Məhkəmə qərarları › İş №2(001)-4540/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-4540/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4540/2020 05.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC ilə X6 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli AL-1147 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən iddiaçının mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı, AZ**-JD-*** qeydiyyat nişanlı, XWB5V319VEA598263 ban, 0603 mühərrik nömrəli, ağ rəngli avtomobil X2 müvəqqəti istifadəsinə verilmişdir. xx xxxxxxxx 2015-ci il tarixdə X6, X5 və İddiaçı MMC arasında AL-1147(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2015-ci il tarixli müqavilə üzrə bütün öhdəlikləri X5 öz üzərinə götürmüşdür. xx xxxxxxxx 2015-ci il tarixdə X5, X4 və İddiaçı MMC arasında AL-1147(2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2015-ci il tarixli müqavilə üzrə bütün öhdəlikləri X4 öz üzərinə götürmüşdür. xx xxxxxxx 2015-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında AL-1147(3) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2015-ci il tarixli müqavilə üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 17 faiz hesablanmaqla 58 ay müddətə hər ay 408,98 manat, ümumilikdə 23720,55 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş həmin avtomobili xx xxxx 2016-cı il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş, serviz mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 4591 manat ziyan dəymişdir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, Cavabdeh iddiaçıya 553,22 manat əsas, 457,97 manat mükafat borcu, 202,72 manat cərimə borcu yaranmışdır. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə borcun, 4591 manat maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh xx xxxx 2015-cİ il tarixli, AL-1147 nömrəli lizinq müqaviləsi və AL-1147(3) saylı “öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdükləri öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 553,22 manat məbləğində əsas borca tənasübsüz olaraq 202,72 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 202,72 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 40 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borc 553,22 manat, mükafat 457,97 manat, cərimə borcu kimi 40 manat, habelə avtomobilə dəymiş zərər kimi 4591 manat olmaqla ümumilikdə 5642,19 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 29 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 553,22 manat, mükafat 457,97 manat, cərimə borcu kimi 40 manat, habelə avtomobilə dəymiş zərər kimi 4591 manat olmaqla ümumilikdə 5642,19 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 28 manat Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar