Məhkəmə qərarları › İş №2(001)-4688/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4688/2025

17.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4688/2025 17.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi, Səftərov Hüseyn Sahib oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi olunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa edilən E nömrəli binasından mənzil almaq istəyirdi. 12 yaşından etibarən himayəsində olan Cavabdeh2 (nəvəsi) ona bildirdi ki, qızlarının alınacaq mənzildən gələcəkdə pay istəməsinin qarşısını almaq üçün mənzili formal olaraq onun adına alsın və həmin mənzildə onunla birlikdə yaşasınlar. Beləliklə, ünvan 1 ünvanında inşa edilən E nömrəli binada, 11 -ci mərtəbədə yerləşən ümumi sahəsi 53,7 kv.m olan 80 nömrəli mənzili həmin mənzildə birlikdə yaşamaları və qayğı göstərməsi şərti ilə nəvəsi Cavabdeh2 adına alaraq aralarında razılaşmışdılar. Mübahisəli mənzilin qiymətini cavabdeh “Xəzri-İnşaat" MMC ilə 34.000 manata razılaşdılar. Mübahisəli mənzilin alınması üçün bütün pul vəsaitləri şəxsən ənim tərəfindən ödənilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə ******* nömrəli alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha (hektar) olan torpaq sahəsini X2 24.000 manat müqabilində satdı və satışdan əldə olunan 22.000 manat pul vəsaitini Cavabdeh2 mübahisəli mənzili alması üçün vermişdi. Cavabdeh "xxxx" MMC-yə 15.000 manat məbləğində ilkin ödəniş müqabilində 2022-ci il 30 martda MM-011 tarixli alqı-satqı müqaviləsi ilə mübahisəli mənzili nəvəsi Cavabdeh2 adına müqavilə bağlanmışdır. 22.000 manat pul məbləğindən yerdə qalan 7.000 manat vəsait isə mənzilin təmirinə xərclənmişdir. Mənzilin ümumi dəyəri 34.000 manat təşkil edirdi. Yerdə qalan 19.000 manat məbləği cavabdeh “Xəzri-İnşaat" MMCyə ödənilməsi üçün ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evimi Hacı adlı şəxsə 60.000 manat müqabilində satdı. Həmin satışdan 19.000 manat məbləğində vəsaiti Cavabdeh2 mənzilin borcunu bağlaması üçün verdi. Cavabdeh həmin məbləği şirkətə verdikdən sonra mənzilin pay dəyərindən 19.000 manat məbləğdə vəsaitin ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Bundan sonra mənzilin əsaslı təmiri məqsədilə cavabdehə 14.000 manat məbləğdə pul verdi və mənzil 1 ay müddətində təmir olunub istismara yararlı hala gətirildi. İddiaçının savadı, oxumaq və yazmaq qabiliyyəti yoxdur. Bir çox hallarda hərəkətləri etməyi nəvəsinə etibar etmişdir. Cavabdeh2 12 yaşından etibarən iddiaçının himayəsində yaşamış və onun bütün zəruri ehtiyacları və xərcləri mənim tərəfimdən qarşılanmışdır. Ona bir valideynin öz övladına göstərə biləcəyi qayğı və nəvaziş göstərmiş, onun saxlanmasında iştirak etmişdir. Lakin onun ailə dəyərlərini sarsıdan hərkətlərini gördükdən sona aralarında münaqişə yaranmış və o iddiaçıya qarşı fiziki və psixi təzyiqlər göstərərək onu evdən zorla çıxarmaqla hədələdi. Evdəki zəruri şəxsi əşyalarını bayıra ataraq yararsız hala saldı. Ona fiziki şiddət göstərərək zorakılıq hərəkətləri etdi. Onun qanunsuz hərəkətləri barədə 102 Xidmətinə, eləcə də Abşeron Rayon Polis İdarəsinə şikayət etmişdir. Cavabdeh2 ona qarşı etdiyi qanunsuz hərkətlərindən sonra onun əslində iddiaçının savadsızlığı və ahıllığından istifadə edərək aldatdığını və əsl niyyətinin mübahisəli mənzili ələ keçirərək onu faktiki olaraq öz əmlakımdan məhrum etmək istədiyini başa düşdü. Qeyd edilənlərə əsasən, cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, ünvan 1 ünvanında inşa edilən E nömrəli binada, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 53,7 kv.m olan 80 nömrəli mənzilin alqı-satqısına dair iddiaçının adına yeni müqavilənin bağlanması öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi iddiaya etiraz təqdim edərək izahatında bildirdi ki, qızlarının mənzildən pay istəməsinin qarşısını almaq üçün formal olaraq evi cavabdehin adına rəsmiləşdirib. Daha sonra qeyd edir ki, mənzildə birlikdə yaşamaqları və cavabdehin ona qayğı göstərməsi şərtilə mənzili cavabdehin adına almışdır, mənzilin qiymətini isə 34000 manata "Xəzri-İnşaat” MMC ilə razılaşmışdır. Sonra da özünün savadsız və ahıl olmasından istifadə edilərək, cavabdeh tərəfindən aldadıldığına istinad edəcəkdir. "Xəzri-İnşaat” MMC tərəfindən təqdim edilmiş etiraz məktubunda da iddiaçını mənzil alınarkən tanımadıqlarını, iddiaçı yalnız ev təmir olunduqdan və Fatimə bacısı ilə evdə yaşamağa başladıqdan 1 ildən çox müddətdən sonra iddiaçı ilə birlikdə yaşamağa başlamışdır. Yəni iddiaçını evin alınması üçün "Xəzri-İnşaatla" razılaşması təgzib olunur.Müqavilənin formal olaraq başqa şəxsin adına rəsmiləşdirilmə zamanı pərdələnmiş eqdə aid müddəalar tətbiq edilir, şəxsin ahıllığından və savadsızlığından istifadə edilərək bağlanmış müqavilə zamanı isə aldatma ilə bağlanılmış əqdə aid müddalar tətbiq edilməlidir. Müəyyən şərtlə hədiyyə edilmiş əmlaka dair münasibətlərdə isə bağışlanma müqaviləsinə aid müddəalar şamil edilir. Hazırkı iddia ərizəsində isə bir-birinə ziddiyyətli üç mövqe nümayiş etdirilib və bunların heç biri əsaslandırılmayıb. Nə şərtlə bağlanılmış bağışlanma müqaviləsinin etibarsızlığına dair, nə əqdin pərdələnməsinə, nə də aldatma faktına dair heç bir dəlil, sübut təqdim edilməyib. Ona görə də hesab edir ki, qeyri-müəyyən iddia ərizəsi olduğundan təmin edilə bilməz. Mənzilin nənəsi tərəfindən alınması, Cavabdeh2 adına onu saxlamaq və birgə yaşamaq şərtilə rəsmiləşdirilməsi isə tamamilə cəfəngiyat və uydurulmuş senaridir. Milli mənəvi dəyərləri nəzərə alaraq Fatimə uzun müddət özü ilə birgə yaşamasına şərait yaratmış və hazırda da nənəsinin onunla yaşamasına etiraz etmir. İddiaçı haqsız yerə məhkəmə mübahisəsi yaratsa da belə, cavabdeh ona qarşı hörmət və ehtiramla davranır. Yalan məlumatlar hamısı evin Fatimənin əlindən alınması üçün uydurulmuş senaridir, bunu şahid ifadəsi ilə təsdiq edəcəkdir.Faktiki hal ondan ibarətdir ki, iddiaçı digər qızları-Aytən və Vüsalənin istəyi və yönləndirməsi ilə mənzili Fatimədən alaraq, xalası Aytənin qızına hədiyyə etmək niyətindədir. Bunun üçün saxta bir əsas ortaya atılmalıdır ki, mübahisənin məhkəmədə uğurlu həllinə şans olsun. Bu saxta hal güya mənzilin iddiaçı saxlamaq şərtilə cavabdehə bağışlanmasıdır.İddia tələbinin 2-ci hissəsinə yəni mənzilə dair Xəzri inşaat ilə iddiaçı arasında müqavilənin bağlanılması öhdəliyinin Xəzri İnşaat MMC üzərinə qoyulmasına dair hissəsinə münasibətdə isə, bu tələb ümumiyyətlə absurddur. Xəzri İnşaat MMC tərəfindən də təqdim edilmiş məktubla iddiaya münasibət bildirilmiş və aydın şəkildə göstərilmişdir ki, iddiaçı tərəfindən mənzilin alınması üçün hər hansı bir vəsait ödənilməmiş, İddiaçını ümumiyyətlə tanımamış, Fatimə mənzilə köçdükdən uzun müddət sonra iddiaçı da onunla birlikdə yaşamağa başlamışdır. Yəni iddiaçı ilə MMC arasında hər hansı bir hüquq münasibəti, sövdələşmə, razılaşma mövcud olmamışdır. Öhdəliyin yaranması üçün tərəflər arasında hansısa bir hüquqi münasibət formalaşmış olmalı idi. Heç bir hüquqi münasibət olmadan öhdəlik də yarana bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər cavabdeh"xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025ci il tarixdə məhkəməyə etiraz ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixində Bina E, 11-ci mərtəbə 1 otaqlı 80 nömrəli mənzili kredit yolu ilə almışdır. İlkin ödəniş 15000 (on beş min) manat məbləğində ödənilmiş, yerdə qalan məbləğ isə hissə-hissə olmaqla ödənilməli idi. Bugünə Cavabdeh2 borcu yoxdur, mənzilin dəyərini tam şəkildə ödəmişdir. Ev satılandan dərhal sonra Fatimə evin təmirini etmiş və 2023-ci ilin iyul ayından evdə yaşamağa başlamışdır. Mənzildə Fatimə bacısı yaşamış, təxminən 2024-ci ilin sonlarından (sentyabr-oktyabr) etibarən Fatimənin nənəsi Reyhan onunla birgə yaşamağa başlamışdır. İddiaçı 2025-ci il aprel-may aylarında dəfələrlə satış ofisinə gələrək mənzili onun adına rəsmiləşdirməyi xahiş etmişdir. Hətta bunun üçün ödəniş təklif etmişdir. Lakin qanunsuz olduğundan MMC tərəfindən qəbul edilməmişdir. İddia ərizəsi əsassızdır, müqavilə bağlanarkən hər hansı bir hüquq pozuntusu baş verməmiş, Reyhan adlı şəxs MMC-yə müraciət etməmişdir. Hüquq pozuntusu olmadığından müqavilənin ləğv edilməsinə də əsas yoxdur. Ödənişləri də MMC-yə şəxsən Fatimə tərəfindən edilmişdir. İddiaçı tərəfindən mənzilin alışı üçün heç bir ödəniş edilmədiyindən mənzili Cavabdeh2 adından çıxardıb, onun adına rəsmiləşdirilməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin mövqeyini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli M/025 saylı maliyyə arayışının surətindən müəyyən olunur ki, Cavabdeh2 ünvan 4 ünvanında inşa edilmiş, E saylı yaşayış binasında 80 saylı mansard tipli qeyri yaşayış sahəsinin pay dəyərindən 19000 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli Xəzri-İnşaat MMC tərəfindən satılmış təmirsiz mansard tipli yaşayış sahəsi üçün mansard tipli yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı Xəzri-İnşaat MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 11, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 53,7 kv.m. ibarət 1 otaqlı 80 №-li mansard tipli yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyə və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə X3 arasında bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "Orbita-servis" b/y-nın 26-cı keçid, 10 saylı bağ sahəsi unvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi 24000 manata X2 satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Cavabdeh2 bacısı, iddiaçı isə anasıdır. Anası hazırki mübahisəli mənzili alanda öz pulu ilə almış və mənzili bacısı qızı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Qeyd edir ki, anası yaşlı xəstə qadındır oxuyub yaza bilmir. Ümumiyyətcə mənzili ona görə bacısı qızının adına almışdır ki, anası yaşlı olduğuna görə bacısı qızı Fatimə ona baxıb qulluq etsin. Mənzil onun adına alınıb bütüb pulu verilib təmir edildikdən sonra bacısı qızı anasını mənzildən qovdu. Mübahisə barədə anası polisə də şikayət etdi, lakin polis orqanı dediki, bu məsələ mülki məsələdir və polisdə baxıla bilməz. Fatiməni anası saxlayıb böyütmüşdür. Mənzilin də bütün ödənişlərini, təmirinin xərcini hamısını İddiaçı vermişdir. Hazırda Fatimə bir oğlanla əlbir olub iddiaçını mənzildən çıxardaraq qovmuşlar. Şahid tərəflərin suallarına cavab olaraq bildirmişdir ki, pulun verilməsində iştirak etmiş, Fatimənin yaşadığı oğlan Rüstəmlə birlikdə gəlib pulları götürüb getdiklərini demişdir. Həmçinin ilk dəfə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində olan yerləşən torpaq sahəsini satanda anası 22.000 manat pul verdi. Daha sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 60.000 manat müqabilində satdı. Həmin satışdan 50 min manatı Fatiməyə verilib, Fatimə 50 min manatdan 19.000 manat məbləğində vəsaiti mənzilin borcunu bağlaması üçün verdi. Yerdə qalan məbləği də Fatimənin borclarına verdi. 60 min manatdan cəmi 10 min manat anasında qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı anası, cavabdeh isə qızıdır. Onun müəyyən məbləğdə yığdığı pul olmuşdur, həmin puldan 15 min manat mənzilin alınması üçün qızına ilkin ödəniş vermiş, həmin pulun 12 mini onun, 3 minini isə əri borc-xərc tapıb vermişdir. Anası Reyhan isə yalnız satılan mənzildən onlara düşən pay kimi 7000 manat pul vermişdir. Sonra isə atasına məxsus evdən həm onun həm də qızı Fatimənin payı olduğuna görə satışdan əldə edilən puldan 19 min manat anası qızına vermiş, o da mənzilin borcunu bağlamışdır. Anası Fatiməyə cəmi 24 min manat vermişdir. Bu pul da onlara atasından qalma mğevlərdə həm onun həm də qızının payı olduğuna görə verilmişdir. Mənzili özləri təmir etmişlər. Anası onu aldadaraq guya Fatimənin evi tanışı olan oğlana verəcəyini bildirmiş, o da anasının sözünə inanmışdır. Hazırda Fatimə nənəsini mənzilə buraxır, ona qarşı heç bir maneə yoxdur. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edlilən səs yazıları dinlənilmiş, Şahid2 verilən suallara cavab olaraq, bildirdi ki, ilk vaxtlar həqiqətən də qızını nənəsi ilə dalaşdığına görə danlamış, lakin bunu ona görə etmişdir ki, bacısı və anası ona səhv məlumat vermiş, onu aldatmışlar. Səs yazılarını da anası və bacısının təkidi ilə yazmağa qərar vermişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı üçün onun etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda alıcıların bağladıqları əqdlərə münasibətdə vicdanlı olması və müqavilələr bağlanarkən əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmadığı iş materialları ilə təkzib olunmur. Məhkəmə hesab edir ki, qeyd olunanların əksini sübut etmək alıcıların deyil, əqdi mübahisələndirən iddiaçının vəzifəsidir. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İş materiallarından görünür ki, mübahisəli əmlaka dair alqı-satqı müqaviləsi bağlanarkən, müqavilənin bağlanması ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilmiş, hər-hansı nöqsana yol verilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər arasında mənzilin satışına dair müqavilə bağlanmış, iddiaçı nəvəsi olan cavabdehə mənzilin alınması zamanı maddi yardım göstərmişdir. Müqavilə bağlanarkən mənzil Cavabdeh2 adına tam qanuni qaydada, bunun üçün lazım olan bütün prosedur qaydalarına əməl etməklə bağlanmışdır. Həmçinin iddiaçı özü də izahatlarında mənzilin məhz nəvəsi Fatimənin adına rəsmiləşəcəyinə dair əvvəlcədən məlumatlı olduğunu, verilən pulların da məhz Fatimə tərəfindən şirkətə ödənilməsini bildirmişdir. Nəvəsinə mənzilin alınması üçün müəyyən maddi yardımın göstərilməsini hər iki tərəf etiraf edir, lakin iddiaçı tərəf mənzilin alınıb tam təmir olunmasını məhz onun hesabına başa gəlməsini bildirdiyi halda, cavabdeh göstərilən maddi yardımın cuzi olmaqla ona və anasına bir vərəsə kimi babasının əmlakının satılmasından sonra onlara düşən pay olaraq qiymətləndirmişlər. Sözügedən halların heç biri isə hazırda mübahisəsi gedən müqavilənin hər hansı qaydada etibarsızlığı üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən E nömrəli binada, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 53,7 kv.m olan 80 nömrəli mənzilin alqı-satqısına dair iddiaçının adına yeni müqavilənin bağlanması öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən E nömrəli binada, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 53,7 kv.m olan 80 nömrəli mənzilin alqı-satqısına dair iddiaçının adına yeni müqavilənin bağlanması öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar