Məhkəmə qərarları › İş №2(105)-346/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-346/2025

04.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-346/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil3, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-59/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-59/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli). Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və “X8”ə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 58,7 kv.m olan 08 saylı mənzilinə dair «X8» ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, mənzil tikintisi haqqında 0143 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, onun həmin mənzilə köçürülməsi, mənzilin tam boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, «X8»in rəhbəri X11 ilə xx.xx.2021-ci il tarixdə mənzil tikintisi haqqında 0129 saylı müqavilə bağlayaraq Abşeron rayonu, Masazır kəndində 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 1 otaqdan ibarət, ümumi sahəsi 58,7 kv.m olan 08 saylı mənzili 38.155 manat məbləğində pay dəyərini ödəyərək almışdır. xx.xx.2021-ci il tarixdə ona həmin pulun ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Həmin bina təhvil verilmədiyi üçün orada yaşayış olmamışdır. Təxminən bir il sonra aldığı mənzilə gəlib baxanda orada yaşayış olmasını görmüşdür. Lakin həmin vaxt mənzilin qapısı bağlı olduğundan orada yaşayanların kim olmasını müəyyən edə bilməmişdir. Bununla bağlı o, yaşayış kompelksinin rəhbərliyinə müraciət etmişdir. Akim Rəcəbovun atası Tofiq adlı şəxs ona demişdir ki, mənzilə görə ödədiyi pulu ona 1 ay müddətində qaytaracaqdır. O da razılşıb getmişdir. Lakin həmin müddət keçməsinə baxmayaraq kompleks tərəfindən ona ödədiyi pul geri qaytarılmamışdır. xx.xx.2022-ci il tarixdə o, həyat yoldaşı, qaynata və qaynanası ilə həmin mənzilə gəlmiş və həmin vaxt orada bir nəfərin kirayədə yaşadığını müəyyən etmişdir. Evi onlara Şəmsi adlı şəxsin kirayə verdiyini bilmişdir. O, həmin Şəmsi adlı şəxslə telefonla əlaqə saxlayaraq onu oraya dəvət etmişdir. Şəmsi ona demişdir ki, mənzili Kompleksdən almışdır və onun həmin mənzilə dair sənədləri vardır. Şəmsi orada ona heç bir sənəd təqdim etməmiş və onların oradan çıxıb getməsini tələb etmiş, sonra isə polisə şikayət etmişdir. Bununla bağlı polisdə araşdırma aparılmışdır. Orada ona məlum olmuşdur ki, «X8» ona satdığı mənzili xx.xx.2021-ci il tarixdə Cavabdeh1 da satmışdır. Odur ki, həmin müqavilə etibarsız hesab edilməli, Cavabdeh1 mənzildən çıxarılmalı və o, həmin mənzilə köçürülməlidir. Belə ki, həmin mənzillə bağlı ilk dəfə onunla müqavilə bağlanmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizə ilə müraciət edərək, cavabdeh “X8”in əsl cavabdeh Rəcəbov (hazırda Tofiqzadə) Akim Tofik oğlu ilə əvəz olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Məhkəmə iddianı təmin etməməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi, mübahisəli 08 saylı mənzillə bağlı iddiaçı ilə X11 arasında xx.xx.2021-ci il tarixli, cavabdehlər X11 ilə Cavabdeh1 arasında isə xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Hər iki şəxsə mübahisəli mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, lakin əmlakın dəyərinin Kompleksin hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa-mədaxil orderi mövcud deyildir. Həmçinin həmin daşınmaz əmlakla bağlı nə İddiaçı, nə də Cavabdeh1 mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bununla belə, mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi və hazırda faktiki istifadəsində və sahibliyində olması işin mübahisəsiz halıdır. Bu faktı iddiaçı və digər cavabdeh də öz izahatlarında təsdiqləmişlər. Həmçinin məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə tərəflərin iştirakı ilə mübahisəli mənzilə baxış keçiriləndə də mənzilin tam təmirli, yaşayışa yararlı olması, həmin mənzildə Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşaması müəyyən olunmuşdur... Məhkəmə hesab edir ki, mübahisəli mənzil Cavabdeh1 təhvil verildiyindən və o, mənzili təmir edib 2 ildən artıq müddət ərzində orada ailə üzvləri ilə birlikdə yaşadığından, həmin müddətdə onun mənzilə sahiblik və istifadə hüquqları heç kəs tərəfindən mübahisələndirilmədiyindən, habelə Kompleks tərəfindən də buna heç bir etiraz olunmadığından sözügedən mənzil barəsində Cavabdeh1 İddiaçı nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab edilə bilməz... Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin bir sıra normalarına, o cümlədən 452.1-ci maddəsinə istinad etmişdir. Həmin maddədə isə deyilir ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir... Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-59/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə tikiləcək çoxmənzilli evin 8 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlayaraq həmin mənzilin dəyərini tam ödəmişdir. Ondan bir neçə ay sonra cavabdeh digər Cavabdeh1 ilə də həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlamışdır. O, bundan xəbər tutandan sonra cavabdehlər arasında bağlanmış əqdin etibarsız hesab edilməsi və mənzildən çıxarılma iddiası ilə məhkəməyə müraciət etmişdir. Onun müqaviləsinin əvvəl, Cavabdeh1 müqaviləsinin sonra bağlanması və mənzilin dəyərini də onun əvvəl ödəməsi məhkəmə zamanı təsdiq edilsə də, məhkəmə onun iddiasının rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, qətnamə qanunsuzdur, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri barədə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq etdiyi maddi hüquq normalarının tələb və məzmunlarına zidd nəticəyə gələrək onları düzgün təfsir və izah etməmiş, nəticədə onun mülkiyyət hüququnu pozan qətnamə qəbul etmişdir ki, bu halda həmin qətnamə ləğv edilməlidir... Qeyd etdiyi kimi, onunla mənzil tikən Cavabdeh2 arasında mənzilin alqı-satqısına dair müqavilə imzalanmış, mənzilin dəyəri tam ödənmişdir. Belə olan halda cavabdeh mənzili ona təhvil və mülkiyyətinə vermək öhdəliyi daşıyır, həmin andan bu mənzilin mülkiyyət hüquqları ona keçmişdir. Buna baxmayaraq, cavabdeh qanunsuz olaraq artıq ona məxsus mənzilə dair digər cavabdehlə alqı-satqı müqaviləsi bağlamış və mənizli sonuncuya vermişdir. Bu halda həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Çünki Cavabdeh2 hüquqi cəhətdən artıq onun (iddiaçının) mülkiyyəti olan mənzilə dair sərəncam vermiş və o mənzilə dair digər şəxslə müqavilə imzalamışdır... Lakin, bu faktlar məhkəmə zamanı təsdiq edilməsinə baxmayaraq, məhkəmə guya onun tərəfindən əqdin etibarsızlığı barədə hər hansı bir sübut və dəlil təqdim edilmədiyini əsas gətirərək iddiasını rədd etmişdir ki, bu halda məhkəmənin gəldiyi nəticə və qəbul etdiyi qətnamə qanunsuz hesab edilməlidir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər... KM-nin bu Qərarındakı hüquqi mövqeyə uyğun olaraq o, çoxmənzilli binada öz payı olan 8 saylı mənzilin dəyərini cavabdehə tam ödədiyi andan həmin mənzilə mülkiyyət hüququ qazanmışdır. Belə olan təqdirdə artıq həmin paya dair hər hansı bir hüququ olmayan Cavabdeh2 digər cavabdehlə həmin mənzilə dair hər hansı bir müqavilə bağlamaq, yəni o mənzilə dair sərəncam vermək hüququ olmamışdır. Məhkəmə isə bu halı nəzərə almadan qətnamə qəbul etmişdir ki, belə qətnaməni qanuni və əsaslı hesab etmək olmaz... Məhkəmə öz qətnaməsində iddianı rədd edərkən həm də o faktı əsas gətirmişdir ki, hər iki tərəf mənzilə dair hüquqlarını qeydə aldırmamışlar. Bu dəlil də əsassızdır. Belə ki, yuxarıda istinad edilən KM-nin Qərarının məzmununa görə, mənzilin tam dəyəri ödəndiyi andan bu mənzil onun (iddiaçının) mülkiyyəti sayılır, bu hüququn qeydə alınmaması mənzilə dair sahiblik və istifadə kimi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və iddiasının təmin olunmasını tələb etmək hüququnu istisna etmir, hüquqların qeydə alınmaması yalnız həmin əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Məhkəmənin bu hüquq normasını düzgün başa düşməməsi sonda səhv qətnamə çıxarılması ilə nəticələnmişdir... Bundan başqa, məhkəmə qətnamədə göstərmişdir ki, mübahisəli mənzil Cavabdeh1 tərəfindən istifadə edildiyindən və ona təhvil verildiyindən (2 ildən artıq müddət ərzində orada yaşadığından), Kompleks tərəfindən buna heç bir etiraz olunmadığından həmin mənzil barəsində Cavabdeh1 İddiaçı nisbətən üstünlük hüququ əldə etmişdir. Məhkəmənin gəldiyi bu nəıticə həm maddi hüquq normalarının, həm də prosesual normaların kobud pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə düzgün başa düşməmişdir ki, əmlaka hüquq kimin həmin əmlaka daha tez faktiki yiyələnməsi və istifadə etməsi ilə deyil, hüquqverici sənədlərə əsasən kimin hüququnun daha əvvəl yaranması ilə müəyyən edilir. Əmlaka qanunsuz yiyələnmiş şəxsin həmin əmlakdan bir neçə il istifadə etməsi mülkiyyətçinin hüquqlarını pozaraq həmin əmlakı o şəxsdə saxlamağa əsas vermir. Bu hüquqi prinsipləri düzgün başa düşməyən məhkəmə əmlakı qanunsuz müqavilə ilə ələ keçirmiş şəxsin həmin əmlakdan 2 il istifadə etməsini əsas gətirərək mülkiyyətçinin öz mülkiyyətini tələb etmək hüququnu pozan bir qətnamə qəbul etmişdir... Bundan başqa, AR Konstitusiya Məhkəməsinin “M.Hüseynovun şikayəti üzrə” xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla cavabdeh "xxxx" MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmış olsa da, fərdi müəyyən əşya olan mənzil sonradan cavabdeh "xxxx" MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında sonuncuya təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin cavabdeh "xxxx" MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir... İstinad edilən Qərarın məzmunundan görünür ki, həmin hal məhz bu işdə olan halla eynilik təşkil edir və KM-nin hüquqi mövqeyinə görə mənzili bir şəxsə satdıqdan sonra MTK-nın həmin mənzilə dair hüquqlarına xitam verilir, həmin mənzilə dair bütün hüquqlar alıcıya keçir və bundan sonra MTK-nın müvafiq mənzillə bağlı hər hansı bir kənar şəxslə müqavilə bağlaması həmin müqaviləni etibarsız edir. KM-nin belə bir hüquqi mövqeyinin mövcud olmasına baxmayaraq, məhkəmənin onun iddiasını rədd etməsi tam qanun pozuntusudur... O, mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün ilkin müqavilənin onun adına imzalanmasını, onun digər Cavabdeh1 öncə müqavilə bağlamasını və mənzilin tam dəyərini ödədiyini irəli sürərək cavabdehlər arasında bağlanmış müqavilənin hüquqi və faktiki olaraq artıq onun mülkiyyəti olan mənzil barəsində bağlanmasını, Cavabdeh2 bu əqdi bağlamağa hüququ olmadığını bildirməklə əqdin etibarsızlığını tam sübuta yetirmişdir. Lakin məhkəmə belə bir səhv nəticəyə gəlmişdir ki, guya o, əqdin etibarsızlığı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bununla məhkəmə işin müəyyən olunmuş halalrına zidd nəticəyə gəlmiş, tətbiq edilməli normanı düzgün tətbiq etməmişdir. Onunla Cavabdeh2 arasında podrat (alqı-satqı) müqaviləsindən irəli gələn münasibətlərin yaranması, onun tərəfindən cavabdehə mənzilin dəyərinin tam ödənilməsi, sonuncunun isə həmin mənzilə dair digər şəxslə müqavilə bağlaması təsdiq edildiyi halda, yəni əqdi etibarsız hesab etmək üçün bütün şərtlərin mövcud olmasına baxmayaraq, məhkəmə tətbiq edilməli olan maddi normaları tətbiq etməmiş, qanunsuz və əsassız olaraq iddiasını rədd etmişdir... Göstərilənlərə əsasən Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)- 59/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, mübahisəli mənzil ona təhvil verilməsə də, lakin ilkin müqavilə onunla bağlanmışdır. O, mənzilə görə pul ödənişi etməmiş, mənzilin dəyərində beton vermişdir. Betonu tikintiyə tanışı Nurəli Hüseynov vasitəsilə göndərmişdir. Çünki, mənzilin dəyərinin betonla ödənilməsi barədə razılaşma Nurəli Hüseynov ilə Cavabdeh2 arasında olmuşdur. Göndərdiyi betonun Nurəli tərəfindən Akimə təhvil verilib-verilməməsini bilməmişdir. Lakin betona görə Akimlə Nurəli arasında narazılıq yaranmışdır. Nəticədə hər ikisi onu aldatmışlar, ona nə mənzil, nə də betonun pulu verilməmişdir. Hazırda müqavilə üzrə ona satılmış mənzili tələb edir, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil3 da apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişdir. İzahatında qeyd etmişdir ki, o, müəllim işləyir və çətinliklə ailəsini 1 otaqlı mənzillə təmin edə bilmişdir. Mənzilə görə 13.000 manat ilkin ödəniş edəndən sonra qalan pulunu hissə-hissə ödəmiş və 2024-cü ilin ortalarında ödənişi başa çatdırmışdır. Mənzil tikintisi müqaviləsini xx.xx.2021-ci il tarixdə bağlamış, həmin vaxt mənzil, giriş qapısının açarları təqdim edilməklə, ona təhvil verilmiş, mənzildə imkanına uyğun təmir aparmış və 3 ilə yaxın müddətdir ki, ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Mənzilin su, qaz və işıq sayğacları onun adınadır, istifadə haqlarını və kommunal xərcləri özü ödəyir. İndi mənzilə görə mübahisənin ortaya çıxması onu narahat edir. Mənzilin mübahisəli olduğunu bilsəydi, heç vaxt almağa razılaşmazdı. Hesab edir ki, ona qarşı irəli sürülmüş iddia əsassızdır və onun iddiaçı qarşısında heç bir təqsiri, yaxud məsuliyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-59/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin materiallarında olan “X7”nin rəhbəri X11 (“İcraçı”) ilə İddiaçı (“Payçı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0129 nömrəli “Mənzil tikintisi haqqında müqavilə”nin surətindən görünür ki, “İcraçı” Abşeron rayonu, Masazır kəndində yerləşən 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbə, 08 nömrəli mənzilini izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 58.7 kv.m-dir. Mənzilin 1 kv.m sahəsinin qiyməti 650 manat olmaqla, mənzilin ümumi dəyəri 38155 manatdır. İşdə olan xx.xx.2021-ci il tarixli 617 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən çoxmərtəbəli yaşayış binası X9 məxsusdur. Bu binanın 1-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 58.7 m2 olan, 1 otaqlı, 08 saylı mənzilinin pay dəyərindən 38155 (otuz səkkiz min bir yüz əlli beş) manat payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq borcu yoxdur. İşdə olan “X7”nin rəhbəri X11 (“İcraçı”) ilə Cavabdeh1 (“Payçı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0143 nömrəli “Mənzil tikintisi haqqında müqavilə”dən görünür ki, “İcraçı” Abşeron rayonu, Masazır kəndində yerləşən 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbə, 08 nömrəli mənzilini izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 58.7 kv.m-dir. Mənzilin 1 kv.m sahəsinin qiyməti 700 manatdır. Mənzilin ümumi dəyəri 41090 manat təşkil edir. Payçı ilkin olaraq 13000 manat məbləğində avans ödəyir. İşdə olan xx.xx.2024-cü il tarixli 2732 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən çoxmərtəbəli yaşayış binası X9 məxsusdur. Bu binanın 1-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 58.7 m2 olan, 1 otaqlı, 08 saylı mənzilinin pay dəyərindən 2600 (iki min altı yüz) manat payçı Cavabdeh1 tərəfindən ödənilmişdir. Qalıq borcu yoxdur. İş materiallarında olan “X7”nin rəhbəri X11 (“İcraçı”) ilə X6 (“Payçı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0128 nömrəli “Mənzil tikintisi haqqında müqavilə”nin surətindən görünür ki, “İcraçı” Abşeron rayonu, Masazır kəndində yerləşən 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbə, 08 nömrəli mənzilini izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 58.7 kv.m-dir. Mənzilin 1 kv.m sahəsinin qiyməti 650 manat olmaqla, mənzilin ümumi dəyəri 38155 manatdır... Müqavilənin 3.4-cü bəndində həmçinin qeyd olunmuşdur ki, “Payçı” 38155 manat məbləğdə pulu hər 1 tonu 8.50 manat olmaqla 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək 2 ay müddətində ödəyir (yəni ödəməyi öhdəsinə götürür). İşdə olan xx.xx.2021-ci il tarixli 616 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən çoxmərtəbəli yaşayış binası X9 məxsusdur. Bu binanın 1-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 58.7 m2 olan, 1 otaqlı, 08 saylı mənzilinin pay dəyərindən 38155 (otuz səkkiz min bir yüz əlli beş) manat payçı X6 tərəfindən ödənilmişdir. Qalıq borcu yoxdur. Xüsusi qeyd: “Payçı” 38155 manat məbləğdə pulu hər 1 tonu 8.50 manat olmaqla 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək 2 ay müddətində ödəyir (yəni ödəməyi öhdəsinə götürür). İşdə olan “X7”nin rəhbərinə X6 tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ərizəçi xx.xx.2021-ci il tarixli 0128 nömrəli müqaviləyə əsasən aldığı 58.7 kv.mlik, 08 nömrəli 1 otaqlı mənzilin İddiaçı adına keçirilməsini və yenidən müqavilə bağlanmasını xahiş edir. İşdə olan xx.xx.2021-ci il tarixli 011 nömrəli bildirişdən görünür ki, həmin bildiriş “X7”nin rəhbəri Akim Rəcəbov tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanmışdır. Bildirişdə göstərilir ki, ona (İddiaçı) X3 mənzil verilməsi haqqında bağlanmış müqavilə, X6 tərəfindən öhdəlikləri yerinə yetirilmədiyi üçün sonuncunun ərizəsi əsasında, ləğv edilmişdir. Odur ki, ona (İddiaçı) X7 tərəfindən verilən mənzil qısa zamanda satışa çıxarılacaq. Əgər o (İddiaçı), həmin mənzili əldə etmək istəyirsə, qısa zamanda pulunu ödəyib geri ala bilər. Məlumu olsun ki, həmin mənzilə görə bir manat olsun pul ödənilməyib. İşdə olan poçt qəbzindən görünür ki, “X7”nin rəhbəri Akim Rəcəbov tərəfindən İddiaçı ünvanlanmış Bildiriş xx.xx.2021-ci il tarixdə sifarişli məktubla göndərilmişdir. Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, Cavabdeh1 və İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti Abşeron rayonu, Masazır kəndində “X7” adlanan ərazidə inşa edilmiş 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən 1 otaqlı, 58.7 kv.m ümumi sahəsi olan 08 nömrəli mənzildir. Həmin mənzilin əvvəlcə X1 ilə bağlı “Payçı” qismində onunla “İcraçı” - “X7”nin rəhbəri Akim Rəcəbov (Tofiqzadə) arasında “Mənzil tikintisi haqqında müqavilə” bağlanmış, müqavilədə payçı N.Hüseynov mənzilin dəyərini təşkil edən 38155 manat məbləğdə pulu hər 1 tonu 8.50 manat olmaqla 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək 2 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 1 ay sonra X6 “X7”nin rəhbərinə ərizə ilə müraciət edərək sözügedən mənzilin İddiaçı adına keçirilməsini və yenidən müqavilə bağlanmasını xahiş etmiş, həmin ərizəyə əsasən mübahisəli mənzillə bağlı “X7”nin rəhbəri X11 (“İcraçı”) ilə İddiaçı (“Payçı”) arasında xx.xx.2021-ci il tarixli 0129 nömrəli “Mənzil tikintisi haqqında müqavilə” bağlanmışdır. Müqaviləyə görə, “İcraçı” Abşeron rayonu, Masazır kəndində inşa edilən 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən 1 otaqlı, 58.7 kv.m ümumi sahəsi olan 08 nömrəli mənzili bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürmüşdür. Eyni (xx.xx.2021-ci il) tarixli arayışa əsasən mənzilin pay dəyəri 38.155 manat payçı İddiaçı tərəfindən ödənilmişdir, qalıq borcu yoxdur. Lakin İddiaçı məhkəmə proseslərində özünün də etiraf etdiyi kimi, o, mənzilə görə pul ödəməmiş, mənzilin dəyərini tikintiyə beton verməklə ödədiyini iddia etmişdir. Onun izahatlarına görə, “X7”nin rəhbəri Akim Rəcəbov tərəfindən aparılan tikintiyə betonu birbaşa özü verməmiş, bu barədə razılaşma Akim Rəcəbovla ümumi tanışları Nurəli Hüseynov arasında olduğundan betonu conuncuya vermiş və güman etmişdir ki, Nurəli Hüseynov həmin betonu onun vasitəsilə aldığı mübahisəli mənzilin pulu (dəyəri) hesabına Akim Rəcəbova təhvil verir. Akim Rəcəbov (Tofiqzadə) isə ona nə Nurəli Hüseynov, nə də İddiaçı tərəfindən beton verilmədiyini bildirir. Digər tərəfdən, Cavabdeh2 iddia edir ki, İddiaçılə müqavilə bağlanandan sonra 2 ay ərzində ona vəd edilmiş beton verilmədiyinə görə xx.xx.2021-ci il tarixdə İddiaçı ünvanına bildiriş göndərmiş və aralarında bağlanmış müqavilənin ləğv edildiyi, ona satılması nəzərdə tutulan mənzilin ümumi qaydada satışa çıxarılacağı, həmin mənzili əldə etmək istədiyi təqdirdə qısa zamanda pulunu ödəyib geri ala biləcəyi barədə xəbərdarlıq etmiş, lakin İddiaçı, yaxud N.Hüseynov həmin bildirişə heç bir reaksiya verməmişlər. Apellyasiya baxışı iclasında İddiaçı hər hansı bildiriş almadığını, mənzilin başqasına satılmasından xəbəri olmadığını bildirmişdir. Cavabdeh bildirişin iddiaçı tərəfindən alınmasını təsdiq edən sübut təqdim edə bilməsə də, lakin təqdim olunan poçt qəbzindən həmin bildirişin xx.xx.2021-ci il tarixdə poçt xidməti tərəfindən sifarişli göndəriş üçün qəbul edildiyi müəyyən olunur. Bu sənədin (üzərində ştampla tarix vurulmuş poçt qəbzinin) geriyə tarixlə tərtib edilməsinin mümkünlüyü, yəni sənədin saxta olması ağlabatan görünmür. Lakin bildirişin ünvana çatdırılmamasının mümkünlüyü də istisna olunmur. Qeyd olunduğu kimi, iddiaçı ilə bağlanmış müqavilədən 3 ay sonra mübahisəli mənzilə dair cavabdeh X11 ilə digər Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 0143 nömrəli “Mənzil tikintisi haqqında müqavilə” bağlanmışdır. Müqavilədə qeyd olunur ki, mənzilin ümumi sahəsi 58.7 kv.m, 1 kv.m sahəsinin qiyməti 700 manatdır. Mənzilin ümumi dəyəri 41090 manat təşkil edir. Payçı ilkin olaraq 13000 manat məbləğində avans ödəyir... xx.xx.2024-cü il tarixli 2732 nömrəli arayışdan isə görünür ki, həmin tarixdə payçı Cavabdeh1 tərəfindən mənzilin pay dəyərindən 2600 manat da ödənilmiş və qalıq borcu qalmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi və hazırda faktiki istifadəsində və sahibliyində olması işin mübahisəsiz halıdır. Bu faktı iddiaçı və digər cavabdeh də öz izahatlarında təsdiqləmişlər. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərəflərin iştirakı ilə mübahisəli mənzilə baxış keçiriləndə də mənzilin tam təmirli, yaşayışa yararlı olması, həmin mənzildə Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşaması müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının qənaətincə, mövcud vəziyyətdə birinci instansiya məhkəməsi mübahisənin həllinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir... Eyni Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir... Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İstinad edilən normaların mənası baxımından cavabdeh Akim Rəcəbov (Tofiqzadə) ilə həm İddiaçı, həm də digər Cavabdeh1 arasında bağlanmış müqavilə - tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi ilə əlaqədar yaranan podrat münasibətlərini ehtiva edən müqavilələr (podrat müqavilələri) olmuş, həmin müqavilələrdə cavabdeh Akim Rəcəbov “Podratçı” qismində, İddiaçı və digər Cavabdeh1 isə “Sifarişçi” qismində çıxış etmişlər. Beləliklə, İddiaçı və Cavabdeh1 ilə Akim Rəcəbov (Tofiqzadə) arasında bağlanmış müqavilələr alğı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırkı mübahisə də podrat münasibətlərindən əmələ gələn mübahisədir. Bu növ müqavilənin əsas şərtlərindən biri də “Podratçı”nın ona sifariş edilmiş işi icra edərək (konkret halda mənzili inşa edərək) “Sifarişçi”yə təhvil verməsidir. Cavabdeh Akim Rəcəbov (Tofiqzadə) hər iki müqavilədə nəzərdə tutulmuş eyni (mübahisəli) mənzili digər Cavabdeh1 təhvil vermişdir. Cavabdeh1 da həmin mənzilin dəyərini hissə-hissə tam ödəmişdir. İşin faktiki hallarına əsasən mübahisəli mənzil Cavabdeh1 2021-ci ilin iyul ayında giriş qapısının açarları təqdim edilməklə təhvil verilmiş, Cavabdeh1 mənzildə təmir işləri aparmış və 3 ilə yaxın müddətdir ki, ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb orada yaşayırlar. Mənzilin su, qaz, işıq sayğacları onun adınadır və mənzil ona verilən vaxtdan kommunal xərcləri özü ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil Cavabdeh1 verildiyi (özgəninkiləşdirildiyi) və onun tərəfindən qəbul edildiyi andan iddiaçının həmin mənzili mübahisələndirmək və tələb etməklə bağlı subyektiv hüququ aradan qalxmışdır. Mülki Məcəllənin 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Konkret halda da iddiaçı əgər mübahisəli mənzilin dəyərini pulla və ya başqa formada ödədiyini sübut edərsə, həmin mənzilin sonradan başqasına verilməsi ilə bağlı ona dəymiş zərərin əvəzini tələb edə bilər. İddiaçı apellyasiya şikayətində öz dəlillərini əsaslandırmaq üçün Konstitusiya Məhkəməsinin “M.Hüseynovun şikayəti üzrə” xx.xx.2015-ci il tarixli Qərarına və bu Qərarda istinad olunmuş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına istinad edərək göstərmişdir ki, o, mübahisəli mənzilin pay haqqını tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmiş, yəni mənzil onun mülkiyyətinə keçmiş (həmin mənzil barəsində onun yalnız sərəncam vermək hüququ olmamış), cavabdeh A.Rəcəbov (Tofiqzadə) isə artıq onun mülkiyyəti sayılan mübahisəli mənzil barəsində qanunsuz sərəncam verərək (əqd bağlayaraq) mənzili başqasına (Cavabdeh1) satmışdır. Halbuki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mənzili bir şəxsə satdıqdan sonra MTK-nın həmin mənzilə dair hüquqlarına xitam verilir, həmin mənzilə dair bütün hüquqlar alıcıya keçir və bundan sonra MTK-nın müvafiq mənzillə bağlı hər hansı bir kənar şəxslə müqavilə bağlaması həmin müqaviləni etibarsız edir... Birinci instansiya məhkəməsi isə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə bir araya sığmayan, bu baxımdan da qanunsuz olan qətnamə qəbul etmişdir. İddiaçının bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilələrdə istifadə olunmuş “payçı”, “pay haqqı” ifadələri heç də təşkilati-hüquqi forması "xxxx" (mənzil-tikinti kooperativi - MTK) olan bir qurumla onun üzvləri arasındakı münasibətləri ehtiva etmir. Belə ki, “X7” hüquqi şəxs (MTK) olmayıb Abşeron rayonu, Masazır kəndində hündür yaşayış binaları inşa edilmiş ərazinin şərti adıdır, tikintinin sahibi Akim Rəcəbov (Tofiqzadə) isə fərdi sahibkardır və müqavilələri də fərdi sahibkar kimi (üzərində öz adı və VÖEN-i təsvir olunmuş möhürlə) təsdiqləmişdir. Yuxarıda qeyd edildiyi kimi, hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilələr MTK ilə onun üzvləri arasında pay alğı-satqısı ilə bağlı olan müqavilə deyil, podratçı ilə sifarişçilər arasında tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi ilə əlaqədar olan podrat müqavilələridir. Ona görə də həmin müqavilələrdən irəli gələn mübahisələrin həlli ilə əlaqədar Konstitusiya Məhkəməsinin “M.Hüseynovun şikayəti üzrə” xx.xx.2015-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarlarına müraciət (istinad) olunması qəbuledilən deyildir. Digər tərəfdən, cavabdeh A.Rəcəbov İddiaçılə bağlanmış müqaviləni pozmasının və mübahisəli mənzillə bağlı digər Cavabdeh1 ilə yeni müqavilə bağlayıb mənzili sonuncuya verməsinin səbəbini iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməməsi ilə əlaqələndirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən sözügedən mənzilin dəyərinin ödənilib-ödənilməməsi məsələsi tərəflər arasında mübahisəli qalmışdır. Belə olan halda İddiaçı mənzilin dəyərini ödəməsini sübuta yetirməyincə cavabdeh A.Rəcəbovdan mənzil tələb etməsi və ya sonuncu tərəfindən onun mülkiyyət hüququnun pozulmasını iddia etməsi əsassızdır. Çünki, yaranmış vəziyyətdə İddiaçı özünün cavabdeh A.Rəcəbovla bağlamış olduğu müqavilənin etibarlılığı mübahisəlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh A.Rəcəbov (Tofiqzadə) ilə digər Cavabdeh1 arasında mübahisəli mənzilə dair bağlanmış podrat (yaxud alğı-satqı) müqaviləsinin etibarsızlığına dəlalət edən hallar müəyyən edilmədiyindən İddiaçı bu barədə tələbinin təmin olunmasına əsas yoxdur. Habelə, İddiaçı digər (mənzildən çıxarılma və mənzilə köçürülmə) tələbləri mübahisələndirilən müqavilənin etibarsız hesab edilib-edilməməsindən asılı olduğuna görə həmin tələblərin də təmin olunması mümkün deyildir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə mübahisəli hüquq münasibətlərinin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxılmasında prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız və qəbulolunmaz hesab edir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-59/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar