Məhkəmə qərarları › İş №2(001)-4608/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4608/2020

13.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4608/2020 13.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx xxxx 2020-ci il tarixdə, 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən tərtib edilmiş, reyestrdə 3M-264 nömrəli qeydlə rəsmiləşdirilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq, bildirmişdir ki, o, sürücüsü olduğu cəmiyyətdən qənnadı məmulatları götürməmiş, götürsə də çox cuzi dəyərdə məmulat götürmüş, belə bir əməl olmuşdursa bu əməli onunla bir yerdə işləyən və çatdırma ilə məşğul olan Hüseyn Əliyev törətmişdir. Lakin buna baxmayaraq, onu kredit müqaviləsi bağlamağa məcbur etmişdilər. O, da savadsız olduğundan bu müqaviləni imzalamışdır. Müqavilə bağlandıqdan sonra ona verilmiş 3.000 manat pul ondan alınmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, “xxxx” MMC-nin hüquqşanı vəzifəsində çalışır. İddiaçı isə həmin cəmiyyətdə sürücüdür və qənnadı məmulatlarının daşınmasını təmin edir. Araşdırma zamanı iddiaçı tərəfindən həmin məmulatların icazəsiz və gizli şəkildə götürüldüyü müəyyən edilmiş və bunun nəticəsi olaraq, onunla və bu məlumatları onunla birlikdə daşıyan Əliyev Hüseyn adlı şəxslə söhbət aparılmış, həmçinin, hadisə ilə bağlı polisə müraciət edilmişdir. Nəticədə iddiaçı bu məmulatları götürdüyünü və öz ehtiyaclarına sərf etdiyini etiraf etmiş, əməlindən peşman olduğunu, vurulmuş zərərin əvəzini ödəməyə hazır olduğunu bildirmişdir. Eyni zamanda, mübahisəni məhkəmədən kənar qaydada razılaşma yolu ilə həll edilməsi xahişi ilə iddiaçının tanışı olan bir şəxs də onlara müraciət etmişdir. Onlar da həm xahişi, həm də iddiaçının etirafını və tutduğu əməldən peşman olmasını nəzərə alıb, onunla razılaşmışlar və iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquq mühafizə orqanlarına müraciət etməmişlər. Vurulmuş zərər məbləği hesablanmış və bu zaman da iddiaçıya güzəşt edilmiş və nəticədə iddiaçıya 3.000 manat zərər məbləğinin ödənilməli olması bildirmişdir. Həmin məbləği o, aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən notariat kontorunda iddiaçıya vermişdir. Bundan sonra iddiaçı ilə birlikdə cəmiyyətin ofisinə getmiş və iddiaçı həmin məbləği cəmiyyətin kassasına mədaxil etmişdir. İddiaçıya hər hansı güc tətbiq edilməmiş və iddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 5 saylı Bakı “ASAN” xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixədək 3.000 manat məbləğində pulu borc qismində almış və həmin məbləğin 1.500 manat hissəsinin xx.xx.2020-ci il tarixədək, 1.500 manat hissəsini isə xx.xx.2020-ci il tarixədək qaytarmağı barədə öhdəlik götürmüşdür. Həmin müqavilə üzrə hər hansı məbləğdə pul ödənilməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, qeyd edilən kredit müqaviləsini təzyiq altında və onun savadsızlığından istifadə edilməklə, həqiqətdə törətmədiyi bir əməlin nəticəsi olaraq, yəni cəmiyyətə vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə bağlandığını iddia edir və kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının sürücü işlədiyi “xxxx” MMC-nin hüquqşünası olduğunu, iddiaçı tərəfindən cəmiyyətə məxsus qənnadı məmulatlarının mənimsənildiyini və nəticədə cəmiyyətə maddi ziyan vurulduğunu, lakin iddiaçının və onun tərəfindən bu işə cəlb edilmiş bir şəxsin xahişləri, habelə iddiaçının səmimi peşmançılığı və vurulmuş zərərin əvəzinin ödənilməsi istəyi nəticəsində onun barəsində tədbir görülmədiyini və nəticədə ona 3.000 manat pul verilməklə onunla bu halı təsdiq edən kredit müqaviləsinin imzalandığını, həmin pulu da qəbul etdikdən sonra iddiaçının onunla bir cəmiyyətə getdiyini və bu məbləğin cəmiyyətin kassasına mədaxil etdiyini bildirir. İddiaçı cəmiyyətin direktoru Rəşad Əliyeva ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədə cəmiyyətin anbarından şəbəkələrə çatdırılması məqsədi ilə təhvil aldığı qənnadı məmulatlarından bəzi miqdarda götürdüyünü və öz ehtiyaclarına sərf etdiyini, tutduğu əməldən çox peşman olduğunu, xəcalət çəkdiyini, vurulan maddi zərəri ödəməyə hazır olduğunu bildirmiş və bunun üçün ona vaxt verilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə “xxxx” MMC-yə 3.000 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin bağlanmasına həm məcbur edildiyini (hədə qorxu və təqid altında), həm də aldadıldığını, müqavilə üzrə ona verilmiş 3.000 manat pulun müqavilə bağlandıqdan sonra ondan alındığını bildirir. Lakin bu halları sübuta yetirə bilmir. Eyni zamanda, bu müqavilənin onun işlədiyi cəmiyyətə vurulmuş ziyanın əvəzinin ödənilməsinin təmin edilməsi məqsədi ilə bağlandığını, halbuki həqiqətdə cəmiyyətə hər hansı maddi zərər vurmadığını (daşıdığı qənnadı məmulatlarından götürmədiyini) bildirir. Lakin bu halları da sübuta yetirə bilmir. Əksinə ilk olaraq, cəmiyyətdən hər hansı qənnadı məmulatını götürmədiyini, sonradan isə artıq cavabdeh məhkəmə iclasında iştirak edən zaman çox cuzi dəyərdə məmulat götürdüyünü etiraf etmişdir. Cəmiyyətin direktorunun adına yazılmış ərizədə isə cəmiyyətin anbarından şəbəkələrə çatdırılması məqsədi ilə götürdüyü qənnadı məmulatlarından bəzi miqdarda götürdüyünü və öz ehtiyaclarına sərf etdiyini, tutduğu əməldən çox peşman olduğunu, xəcalət çəkdiyini, vurulan maddi zərəri ödəməyə hazır olduğunu bildirmiş və bunun üçün ona vaxt verilməsini xahiş edir. Həmçinin, cavabdehin təqdim etdiyi “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə “xxxx” MMC-nin kassasına 3.000 manat məbləğində pul mədaxil etmişdir. Başqa sözlə, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya verilmiş məbləğ, sonradan onun tərəfindən “xxxx” MMC-yə vurulmuş zərərin əvəzi olaraq, həmin cəmiyyətə ödənilmişdir. Bununla belə, məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, o cümlədən tərəflər arasında olan münasibətlərin xarakterini, iddiaçının ziddiyyətli izahatlarını, izahatları ilə hərəkətləri arasında olan uyğunsuzluğu təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, tərəflər arasında məhz onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən cavabdeh iddiaçıya, onun tərəfindən sürücü vəzifəsində işlədiyi cəmiyyətə vurduğu maddi zərərin əvəzini ödəmək məqsədi ilə həqiqətən də 3.000 manat (notarial qaydada təsdiq olunmuş əqd) məbləğində pul vermişdir. İddiaçı da həmin məbləği cavabdehdən qəbul etmiş və sonradan cəmiyyətə vurduğu zərərin əvəzi olaraq, cəmiyyətə ödəmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar