Məhkəmə qərarları › İş №2(001)-4629/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4629/2022

05.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4629/2022 05.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun elektrik enerjisi istehlakından yaranmış və ödədiyi 1.821 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun 3.058 manat elektrik enerjisi istehlakına görə yaranmış borcunun ödənilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin 15 fevral 2017-ci il tarixli, 2(001)-2297/2017 saylı qətnaməsinə əsasən iddia tələbi 1.350 manat hissəsində təmin edilmiş, qalan hissə iddia müddətinin ötməsi ilə bağlı təmin edilmişdir. Bundan əlavə, 2017-ci ilin fevral ayından 08 may 2018-ci il tarixə qədər də elektrik enerjisi istehlakından daha 471 manat borcu yaranmışdır. Hər iki borc, cəmi 1.821 manat təşkil edir. O, bu günə qədər həm məhkəmənin qətnaməsində ödənilməsi qət edilmiş 1.350 manat ödənilməsi ilə əlaqədar cavabdehin özünün x/558 saylı, 31 mant 2018-ci il tarixli məktubu əsasında Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən “icraata xitam verilməsinə dair” xx/xx-8004/14- 14 saylı, 02 iyul 2018-ci il tarixli qərar cavabdehə göndərilsə də, cavabdeh bu müddət ərzində həmin məbləği ünvanına göndərdiyi bildirişində tələb etməkdə davam etmişdir. Həmçinin, 20 iuyl 2018-ci il tarixdə, saat 09:44:46-da "xxxx" MMC-nin 6 saylı poçt filialında X1 vasitəsi ilə ödədiyi 471 manat borcu da, eyni qayda ilə ödəniş bildirişində nəzərə alınmadan ondan tələb olunur. Cavabdehin elektron ünvanına, “Facebook” səhifəsinə, 199 qaynar xəttinə rəsmi müraciətlər etməklə hüquqlarının pozulduğunu bildirmişdir. Lakin bir nəticə hasil olmadığından məhkəmədə mübahisələndirmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehin ona qarşı qaldırdığı iddiaya məhkəmədə baxılan ərəfədə ona elektrik enerjisindən istifadəyə görə 471 manat məbləğində borc hesablanmış, həmin borcu o, ödəmişdir. Məhkəmə cavabdeh tərəfindən ona hesablanmış 3058,37 manat məbləğində borcun 1.350 manat hissəsini təmin edilmiş, 1.712,68 manat hissəsi isə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırda onun elektrik enerjisindən istifadəyə görə təqribən 100 manat məbləğində borcu var. Onun hazırki tələbi həmin 1.712,68 manat borcun onun hesabından silinməsi ilə bağlıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehin hazırda "xxxx" ASC-yə 1.885,57 manat məbləğində borcu var. Həmin məbləğin 1.712,68 manat hissəsi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2(001)-2297/2017 saylı qətnaməsi ilə borc olaraq iddiaçıdan tutulmasa da, hesab edir ki, həmin borc iddiaçı tərəfindən "xxxx" ASCyə ödənilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2(001)- 2297/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “istehlak edilmiş elektrik enerjisi haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 1.350,69 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçının borcludan tələbi 3.058,37 manat olmuş, lakin həmin məbləğin 1.712,68 manat hissəsi üzrə iddia müddəti ötürüldüyündən həmin hissədə iddia tələbi məhkəmə tərəfindən əsassız hesab edilməklə təmin edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Binəqədi rayon İcra şöbəsinə ünvanlanmış 31 may 2018-ci il tarixli, x/558 nömrəli məktubdan görünür ki, cavabdeh İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2(001)- 2297/2017 saylı qətnaməsində qeyd edilən məbləği tam şəkildə "xxxx" ASC-nin xeyrinə ödəmiş, həmin qətnamə üzrə cavabdehin heç bir borcu yoxdur. Həmin qətnamənin icrası ilə bağlı hazırki məktubun nəzərə alınması xahiş edilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 02 iyul 2018-ci il tarixli, xx/xx-8004/14-14 saylı məktubdan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2(001)-2297/2017 saylı icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. 20 iyul 2018-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-nin hesabına 471 manat məbləğində vəsait ödənilmişdir. "xxxx" ASC - Abonentin hərəkət cədvəlindən görünür ki, İddiaçı (Abonent kodu: **********40016) 2022-ci il üzrə elektrik enerjisindən istifadəyə görə borcu 1885,57 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2(001)-2297/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “istehlak edilmiş elektrik enerjisi haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, tələb olunan 3.058,37 manat məbləğində borcun 1.350,69 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmiş, qalan 1.712,68 manat hissəsi ilə bağlı iddia tələbi məhkəmə tərəfindən əsassız hesab edilməklə təmin edilməmişdir. Həmin iş üzrə məhkəmə tərəfindən tutulan 1.350,69 manat məbləğində borcun hazırki iş üzrə iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, qalan 1.712,68 manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən onun hesabından silinməmişdir. Hazırda iddiaçının elektrik enerjisindən istifadəyə görə borcu cavabdeh tərəfindən təqdim edilmiş sənədə əsasən 1885,57 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı (Abonent kodu: **********40016) elektrik enerjisindən istifadəyə görə hesablanmış 1.712,68 (bir min yeddi yüz on iki manat, altmış səkkiz qəpik) manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı (Abonent kodu: **********40016) elektrik enerjisindən istifadəyə görə hesablanmış 1.712,68 (bir min yeddi yüz on iki manat, altmış səkkiz qəpik) manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar