Məhkəmə qərarları › İş №2(001)-4614/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4614/2020

19.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4614/2020 19.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7, İddiaçı və onun nümayəndəsi və vəkili X4, Cavabdeh1, Cavabdeh Bəşirova (Muradova) Şəlalə Sabir qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bəşirova (Muradova) Şəlalə Sabir qızına qarşı (“xxxxxxx” MMC və X10 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “podrat müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Bəşirova (Muradova) Şəlalə Sabir qızı arasında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 4 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair faktiki alğı-satqının qanunsuz hesab edilməsi, “xxxxxxx” MMC-nin direktoru X2 tərəfindən cavabdeh Bəşirova (Muradova) Şəlalə Sabir qızı üçün tərtib edilmiş qiymətləndirmə cədvəlinin etibarsız hesab edilməsi, cavabdeh Bəşirova (Muradova) Şəlalə Sabir qızının ona məxsus fərdi yaşayış evindən çıxarılması və onun yetkinlik yaşına çatmayan qızı X3 ilə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Bəşirova (Muradova) Şəlalə Sabir qızı arasında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədn, korpus 4 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx xxxx 2019-cu il tarixli podrat müqaviləsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X11 iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianı təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı onun anasıdır və onun tərəfində mübahisələndirilən fərdi yaşayış evi iddiaçını deyil, ona məxsus olmuşdur. O, da cavabdeh Bəşirova (Muradova) Şəlalə Sabir qızı ilə aralarında əldə edilmiş razılığa əsasən həmin evi 26.000 manat məbləğində pul müqabilində Bəşirova (Muradova) Şəlalə Sabir qızına təhvil vermiş, özü isə ailəsi ilə birlikdə həmin evi tərk etmişdir. İddiaçı həmin evdə heç vaxt yaşamamış, həmin evdə o, ailəsi ilə birlikdə yaşamış, ev onun istifadə və sahibliyində olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bəşirova (Muradova) Şəlalə Sabir qızı iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, ev almaq qərarına gəlmişdir. Bununla bağlı, onlar münasib şəraitə və qiymətə ev axtarmışlar və nəticədə həmin vaxt satılan Cavabdeh1 evini bəyənmişdilər. Lakin qeyd edilən ev mülkiyyət kimi qeydiyyata alınmadığından onun alğı-satqısını həyata keçirə bilməmişdilər. Bu səbəbdən notariat kontorunun tövsiyəsi ilə aralarında podrat müqaviləsi bağlanmış və bundan sonra o, Cavabdeh1 26.000 manat məbləğində pul ödəyərək, ailəsi ilə birlikdə həmin evə köçmüşdür. İddiaçını tanımır, mübahisəli evin iddiaçıya məxsus olması barədə hər hansı məlumatı olmamışdır. Evə baxmağa gələndə həmin evdə Cavabdeh1 yaşadığını, evin onun istifadə və sahibliyində olduğunu görmüşdür. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxxxxx” MMC-nin nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh X5 müraciətinə əsasən mübahisəli yaşayış sahəsinin qiymətləndirilməsini həyata keçirmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxs X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı cavabdeh Bəşirova (Muradova) Şəlalə Sabir qızı tərəfindən təmin edilmiş, şahid X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, evlərin alğısatqısı ilə məşğul olur. Bir müddət əvvəl Cavabdeh1 ona müraciət edərək, Sumqayıt şəhərində ev aldığını, həmin ev üçün beh ödədiyini, bu səbəbdən evini təcili satdığını bildirmiş və bu məsələdə ona köməklik etməyi xahiş etmişdir. O, da bu məsələ ilə məşğul olmuş və nəticədə evin X1 köməklik etmişdir. Lakin bundan sonra İddiaçı nümayəndəsi və vəkili X11 məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdehlərin mülki işə iştirakı olmadan mahiyyəti üzrə baxılması tələbini ifadə edən ərizəsi, vəsatəti və sair sənədlər məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 03 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının MPM-in 170-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsini geri götürə bilər. MPM-in 170-ci və 259.0.11-cı maddələrinin əlaqəli izahına görə bu əsasla ərizənin baxılmamış saxlanılması ərizə icraata qəbul ediləndən sonra işə mahiyyəti üzrə baxılana kimi mümkündür. iddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğun olsa da cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməyə haqlıdır. İddia ərizəsinin qaytarılması barədə ərizə verilsə də cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdikdə ərizə baxılmamış saxlanıla bilməz və mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması barədə iddiaçının ərizəsi hələ özü-özlüyündə həmin iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olmur. Bu halda iddia ərizəsinin baxılmamış saxlanılması cavabdehin ona münasibətindən asılıdır. Belə ki, yalnız cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi onun davranışının passiv formasıdır və mülki işin materiallarında onun belə tələbinin olduğunu təsdiq edən sübutun (işə mahiyyətcə baxılması tələbini ifadə edən ərizənin, vəsatətin, məhkəmə iclası protokoluna imzasının və s.) olmaması vəziyyəti cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirmək üçün kifayətdir. Beləliklə, məhkəmə, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətini, habelə cavabdehlərin mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bəşirova (Muradova) Şəlalə Sabir qızına qarşı (“xxxxxxx” MMC və X10 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “podrat müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar