Məhkəmə qərarları › İş №2(001)-4652/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4652/2021

27.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4652/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh1 və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması və evdən istifadəyə şərait yaradılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması və evdən istifadəyə şərait yaradılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 20 iyul 1999-cu il tarixli FM seriyalı 000992 saylı Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı ilə arvadı arasında olan nikah qeydi ləğv edildiyindən və onların bir yerdə yaşamaqları mümkün olmadığından o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş arvadına və iki uşağına kompensasiya ödənilməklə ona məxsus evdən onların istifadə hüququna xitam verilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(103)-7718/2018 saylı qətnaməsi ilə cavabdehlər keçmiş arvadı Cavabdeh1 19000 manat, oğlu Cavabdeh2 18000 manat və qızı X1 18000 manat kompensasiya ödənilməklə onların iddiaçıya məxsus yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Hazırda cavabdehlərə kompensasiya ödənilməsini təmin etmək üçün iddiaçı özünə məxsus olan yaşayış evini satmaq niyyətindədir. Lakin həmin evdə yaşayan keçmiş arvadı və oğlu onu evə buraxmır və evin satılmasına maneçilik törədirlər. 30.04.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi cənab Fərid Hətəmzadənin sədrliyi ilə keçirilən prosesdə hakim cavabdehlərə mədəni surətdə başa saldı ki, onlar iddiaçını evə buraxmalıdırlar, lakin onlar tərslik edərək evə baxmağa gələn müştərilərə mane olurlar, yəni müştərini qaçırdırlar, evin satılmağı onlara sərf etmir. İddiaçı 25 avqust 2009-cu ildən birgə yaşayışın mümkünsüzlüyündən evdən çıxmağa məcbur olmuş və kirayə ev tutmuşdur. 2018-ci ildə ikinci evlilikdən iddiaçının qızı dünyaya gəlmişdir. Uşaq xəstədir və iddiaçı həm onun müalicəsinə xərc çəkmək, həm də kirayə haqqını ödəmək iqtidarında deyil. Cavabdeh1 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin yaşayış sahəsi 29,9 kv.m.-dir və o, iç-içə iki otaqdan ibarətdir. Həmin sahə heç hal-hazırda mənzildə yaşayanlara da bəs eləmir. Cavabdehlər evin satılmasına heç bir maneə törədmir, əksinə evin satılmasına kömək etməyə cəhd edirlər. İddiaçı özü müştəriləri evi almaqdan çəkindirir. Bundan əlavə iddiaçı evdən özü öz istəyi ilə çıxmış, onu həmin evdən heç kim çıxarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, mübahisəli mənzil çox kiçikdir, iç-içə otaqlardan ibarətdir və həmin mənzildə iki ailənin yaşaması mümkün deyil. Hal-hazırda həmin mənzildə, o, oğlu və oğlunun ailəsi yaşayır. İddiaçı həmin mənzilə özü ilə birlikdə ikinci arvadını və balaca uşağını da köçürmək istəyir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ona və uşaqlarına kompensasiya ödənilməsi nəzərdə tutulmuş, lakin iddiaçı bu günədək həmin qətnaməni icra etməmişdir. Kompensasiya ödəmək imkanı yox idisə, həmin tələblə niyə məhkəməyə müraciət etməsi aydın deyil. Həmin qətnamənin qəbul edilməsindən artıq üç il keçmiş və bu müddət ərzində qiymətlər dəyişmişdir. Bu gün o, ona ödənilməli olan kompensasiya məbləği ilə heç nə edə bilməyəcək. Ona görə də, həmin məbləğin ona ödənilməsini hal-hazırda heç istəmir. İddiaçı vaxtında qətnaməni icra etsə idi, bu gün yaşadıqları problemlərdən heç birini yaşamayacaqdırlar. İddiaçının özünün həmin evi satmaq fikri yoxdur və heç vaxt olmayıb. Neçə dəfə olub ki, müştəri gəlib, pul təklif edib, lakin iddiaçı evi satmağa razı olmayıb. İddiaçı hətta ərizə ilə icra şöbəsinə müraciət edərək qətnamənin icra edilməsini tələb etmədiyini bildirmişdir. Bu isə onun niyyətini açıq-aşkar göstərir. Həmin evə ümumiyyətlə iddiaçının haqqı yoxdur. Belə ki, evin sənədləşməsi üçün xərclənmiş vəsait onun tərəfindən ödənilib. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya FM 000992 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, O.Mustafayev küçəsi, ev 54 (indiki 92) 20.07.1999-cu il tarixdən ½ hissədə İddiaçı müliyyətindədir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018ci il tarixli, 2(103)-7718/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, məhkəmə qətnaməsi ilə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 19.000 manat, Cavabdeh2 18.000 manat, X2 18.000 manat olrnaqla ümumilikdə 55.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, O.Mustafayev küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 54 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, O.Mustafayev küçəsi, ev 92 (köhnə 54) ½ hissədə İddiaçı müliyyətindədir və o, hal-hazırda həmin mənzildə yaşamaq imkanından məhrumdur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. Məhkəmə iddia ərizəsinin cavabdehlərdən iddiaçı mənzildən istifadə hüququndan məhrum edildiyi dövr üçün kirayə haqqının əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İddiaçı ona dəymiş maddi ziyanın (kirayə haqqının) əvəzinin ödənilməsini tələb etdiyi halda, bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın onun mülkiyyətində olan ½ hissəsindən istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın onun mülkiyyətində olan ½ hissəsindən istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar