Məhkəmə qərarları › İş №2(001)-4563/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4563/2025

25.06.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4563/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X7 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Maraqlı şəxs ilə münasibətləri pozulduğuna görə aralarında uşaqlarla görüş hüququnun təmin olunması barədə “Barışıq Sazişi” bağlanmışdır. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir. Belə ki, maraqlı şəxs uşaqları gizlətməklə ərizəçinin hüquqlarını kobud surətdə pozur. Artıq uzun müddətdir ki, uşaqları ilə nə o, nə də ki, onların nənəsi olan anası görüşmür, həmçinin telefon əlaqəsi yarada bilmir. Buna görə də, barışıq sazişinin təsdiq olunması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. MŞQ/MT035-2023-349 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsiq olunması, ərizəçinin və anasının xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə və bazar günləri, həmçinin istirahət günləri daxil olmaqla görüşmək və telefonla əlaqə saxlanılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin iştirakını təmin etməmiş) və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, maraqlı şəxsin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, ərizə təmin edilməməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli, MŞQ/MT035-2023-349 saylı Barışıq sazişindən göründüyü kimi, həmin saziş mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və həmin sazişdə aşağıdakılar göstərilmişdir: “ ...1) İkinci tərəf qeyd edir ki, birinci tərəf uşaqların mədəni inkişafına, sağlamlığına, təhsilinə ziyan vurmadan hər həftənin şənbə və bazar günləri, həmçinin istirahət günləri daxil olmaqla övladları ilə görüşə və vaxt keçirə bilər...” Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 oktyabr tarixli Qərarının tətbiqi ilə bağlı həyata keçirilmiş məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, - məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar. - Məhkəmələr nəzərə almalıdır ki, ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir. - Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər. Məhkəmənin mövqeyi Beləliklə, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞQ/MT035-2023-349 saylı Barışıq sazişinə əsasən maraqlı şəxs tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 mədəni inkişafına, sağlamlığına, təhsilinə ziyan vurmadan hər həftənin şənbə və bazar günləri, həmçinin istirahət günləri daxil olmaqla övladları ilə görüşə və vaxt keçirə bilməsini öhdəsinə götürmüş, lakin bağlanmış mediasiya sazişində valideynlə uşaqların görüş saatları, qaydası, günləri qeyri-müəyyən göstərilmiş və göstərilən məzmunda sazişin təsdiqi gələcəkdə məhkəmə qərarının da icrasını mümkünsüz edə bilər. O cümlədən barışıq sazişi tərtib olunarkən, yetkinlik yaşına çatmayan uşaqların təhsil və asudə vaxt vərdişləri, gündəlik qida və yuxu rejimi, vərdiş və psixoloji vəziyyəti, sağlamlıq və fiziki imkanlarını, valideynin olduğu yerin uzaqlığını, atanın yaşayış şəraitinin imkanları nəzərə alınmamışdır. Məhkəmə iclasındakı izahatında ərizəçi uşaqların Qəbələ rayonunda yaşamaqla təhsil almalarını, özünün isə Bakı şəhərində yaşadığını və işlədiyini, həftədə yalnız bir gün ora getmək imkanının olmasını bildirir. Həmçinin maraqlı şəxsə nə vaxt zəng edib əlaqə saxlamaq istəsə onun zənglərinə cavab verilmir, nəticədə yaranan bu qeri-dəqiqiliyə görə də uşaqları ilə görüşə bilmir. Məhkəmə qeyd olunanları nəzərdən keçirib belə qənaətə gəlir ki, hazırki “qeyri-müəyyən” məzmunlu mediasiya sessiyasında bağlanmış barışıq sazişinin təsdiqindən imtina edilməli, ərizə təmin olunmadığından da məhkəmə xərcəri ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Nəticə hissəsi QƏT ETDİ: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞQ/MT035-2023- 349 saylı “) İkinci tərəf qeyd edir ki, birinci tərəf uşaqların mədəni inkişafına, sağlamlığına, təhsilinə ziyan vurmadan hər həftənin şənbə və bazar günləri, həmçinin istirahət günləri daxil olmaqla övladları ilə görüşə və vaxt keçirə bilər” məzmunlu barışıq sazişinin təsdiqindən imtina edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar