Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4670/2024 21.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə anadan olmuş Xələfova Aydan Fariz qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 21 avqust 2000-ci il tarixdə həmkəndlisi X3 ilə ailə həyatı qurmuşdur. Onlar qanuni nikah bağlamışlar. Həmin nikahdan xx.xx.2006-cı il tarixdə Xələfova Aydan Fariz qızı anadan olmuşdur. O, anadan olduğu gündən yəni, xx.xx.2006-cı il tarixdən orta dərəcəli əqli geridir. Onun əqli inkişafı kəskin dərəcədə geri qalıb. İki tərəfli ağır eşitmədən əziyyət çəkir. Nitqi inkişaf etməyib. Davranışı kobud pozulub. O, qeyd olunan xəstəliklərə tutulmuşdur. Həmin vaxtdan 20 nömrəli Uşaq Poliklinikasında nevropotoloq və psixiatr həkimlərin qeydiyyatında olmuşdur. Psixiatr həkim aşağıda qeyd olunan dioqnozu vermişdir: “F71.1 - Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, təmasa girə bilmir. Yaddaş və intellekti kəskin geri qalıb. İQ 39 - Nitqi inkişaf etməyib, qırıq-qırıq sözlərdən ibarətdir. Səs tələffüzü kobud pozulub. Təfəkkürü kankretdir. İki tərəfli ağır neyrosensoz, ağır eşitmə qeyd olunur. Davranışı kobuddur, əsəbidir, narahatdır, aqresivdir. Bir yerdə qərar tutmur, qışqırır. Təmizlik vərdişlərinə riayət etmir. Öz hərəkətlərinin faktiki xarakterini dərk etmir. Özünə xidmət edə bilmir. Öz vəziyyətinə qarşı tənqidi yoxdur.” Qeyd olunan vaxtdan da psixiatr həkim tərəfindən müalicə alır. Lakin bu ömürlük davam edən xəstəlikdir. Ona görə də ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 200 (iki yüz) manat məbləğində aylıq sosial müavinət verilir. Ona qulluğa görə də 100 (yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidenti təqaüdü verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında Xələfova Aydan Fariz qızı sağlamlıq imkanları məhdud uşaq kimi qeyd olunmuşdur. Qiymətləndirmə tarixi xx.xx.2022-ci il, təyinat tarixi xx.xx.2022-ci il, diaqnoz - orta dərəcəli əqli gerilik, qulluq və mülaicə tələb edən ciddi davranış pozuntusu. Qeyd olunan faktlar göstərir ki, qızı Xələfova Aydan Fariz qızı fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 Ərizəçi xx.xx.2006-cı il təvəllüdlü qızı Xələfova Aydan Fariz qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinin təmin edilib-edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Xələfova Aydan Fariz qızı sağlamlıq imkanları məhdud uşaqdır və xəstəliyin diaqnozu “orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu”dur. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasına göndərişdən – Forma № 88-dən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Xələfova Aydan Fariz qızında orta dərəcəli əqli gerilik, nitq, eşitmə və davranış pozuntuları növündə xəstəliklər vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli 2521 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Xələfova Aydan Fariz qızında “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən olunur. Xələfova Aydan Fariz qızı öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də Xələfova Aydan Fariz qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Xələfova Aydan Fariz qızında müəyyən edilən ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Xələfova Aydan Fariz qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü Xələfova Aydan Fariz qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü Xələfova Aydan Fariz qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4670/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4670/2024
21.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver