Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1903/2025 13.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı X6, cavabdehlər Nuriyeva Sima Hüseynxanovna və Nuriyev Yadigar Cüməli oğlunun iştirakları ilə, İddiaçı X6 cavabdehlər Nuriyeva Sima Hüseynxanovna və Nuriyev Yadigar Cüməli oğluna qarşı faktiki mülkiyyətində olan torpaq sahəsindən və yaşayış evindən istifadə edilməsi ilə bağlı maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Nuriyeva Sima Hüseynxanovna tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə ## ##### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X6 cavabdehlər Nuriyeva Sima Hüseynxanovna və Nuriyev Yadigar Cüməli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu, Muradxan kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə, həmçinin həmin sahədə 2008-ci ildə inşa edilmiş 180 kv.m sahəsi olan 2 mərtəbəli, 6 otaqlı evə köçürülməsi və onun evdən istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslanmışdır ki, iddiaçı X6 mərhum əri X9 ilə 1979-cu ildə evlənmiş, nikahlarını ##.##.1997-ci ildə qeydiyyata aldırmışlar. Bu nikahdan onların Şahmar və Sima adlı iki uşaqları olmuşdur. Atikat mərhum əri Dünyamalıyev Hüseynxanla bir müddət RF-nin Dağıstan Respublikasında yaşamış, 2007-ci ilin əvvəllərində ərinin doğulduğu Muradxan kəndinə gəlmişlər. Muradxan kəndinə gələndən sonra həmin ildə ev tikmək üçün Muradxan bələdiyyəsinə müraciət edib pulunu bələdiyyənin hesabına ödəməklə 0,20 ha həyətyanı torpaq sahəsi almışlar. Həmin torpaq sahəsi bələdiyyə üzvlərinin və kənd icra nümayəndəliyinin işçilərindən ibarət komissiya tərəfindən ölçülüb onlara təhvil verilmişdir. Həyətyanı torpaq sahəsini aldıqdan sonra Atikat mərhum əri ilə birlikdə orada 6 otaqdan ibarət ikimərtəbəli yaşayış evi tikməyə başlamışlar. 2008-ci ildə yaşayış evinin tikintisi başa çatdıqdan sonra həmin evə yığışıb 2022-ci ilə kimi yaşamışlar. Dünyamalıyev Hüseynxan isə 2015-ci ildə vəfat etmişdir. Muradxan bələdiyyəsi tərəfindən ev tikmək üçün onlara verilmiş həyətyanı topaq sahəsinin və həmin torpaq sahəsində tikdikləri fərdi yaşayış evinin sənədləri Atikatın adına sənədləşdirilmişdir. Atikatın əri Hüseynxan vəfat etdikdən sonra Muradxan kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində olan 6 otaqlı iki mərtəbəli yaşayış evinə mülkiyyət hüququ əldə etmək üçün həmin sənədləri tapa bilməmişdir. Həmin sənədlərin dublikatını əldə etmək üçün aidiyyəti orqanlara müraciət etsədə həmin sənədlərin dublikatını əldə edə bilməmişdir. Hazırda Atikatın qızı cavabdeh Sima həmin evin ona məxsus olduğunu bildirib əri ilə birlikdə Atikatı mərhum əri ilə birlikdə tikdiyi Muradxan kəndində yerləşən evində yaşamağa qoymurlar. Ona görə də Kürdəmir rayonunun Muradxan kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində tikilmiş 6 otaqdan ibarət 2 mərtəbəli fərdi yaşayış evinin iddiaçı X6 mərhum əri ilə birlikdə tikməsi yaşadığı Muradxan kəndində hamıya məlumdur. Sözügedən mübahisəli evdə cavabdeh Sima Nuriyeva əri Nuriyev Yadigar Cüməli oğlu və ərinin qohumları bu günkü gündə iddiaçı Atikat Kurmaxanovaya faktiki olaraq mənsub olan fərdi yaşayış evindən istifadə etməkdə maneə yaradırlar. Evin daxilində, konstruksiyasında və torpaq sahəsində ev sahibinin iradəsinə zidd dəyişikliklər aparırlar. Sözügedən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin iddiaçı X6 mənsub olması, yəni faktiki mülkiyyətçisi olması ##.##.2019-cu il tarixli 2(041)-1244/2019-cu il Kürdəmir rayon Məhkəməsinin qətnaməsində də öz əksini tapmışdır. Həmçinin sözügedən fərdi yaşayış evinin Atikat Kurmaxanovanın və onun mərhum əri Hüseynxan Dünyamalıyevin faktiki mülkiyyətində olmasını sübut edən bir fakti da qeyd etmək lazımdır ki, həmin yaşayış evindən Atikat Kurmaxanovanın keçmiş gəlini Lalə Hüseynovanın oğurluq etməsi və buna görə də Lalə Hüseynovaya *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmü ilə 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti cəza verilmişdir. Kürdəmir rayonu, Muradxan kəndində yerləşən Atikat Kurmaxanovaya mənsub yaşayış evindən Lalə Hüseynovanın oğurladığı əmlakların dəyərinin məhkəmə qaydasında "Maddi zərərin ödənilməsi tələbi" iddia ərizəsi Kürdəmir rayon Məhkəməsinə müraciət olunmuş və iddia tələbi təmin olunmuşdur. Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil çıxışında bildirdi ki, iddiaçı Atikat ilə Hüseynxan 1979cu ildə evlənmiş, nikahları ##.##.1997-ci ildə rəsmi qeydiyyata alınmışdır. Onların Şahmar və Sima adlı iki övladları var. Bir müddət Dağıstan Respublikasında bizneslə məşğul olduqdan sonra 2007-ci ildə Hüseynxanın doğulduğu Muradxan kəndinə köçüblər. Muradxan bələdiyyəsindən 0,20 ha həyətyanı torpaq sahəsi alıb, orada 6 otaqlı ikimərtəbəli ev tikərək 2008-ci ildən 2022-ci ilə kimi yaşayıblar. Mərhum əri Hüseynxan Dünyamalıyev 2015-ci ildə vəfat edib. X7 kəndində yerləşən 0,20 ha torpaq sahəsi və üzərindəki 6 otaqlı, 2 mərtəbəli evin sənədlərini tapa bilməmiş və sənədlərin dublikatını əldə edə bilməmişdir. X4 Nuriyeva və əri Nuriyev Yadigar Cüməli oğlu evin onlara məxsus olduğunu iddia edir və Atikatın evdən istifadə etməsinə mane olurlar. Kürdəmir rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsi ilə evin faktiki mülkiyyətçisi Atikat Kurmaxanova hesab edilmişdir. Həmçinin, Atikat Kurmaxanovanın keçmiş gəlini Lalə Hüseynovanın həmin evdən oğurluq etməsi və buna görə şərti cəza alması, həmçinin maddi zərərin ödənilməsi tələbinin məhkəmə tərəfindən təmin edilməsi də evin Atikat Kurmaxanovaya məxsus olduğunu təsdiq edir. Hazırda iddiaçı özünə məxsus evinə qızı tərəfindən buraxılmır. Göstərilənləri nəzərə alaraq, müdafiə etdiyi şəxsin faktiki olaraq ona məxsus olan evə köçməsini təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Nuriyeva Sima Hüseynxanovna iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı onun anasıdır. Mərhum atası D.Hüseynxan torpaq sahəsini onun adına almış və həmin evi onun üçün tikmişdir. Mərhum atası vəfat edərkən də həmin evi ona vəsiyyət etmiş, o da ailə həyatı quranadək və qurduqdan sonra da o evdə yaşamağa davam etmişdir. Dəfələrlə anası ilə barışması üçün səy göstərsə də mümkün olmamışdır. Məhrum atası vəfat etdikdən sonra anası ikinci dəfə ailə həyatı qurmuş və Kürdəmir şəhərində mərhum atasına məxsus evdə yaşayırlar. Anası evə köçməklə onu evdən çıxarmaq istəyir. Dəfələrlə məsələni barışıq yolu ilə həll etmək istəsə də, onun ərindən boşanmasını tələb etmiş və razılığa gəlməmişdir. Onun və qardaşının atasından miras qalan hər iki evdə pay hüquqları var. Anası hər iki evdən onu məhrum etmək niyyətindədir. Bu səbəbdən onu evə buraxmır və anasının həmin evdə onun ailəsi ilə birlikdə yaşamasına razı deyil. Bu səbəblərdən, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Nuriyev Yadigar Cüməli oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun qaynanasıdır. Mərhum qaynatası Hüseynxan hazırda yaşadıqları evi qızı Sima üçün tikmiş, lakin evi onun adına sənədləşdirə bilməmişdir. İddiaçının əsas məqsədi onların boşanmasıdır. Hazırda onun mübahisəli evə ehtiyacı da yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Xaliq İmanov), iddianın qismən təmin edilməsi, iddiaçı X6 Kürdəmir rayonu, Muradxan kəndində yerləşən 180 kv.m sahəsi olan 2 mərtəbəli, 6 otaqlı evə köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi, cavabdehlər Nuriyeva Sima Hüseynxanovna və Nuriyev Yadigar Cüməli oğlundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin yarısı, yəni 50 (əlli) manatın tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh Nuriyeva Sima Hüseynxanovna apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehlər Nuriyeva Sima Hüseynxanovna və Nuriyev Yadigar Cüməli oğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddiaçı X6 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onupozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı X6 yaşayış yerindən və Kürdəmir rayon Muradxan kəndində yerləşən həyətyanı torpaq sahəsindən istifadə etməsinə cavabdeh Hüseynova Lalə Əlhüseyn qızı tərəfindən edilən maneələrin aradan qaldırılması qət etmişdir. İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Kürdəmir rayon Muradxan bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarına əsasən ev tikmək üçün X6 ayrılmış 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqdan ibarət, yaşayış sahəsi 180 kv.metr olan yaşayış evinin X6 və onun əri, mərhum X9 tərəfindən tikilməsi faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə, cavabdeh Hüseynova Lalə Əlhüseyn qızından ödənilməmiş maddi ziyana görə 16521 (on altı min beş yüz iyirmi bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93 (doxsan üç) manat tutularaq iddiaçı X11 verilməsi qət etmişdir. İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə, Hüseynova Lalə Əlhüseyn qızı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə, inzibati xəta törətmiş Hüseynova Lalə Əlhüseyn qızı Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı inzibati tənbeh vermə haqqında qərarı ilə, inzibati xəta törətmiş Hüseynova Lalə Əlhüseyn qızı Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Aparatından Muradxan kənd sakini X12 ünvanlanan məktubda Atikat Əliyevnanın mərhum əri Hüseynxan Dünyamaliyevlə birlikdə inşa etdirdikləri fərdi yaşayış evinin qızı Sima Nuriyevanın adına olub-olmaması barədə müraciəti araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Sima Nuriyevanın adına təsərrüfatbaşına kitabda torpaq sahəsi və yaşayış evi yoxdur. Əlavə olaraq qeyd edilir ki, Nuriyev Yadigar Cüməli oğlu arvadı Sima Nuriyeva və övladları ilə birlikdə atasının adına olan evdə yaşayırlar, baxmayaraq ki, ayrı təsərrüfatdırlar. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Aparatından X6 ərizəsi verilən cavaba əsasən, Muradxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışına əsasən Nuriyeva Sima Hüseynxan qızının adına təsərrüfatbaşına kitabda torpaq sahəsi və yaşayış evi qeydiyyatı aparılmamışdır. Qeyd olunur ki, Nuriyeva Sima Hüseynxan qızı və onun ailə üzvləri X5 məxsus evdə yaşayırlar. Arayışda Nuriyeva Sima Hüseynxan qızının adına ev və torpaq sahəsinin qeydiyyatının aparılmadığı bildirilmişdir. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Muradxan kənd sakini Atikat Qurbanovaya ünvanlanmış rəsmi cavab məktubunda, X3 kəndindəki evinin qızı Sima Nuriyevanın və həyat yoldaşı Yadigar Nuriyevin adına saxta arayışla keçirilməsi barədə şikayət etmişdir. Şikayətə əsasən, Muradxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış qeydiyyatı kitabı araşdırılmışdır. Araşdırma nəticəsində, ##.##.2016-cı il tarixindən ##.##.2020-ci il tarixinə qədər Sima Hüseynxan qızının adına heç bir arayışın qeydə alınmadığı müəyyən edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Muradxan kənd sakini Atikat Qurbanovaya ünvanlanmış rəsmi cavab məktubunda, araşdırma zamanı müəyyən edilmişdir ki, Muradxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə arayışların qeydiyyatı kitabında 2019-cu ilin fevral ayının 1-dən 28-dək olan müddətdə Muradxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Lalə Hüseynovaya və rayon Polis şöbəsinə arayışların verilməsi qeydə alınmamışdır. İş materiallarında olan ##.##.1997-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X6 nikahları ##.##.1997-ci il tarixdə 69 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Rusiya Federasiyasının Dağıstan Respublikasından Azərbaycan Respublikası Prezident Administrasiyasına ünvanlanmış müraciətə cavabda, müraciət DİN vasitəsilə Kürdəmir RPŞ-nə göndərilmiş və orada araşdırılmışdır. Kürdəmir rayon Muradxan kəndində yaşayan Lalə Hüseynovanın hərəkətləri ilə bağlı araşdırma aparılmış və ona hüquqi qiymət verilmişdir. Mülki məsələ ilə bağlı Kürdəmir rayon məhkəməsinə müraciət etmək tövsiyə olunur. Lalə Hüseynova ilə profilaktik söhbətlər aparılmış və onun hərəkətlərinə nəzarət olunur. İş materiallarında olan Torpaqların alqı-satqısına dair akta əsasən, ünvan 1 ünvanda yaşayan Nuriyeva Sima Hüseynxan qızı tərəfindən rayon bələdiyyə orqanına ##.##.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Muradxan bələdiyyə ərazisində 0.20 ha torpaq sahəsinin satılması barədə ##.##.2007-ci il tarixli, ** nömrəli qərar qəbul edilmişdir. İş materiallarından müəyyən edilir ki, Kürdəmir rayon Muradxan bələdiyyəsinin ## ###### 2007ci il tarixli, ** saylı qərarına əsasən ev tikmək üçün X6 ayrılmış 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqdan ibarət, yaşayış sahəsi 180 kv.metr olan yaşayış evi X6 və onun əri, mərhum X9 tərəfindən tikilmiş və bu fakt Kürdəmir rayon Məhkəməsinin qanuni qüvvəsində olan ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmin evdə əvvəllər X6 və onun əri, mərhum X9 yaşamış, 2015-ci ildə Hüseynxanın ölümündən sonra həmin evdə iddiaçının gəlini Hüseynova Lalə Əlhüseyn qızı yaşamış, sonuncu evdən etdiyi oğurluq əməlinə görə oradan çıxarılmışdır. Sonralar iddiaçının qızı Sima Nuriyeva əri və uşaqları ilə birlikdə həmin evdə yaşamağa başlamış, iddiaçıya məxsus əşyaları evin 1-ci mərtəbəsinə yığmışdır (##.##.2019-cu il tarixli, *(***)- ***/**** saylı qətnamə, səh.2, abzas 4). Bundan sonra iddiaçı evinə köçmək istəsə də, cavabdehlər buna imkan verməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi, Muradxan bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarına məhkəmənin ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə hüquqi qiymət verilmiş, qərar və ödəniş qəbzlərinin sonradan tərtib edildiyi müəyyən edildiyi üçün sübut kimi qəbul edilməmişdir (##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı qətnamə, səh.4, abzas 2). Apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ** saylı Ucar Ərazi idarəsinə sorğu verilmiş və müəyyən edilmişdir ki, Kürdəmir rayonunda Aqrar İslahat aparılan zamanı X9 adına həyətyanı torpaq sahəsinin verilməsi barədə şəhadətnamə aşkar edilməmişdir. Lakin, adlı siyahıda 57-ci sırada X8 adının qeyd olunmasına baxmayaraq şəhadətnamə işlənməmişdir. Əlavə olaraq bildiririk ki, Nuriyeva Sima Hüseynxanovna Kürdəmir rayonu Muradxan bələdiyyəsinin ##.##.2007-ci il tarixli, * saylı qərarı ilə ona satılmış 0.20 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Hal-hazırda vətəndaş Nuriyeva Sima Hüseynxanovnanın müraciəti icraatdadır. Lakin, bələdiyyə tərəfindən Nuriyeva Sima Hüseynxanovnaya satılmış torpaq sahəsinin X9 məxsus fərdi yaşayış evinə aid olub-olmaması mütəxəssis rəyi əsasında müəyyən edilməsi mümkündür. Məhkəmə kolelgiyası Kürdəmir rayonu Muradxan bələdiyyəsinin ##.##.2007-ci il tarixli, * saylı qərarı ilə Nuriyeva Sima Hüseynxanovnaya satılmış 0.20 ha həyətyanı torpaq sahəsi ilə iddiaçı X6 iddia etdiyi mərhum əri X9 tərəfindən inşa edilən Kürdəmir rayon Muradxan kəndində 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqdan ibarət, yaşayış sahəsi 180 kv.metr olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X1 ** saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş *-**-*-**/*-***/**** saylı, ## #### 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, Kürdəmir rayon Muradxan bələdiyyəsinin sədri və Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Muradxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş “Kürdəmir rayon Muradxan bələdiyyəsinin yer quruluşu planından çıxarış”da qeyd edilən Nuriyeva Sima Hüseynxanovnaya satılmış 0.12 ha torpaq sahəsinin koordinatları iddiaçı X6 iddia etdiyi mərhum əri X9 tərəfindən inşa edildiyi bildirilən Kürdəmir rayon Muradxan kəndində 2 mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üstüstə düşür. Apellyasiya icraatı zamanı cavabdeh Nuriyev Yadigar Cüməli oğlu verdiyi izahatında Sima Nuriyeva ilə 2003-cü ildə ailə qurduqlarını, həmin vaxtdan 2022-ci ilə qədər atası Cuməli Nuriyevə məxsus evdə yaşadıqlarını, daha sonra mərhum qaynatası X9 2007-ci ildə inşa etdiyi evə köçdüklərini, qaynatasının həmin evi qızı Sima üçün tikdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin özbaşına tikili olması və X6 və onun əri, mərhum X9 tərəfindən tikilməsi işin mübahisəsiz halıdır və əvvəlki məhkəmə qətnamələri ilə də müəyyən edilmişdir. Ümumiyyətlə inşa edilmiş tikilinin iddiaçı və onun mərhum ərinin birgə nikah dövründə birgə vəsaitləri hesabına inşa edildiyinin müəyyən edilməsi iddiaçının həmin tikiliyə faktiki sahiblik hüquqlarının olması anlamına gəlir ki, cavabdeh tərəfindən buna dair hər hansı qanuni əsas olmadan iddiaçını evə buraxmamaqla bu hüquqdan məhrum etməsi qadağan edilmiş özbaşınalıqdır. Digər tərəfdən qeyd edilməlidir ki, tikilinin özbaşına tikili olması özü- özlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının bu əsasla həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına gətirib çıxarar. Digər tərəfdən cavabdeh Sima Nuriyeva Kürdəmir rayonu Muradxan bələdiyyəsinin ##.##.2007-ci il tarixli, * saylı qərarı ilə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsinin ona satıldığını və həmin torpağa çıxarış alacağını bildirsə də, kollegiya qeyd edir ki, hazırkı vəziyyət mübahisəli fərdi yaşayış evi qanunsuz tikili olduğundan və həmin evə mülkiyyət hüququ əldə edilmədiyindən cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz. Başqa sözlə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə iddiaçının köçürülməsini istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi vəziyyətinə görə özbaşına tikili sayıldığı üçün xüsusi mülkiyyətdə olan əşya hesab edilmir. Bu tip mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsini əsas götürən məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli ev iddiaçı ilə mərhum ərinin birgə faktiki nikahı müddətində və məhz birgə vəsait hesabına inşa edilmişdir. Belə olan halda, iddiaçının da bu tikilinin ərsəyə gəlməsində hansısa formada iştirakı istisna deyildir. Cavabdehin özü də bu faktı etiraf edir, yalnız evin atası tərəfindən onun üçün inşa edildiyinə əsas gətirir. Halbuki cavabdehlərin öz izahatlarından da görünür ki, 2003-cü ildə ailə qurduqdan sonra cavabdeh Yadigar Nuriyevin atasına məxsus evə küçmüşlər və 2022-ci ilə qədər həmin evdə yaşamışlar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyasıı; QƏT ETDİ: Cavabdeh Nuriyeva Sima Hüseynxanovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün ödənilən 95 manat dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1903/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1903/2025
13.04.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver