunla müəyyən olunan qaydada olsa birinci növbədə olan vərəsələrin sayına uyğun bərabər paydadır. Əgər vəsiyyətnamə qoyulacaqsa, məcburi pay kimi qanunla çatacaq payın 1/6 hissəsini təşkil edəcəkdir. Cavabdeh1 iddiaçının vərəsəlik hüququndan irəli gələn gözləntiləri olan evi bağışlamışdır. Belə olan halda ev üzərində məhdudiyyətin götürülməsi lazım idi. Yəni iddiaçının evdə qeydiyyatda olan şəxs kimi deyil, məcburi pay hüququ olan vərəsə kimi razılığı lazım idi. Bununla bağlı xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilir ki, vərəsəlik hüquqları ailə və mülkiyyət hüquqlarının ikisinin arasında tərəddüd edir. Burada həm ailə hüquq münasibətlərinin, həm də mülki hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır. Ailə hüquq münasibətləri deyəndə birinci növbədən olan vərəsələrin dairəsi konket müəyyən olunmuşdur. Birinci növbədə olan vərəslər deyəndə məcburi pay hüququ olan vərəsələrdir. Belə ki, miras qoyanın həyat yoldaşı, valideynləri və övladlarıdır. Plenum qərarı konkret göstərir ki, MM-nin 667-ci maddəsində göstərilən məhdudiyyət məcburi pay hüququ olan şəxslərin ailə hüquq münasibətlərindən və mülki hüquq münasibətlərindən irəli gələn hüquqlarının qorunması xarakateri daşıyır, bu hüquqların pozulmasının aradan qaldırılması qanunvericiliyin vəzifəsidir. Bu norma onun ifadəsidir və hər cür icazəsiz bağışlamalar birinci növbəli vərəsələrin miras hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Həmin qərarda birbaşa açıq şəkildə icazə məhdudlaşmamış olsun ifadələrinə geniş izah verilmiş, burada satınalmadan söhbət getmir, çünki satınalmada əvəzləşmə gedir deyə əvəzləşmədə iddia qaldırıla bilər. Yəni hər əqdə yox, yalnız bağışlama əqdinə aid məhdudiyyətdən söhbət gedir. Bu qanunun tələbinə zidd şəkildə bağışlama İddiaçı hüquqlarının pozulması ilə nəticələnmişdir. Eyni zamanda sosial ədalət və ailə hüquq münasibətləri baxımından da nəticə etibarı ilə ədalətli deyildir. Bu pozuntu nəticəsində iddiaçı atasın qalan miras əmlakdan məhrum olur. Digər evlə bağlı da eyni aqibət iddiaçını gözləyir. Bu ədalətli deyildir. Mübahisələndirilən evin bir milyondan çox olan bazar dəyərinə hər 3 uşağa ayrıca ev almaq olar. Cavabdehlər 12000 manat kompensasiya verməklə Vətən müharibəsinin iştirakçısı olan iddiaçını 9-cu mikrorayondakı mənzildən çıxarılmasını tələb edirlər. Əgər 9 mərtəbədəki mənzil Raminə verilərsə, iddiaçı barışıq sazişi bağlamağa hazırdır. Nur MTKdakı mənzildə Ramin heç vaxt yaşamamış, Ramin avtomobil ticarəti ilə məşğul olmuş, mansarda yerləşən mənzilin qiyməti ucuz olduğuna görə Ramin almış, devalvasiya vaxtı satmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, 2015-ci ildə nikaha daxil olmuş, həmin vaxtdan qohumları ilə problemləri başlamışdır. 2004-cü ildə anası Cavabdeh1 ona “bank işin olar ona görə sən evləri mənim adıma keçir, nə narahatçılıq var, sən də mənim bir övladımsan, onsuzda evlər sənindir” dediyindən o, atasından miras qalan evlərin anasının adına keçirilməsinə razılıq vermiş, bacısı Nərminə həmin vaxt yetkinlik yaşına çatmadığına görə miras payından imtina edə bilməmiş, amma o, digər bacısı ilə miras paylarından imtina etmişlər. Onun daimi yaşayış yeri 9-cu mikrayonda yerləşən mənzildir. O, bu mənzildə ailəsi və anası ilə birlikdə yaşamış, həmin mənzillə bağlı sonuncu məhkəmə iclasından sonra anası mənzildən getmişdir. Cavabdehlərin onu mənzildən çıxarmaq istədikləri işlə bağlı qətnamədən o, apellyasiya şikayəti vermişdir. Bağışlanmış həyət evini atası alarkən evi onun üçün aldığını, tikərik yaşayarsan demiş, lakin atası yol qəzasında vəfat etdiyindən, maddi imkanları olmadığı üçün ev kirayəyə verilmiş, onlar heç vaxt bu evdə yaşamamışlar. Anası işləmədiyindən ona ev ala bilməzdi. O, həmişə ticarətlə məşğul olduğundan, mülkiyyətində olan avtomobili də sataraq texniki etajda, yəni yaşayış sahəsi olmayan yeri 2015-ci ildə 30000 manata almış, 2019-2020-ci illərdə satmış, əldə etdiyi vəsaitin yarısını övladının müalicəsinə sərf etmişdir. Anası və bacısı ilə münasibətləri bir il əvvəl pozulmuş, belə ki, Varovskidə yerləşən evə gələrkən kommunal qəbzlərin bacısının adına gəlməsini görüb anasına sual verərkən anası əvvəl etiraf etməsə də, sonradan hər şeyi ona danışmışdır. Təxminən bir il əvvəl o, anasının evi bacısına bağışlamasını bilmişdir. Ona pay düşəməyəcəyini fikirləşib o, əvvəllər məhkəməyə müraciə etməmiş, lakin vəkili Nümayəndəla məsləhətləşərkən qanuna görə pay ala biləcəyi ona məlum olmuş, ona görə də məhkəməyə müraciət etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh2 vəkili və nümayəndəsi, Cavabdeh1 vəkili Vəkil iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, iddia tələbinin heç bir əsası yoxdur və formal mülahizələrdən ibarətdir. Belə ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçının doğma anası və bacısıdır. Mübahisə predmeti olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İ.Cümşüdov küçəsində yerləşən 5 nömrəli mənzil Cavabdeh1 xüsusi mülkiyyətində olmuş və həmin fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə digər Cavabdeh2 bağışlanmışdır. Cavabdeh1 oğlu İddiaçı Nur MTK-da mənzil alıb vermiş və həmin mənzili iddiaçı xx.xx.2023-cü il tarixdə X1. Bütün bunlarla bağlı Binəqədi Rayon Məhkəməsinin icraatında olan kompensasiya verməklə istifadə hüquqlarının itirilməsi tələbinə dair mülki işə baxılan zaman MTK-dan sorğu əsasında əldə edilmişdir. Lakin iddiaçı hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən evin 76 saylı mənzildən istifadə hüququna kompensasiya verməklə xitam veriləndən sonra belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bu hal bir daha onu göstərir ki, iddiaçı qərəzli olaraq anasının ona qarşı iddia qaldırmasından sonra belə bir addım atmışdır. Əslində isə əmlakların ananın adına keçməsi və digər hərəkətlər zamanı İddiaçı razılıq vermiş və üzərindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq heç zaman bu məsələni mübahisələndirməmişdir. Cavabdeh1 hər iki övladına mənzil və ev alaraq bağışlamışdır. Bağışlama tam qanuni və əsaslı şəkildə həyata keçirilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin iddiaçı etibarsızlıqla bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 illik mübahisələndirmə müddətini ötürməklə iddia qaldırmış, yəni bağışlamadan xeyli keçməsinə baxmayaraq iddiaçı bu halı mübahisələndirməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş əsaslara deyil, yalnız əmlakda məcburi pay hüququnu əsas gətirərək bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini bildirmişdir. Məcburi pay və digər tələblər mülkiyyətçinin əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdıra bilməz. Mülkiyyətçinin öz əmlakına dair sahiblik, istifadə və onunla bağlı sərəncam vermək hüququ üçüncü şəxslərin davranışından aslı ola bilməz. Ona görə də İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi, Cavabdeh1 vəkili Vəkil iddia ərizəsini qəbul etməyib məhkəməyə təqdim etdiyi etirazın məzmunu ilə eyni məzmunlu izahat vermidir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, övladlar üçün atadan qalan ən böyük anadır. Ananın qayğısını çəkmək onların borcudur. Böyük bacısına, qardaşı Raminə Nur MTK-dan yeni mənzil alınmışdır. Raminin ailə qurmasından onların xəbəri olmamışdır. 2015-ci ildə Ramin evlənib evdən getmiş, anasını o, saxlamışdır. Toyundan iki ay sonra gecə saat 12-də anası ona zəng edib Raminlə dalaşmasını demiş, bundan sonra o, anasını öz evinə gətirmişdir. Anası evdən çıxandan bir ay sonra Ramin Nur MTK-da olan mənzilini satmışdır. Anası həmişə tək yaşamaq istədiyini, Raminə onun üçün aldığı mənzildə yaşamasını, hələ miras bölmədiyini Raminə demişdir. O, anasına baxmış, əziyyətini çəkmiş, həldə anası üçün az etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyib, vəklinin izahatını təsdiq edib, əlavə olaraq izahatında göstərmişdir ki, oğlu öz mirasına görə ona təzyiqlər göstərir, hər dəfə onunla dalaşıb, onu təhqir edir, hətta onu vurmaq istəmişdir. Onun əri rəhmətə gedəndən sonra miras ona qalmışdır. O, kimə istəsə əmlakını verə bilər. O, əri ilə birlikdə neçə illər bir yerdə çalışmış, ərindən sonra miras ona məxsusdur. O, hər üç övladına mənzil alıb vermişdir. Ramin onun aldığı mənzili satmışdır. Ona 2015-ci ildən qızı Nərminə baxır. Qızına bağışladığı evdə Ramin gənclik illərində yaşamış, evlənəndən sonra Ramin ona alınmış 9-cu mikrorayonda yeni binanın 17-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzildə yaşamışdır. Ramini o, sexini, qızıllarını satıb saxlamışdır. O, hələ ölməmişdir ki, Ramin onun mirasını bölsün. Keçən ilin dekabr ayının 25-də Ramin onu yaşadığı mənzildən çölə atmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 670.2. Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. Maddə 670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1197. Məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş FM seriyalı N 022286 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 6-cı Masazır küçəsi 5 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüquqları 04 saylı reyestr kitabında 538 səhifədə 30/17317 saylı qeydə alma nömrəsi ilə qeydə alınmışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş FM seriyalı N 033857 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 6-cı Masazır küçəsi 5 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüquqları 04 saylı reyestr kitabında 538 səhifədə 30/3250 saylı qeydə alma nömrəsi ilə qeydə alınmışdır. Hədiyyə verən Cavabdeh1 ilə hədiyyə alan Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu E.A. İmanlı tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsindən müəyyən olunur ki, hədiyyə verən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Cümşüdov (6-cı Masazır) küçəsi 5 saylı fərdi yaşayış evinin özünə məxsus hissəsini hədiyyə alana bağışlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu E.A.İmanlı tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən hədiyyə verən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Cümşüdov (6-cı Masazır) küçəsi 5 saylı fərdi yaşayış evinin özünə məxsus hissəsini hədiyyə alana bağışlamışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər anası - Cavabdeh1 və bacısı - Cavabdeh2 arasında Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Cümşüdov (6-cı Masazır) küçəsi 5 saylı fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin, gələcəkdə həmin əmlakın mirasa daxil olacağı halda onun məcburi payının arta biləcəyi ehtimalı ilə etibarsız əqd hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı cavabdehlər arasında bağlanmış əqdin mükli qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış etibarlı əqd olması öz təsdiqini tapdığından, qanun üzrə vərəsələrin məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları onların əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət etdiyindən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirildiyindən, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biri olduğu üçün bu hüquqların məhdudlaşdırılması, yalnız qanunvericilik qaydasında mümkün olmaqla belə məhdudlaşdırmanın digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməli olduğundan, məcburi paya hüququ olan şəxsin, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə, məcburi payın hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına tamamlanmasını tələb etmək hüququ olduğundan iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Belə ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova