Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-47/2021 08.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Bakı şəhər İcra Hakimiyyəti, Xocəsən bələdiyyəsi, Bakı şəhər 1 saylı DƏDRX, Binəqədi Rayon İcra Hakimiyyəti, “X9” şirkəti) “iddiaçının və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən artıq tikilinin sökülməsi, gedişgəliş yolunun bərpa edilərək əvvəlki vəziyyətə salınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilən (artırılan) və hasara alınan artıq tikilinin (hasarın) söküntüsünü, gediş gəliş yolunun bərpasını əvvəlki vəziyyətə salınmasını, onunla cavabdehlər arasında mülkiyyətlərin(torpaq və ev) ərazisinin müəyyən olunmasını, mülkiyyət hüququnun ərazisinin müəyyən olunaraq mülkiyyət hüququnun verilməsini, mülkiyyət hüququnun qeydiyyata alındığı yer(ərazi) üzrə fərdi yaşayış qismində çıxarış və texpasport almaqları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2(001)-175/2020 saylı mülki iş xx.xx.2019-cu il tarixində Binəqədi Rayon Məhkəməsinin icraatında daxil olmuşdur. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək ona və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilən (artırılan) vəhasara alınan artıq tikilinin (hasarın) söküntüsünü, gediş gəliş yolunun bərpasını əvvəlki vəziyyətə salınmasını, o və cavabdehlər arasında mülkiyyətlərin (torpaq və ev) ərazisinin müəyyən olunmasını, mülkiyyət ərazisinin müəyyən olunaraq hər üçünə mülkiyyət hüququnun verilməsini, mülkiyyət hüququnun qeydiyyata alındığı yer (ərazi) üzrə fərdi yaşayış (ona aid 8 sot torpaq və 100 kv.m ev) qismində özəlləşdirilərək çıxarış və texniki pasport almaqları, “X9” şirkəti ona aid hissədə əsassız sayılaraq qəbul edilməməsi və ona aid olan hissədə şikayətin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək ona və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilən (artırılan) və hasara alınan artıq tikilinin (hasarın) söküntüsünü, gediş gəliş yolunun bərpasını əvvəlki vəziyyətə salınmasını, o və cavabdehlər arasında mülkiyyətlərin (torpaq və ev) ərazisinin müəyyən olunmasını, mülkiyyət ərazisinin müəyyən olunaraq hər üçünə mülkiyyət hüququnun verilməsini, mülkiyyət hüququnun qeydiyyata alındığı yer (ərazi) üzrə fərdi yaşayış (ona aid 8 sot torpaq və 100 kv.m ev) qismində özəlləşdirilərək çıxarış və texniki pasport almaqları barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-175/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Bakı şəhər İcra Hakimiyyəti, Xocəsən bələdiyyəsi, Bakı şəhər 1 saylı DƏDRX, Binəqədi Rayon İcra Hakimiyyəti, “X9” şirkəti) “iddiaçının və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən artıq tikilinin sökülməsi, gediş-gəliş yolunun bərpa edilərək əvvəlki vəziyyətə salınması, mülkiyyətlərin ərazisinin müəyyən olunması, mülkiyyət hüququnun müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata “İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında mülkiyyətlərin (torpaq və ev) ərazisinin müəyyən olunmasını, mülkiyyət ərazisinin müəyyən olunaraq hər üçünə mülkiyyət hüququnun verilməsini, mülkiyyət hüququnun qeydiyyata alındığı yer (ərazi) üzrə fərdi yaşayış (ona aid 8 sot torpaq və 100 kv.m ev) qismində özəlləşdirilərək çıxarış və texniki pasport almaqları” hissəsində xitam verilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildən tikdiyi Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən evdə ailəsi ilə bir yerdə yaşayır. Əvvəl adı X5 idi, xx.xx.2017-ci il tarixdə soyadını və adını dəyişdirmişdir. 2003-cü ildən 2019-cu ilə kimi (2019 daxil olmaqla) əmlak və torpaq vergisi verir, 8 sot torpağı var və 100 kv.m evi. Artıq 16-cı ildir ki, o, tikdiyi evdə yaşayır. Bu müddətdə heç bir dövlət orqanı və qonşu narazı olmayıb, heç bir kəsin ərazisin tutmamışdır, ailə durumunun yaxşılaşdırılması və ümumiyyətlə yaşmaq üçün 8 sot torpaqda 100 kv.m evdə yaşamışdır. Cavabdeh1 və Cavabdeh2 onun evinə gedən və ümumiyyətlə qonşularında gediş-gəliş yolu kəsb artıq (öz ev ərzisindən əlavə) tikili tikib qabağa çəkərək gediş-gəliş yolu balacalaşdırıb (azaldıb, ensizləşdirib), hadisə baş verib 1 aydan çox demək olar 2 aydı. Yol onunla onlar arasındadır. Dəfələrlə o və qonşular şifahi xəbərdarlıq etmişlər, amma məhələ qoymayıb, sakit duraraq öz işini görüb. Ona bilərəkdən mənəvi təsir göstərib, istəyib ki, fiziki təsir göstərsin, amma o, qanunla etməyi üstün bilir və poçtla iki dəfə (xx.xx.2019 və xx.xx.2019) xəbərdarlıq məktubu (pretenziya) göndərmişdir ki, bir həftə vaxt verirəm ki, 1 ay əvvəl artıq tikdiyin tikilini sök geriyə çək, əvvəlki vəziyyətinə sal, əks təqdirdə məhkəmə yolu ilə həll olunacaq, amma yenə də məhəl qoymamışdır. Bütün dövlət qurumlarına şikayət etmişdir (Polis, İcra Hakimiyyəti, Bələdiyyə və sair), işə baxan olmamışdır, bütün hamısı bildirmişdir ki, bu işə məhkəmə qaydasında baxılmalıdır. Qonşular da narazıdırlar və dediklərinə şahiddirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. İddiaçı müxtlif vaxtlarda yazılı izahatlarını məhkəməyə ünvanlayaraq bildirmişdir ki, o, qonşularının tikdiyi evlərindən narazı deyil və şikayəti yoxdur. Sadəcə olaraq ondan sonra tiksələr belə tikdikləri evlərdən yox, əlavə ona və qonşulara maneə olan artırmadan şikayətçidir. O maneə onun həyətinə rahat şəkildə daxil olmasına imkan vermir. Hətta yanğın söndürənlər belə evində baş verən yanğın zamanı həyətə daxil ola bilməmişlər. Elbrus və Qulu özlərini düşünərək onun və qonşularının gediş-gəliş yolunu kəsməklə artırma işləri aparmışlar. Artırma işləri aşağıdakılardan ibarətdir: Hasarın yerini dəyişərək qabağa yəni yola tərəf çəkilməyi, çəkilərək həyətində evinin qabağında əlavə tikdiyi bir otaqlı evə bitişik əlavə otağın artırılması və əvvəlki tikilidən təxminən 2 metr yola tərəf çəkilmiş hasara doğru çıxıntısı yəni rus əlifbasının “Г” hərfi formasında, yaşadığı evin qarşısında köhnədən tikdiyi bir otaqlı tikintisi yanında təzəlikcə Qulunun evi tərəfdən əlavə etdiyi bir otağın əvvəlkinə nisbətən təxminən iki metr yola tərəf çıxıntısı. Bu iki qonşuya iki dəfə rəsmi və yüzlərlə şifahi xəbərdarlıq etmişdir. Sonra İH-nə, DİN-ə, Bələdiyyyə və sair idarələrə müraciət etmişdir. Qonşular da narazıdırlar. Özü şəkər xəstəsidir və ona əsəbləşmək olmaz. Qəsdən sağlamlığına zərər yetirilir. Bildirir ki, həyat yoldaşı və iki oğlu vardır. Evinin mülkiyyət sənədləri yoxdur. Amma şahidlər vardır. Ekspertiza yox, real hal şahidləri, yaxın qonşuların ifadələri və etirazları nəzərə alınaraq işə baxılmalıdır. Hətta ekspert gəlsə belə yenə də, qonşuların şahidliyi ilə, onların ifadəsi nəzərə alınmaqla rəy verməlidir. Ərazi heç kim tərəfindən özəlləşdirilməmişdir. Yəni onların ev tikib, yaşadığı torpaqlar heç bir başqa şəxsə və idarəyə məxsus deyildir. Belə olduğu halda bütün qəsəbə sökülməlidir. Həmdə ki, belə olduğu halda onların torpaqları və üstündə olan mülklər 3 il (mülki iddia müddəti), uzağı 10 il ərzində (ümumi iddia müddəti ilə) mübahisələndirilməli idi. Beləliklə heç kim onların mülklərini sökə bilməz və torpaqlarını əllərindən ala bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o iddiaçının ərazisinə daxil olmamışdır. İddia tam əsassızdır. Həmin ərazilər isə ümumiyyətlə sənədsizdir. Nə iddiaçının nədə ki, onun özünün həmin evlərə və torpaq sahələrinə dair sənədləri yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, onun evi iddiaçının evinə ümumiyyətlə yaxın deyil. Evi həmin küçənin sonunda yerləşir. İddia tam əsassızdır. Həmin ərazilər isə ümumiyyətlə sənədsizdir. Nə iddiaçının nədə ki, onun özünün həmin evlərə və torpaq sahələrinə dair sənədləri yoxdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, Cavabdeh1 hasarı qabağa çıxmışdır. Bütün tərəflər onun qonşularıdır. Məhəlləyə maşın girib-çıxa bilmir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, Cavabdeh1 məhləyə gələn yolu kəsmişdir. Belə ki, 2-3 ay olar ki, orada daş hasar tikmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, Cavabdeh1 məhləyə gələn yolu kəsmişdir. Belə ki, 2-3 ay olar ki, orada daş hasar tikmişdir. Küçəyə maşın girib-çıxa bilmir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddia tələbinin 1-ci hissəsi idarəyə aid deyil, 2-ci və 3-cü hissələrini isə qəbul etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və məhkəmə iclasında iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Binəqədi rayonu, Xocəsən bələdiyyəsi tərəfindən verilən xx xxxxxx 2019-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan Motodrom yaşayış massivində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2003-2019-cu illər üçün torpaq və əmlak vergisi yoxdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-3183/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11805 saylı, xx.xx.2019-cu il tarixli məlumatından görünür ki, 2(001)-3183/2019 saylı mülki iş üzrə ekspertizanın aparılması və rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24079 saylı, xx.xx.2019-cu il tarixli məlumatından görünür ki, 2(001)-3183/2019 saylı mülki iş üzrə ekspertizanın aparılması və rəy verilməsi mümkün olmamışdır. Məlumatda qeyd edilir ki, ekspert qarşısında qoyulan suallarda göstərilən məsələnin həlli məqsədilə, işə cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin, mütəxəssislər tərəfindən tədqiqat obyektlərinə dair “GPS” sistemli avadanlıq vasitəsilə əldə olunacaq döngə nöqtələrinin kordiantlarının və baza məlumatlarının , zəruri mütəxəssis rəyinin ekspertiza tədqiqatına təqdim olunması və baxış keçirilməsinin təşkil olunması zəruri olduğundan bu barədə məhkəməyə ünvanlanan xx xxxxxxxx 2019-cu il tarixli vəsatət təmin edilmədiyindən, qoyulmuş suallar üzrə təqdiqat aparılıb rəy verilməsi mümkün olmamışdır. İşin faktiki halları bundan ibarətdir ki, iddiaçı 2003-cü il tarixində Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində 100 kv.m ərzisi olan 8 sot torpaq sahəsində ev tikdiyini, onun ətrafındakı evlərin sonradan tikildiyini bildirərək, cavabdehlər tərəfindən tikilən onun və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən artıq tikilinin sökülməsi, gediş-gəliş yolunun bərpa edilərək əvvəlki vəziyyətə salınmasını xahiş edir. Cavabdehlər isə hesab edirlər ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi özünün olan torpaq sahəsinə mülkiyyətini təsdiq edən sənədi yoxdur. Nəinki iddiaçının hətta onların belə hal-hazırki evlərinin xüsusi mülkiyyətdə olmasını təsdiq edən sənədləri yoxdur. Belə olduğu təqdirdə iddiaçının hal-hazırda qaldırdığı iddianın hüquqi əsası yoxdur. Tikilən tikili isə gediş-gəlişə maneə törətmir. Məhkəmə əvvəla qeyd edir ki, hazırki iddia ərizəsi üzrə məhkəmə baxışının predmeti cavabdehlər tərəfindən tikilən və artırılan hasarın söküntüsü, gediş gəliş yolunun əvvəlki vəziyyətə salınmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının hazırki iddianı verərkən subyektiv hüququnun olması ilə bağlı istinad edə biləcəyi dəlilləri mövcud deyildir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair onun təsdiq olunmuş Planı və Ölçüsü barədə zəruri sənədləri məhkəməyə təqdim etməmiş, bu sənədlərin mövcud olmamasını öz yazılı izahatlarında təsdiq etmişdir. Hətta iddia ərizəsi verilərkən həmin çıxarış, texniki pasport, plan və ölçünün də müəyyən edilməsini xahiş etmiş, lakin sonradan mülki iş üzrə həmin hissədə icraata xitam verilmişdir. Yəni iddiaçı özü də etiraf edir ki, mübahisəli tikililər özbaşına tikilidir və həmin ərazinin müvafiq planı, çertyoju mövcud deyildir. Özbaşına tikililərlə bağlı Mülki Məcəllənin 180.2-ci maddəsində qeyd edilmişdir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmiş şəxs özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Mülki iş materiallarından aydın olur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən torpaq sahəsinə və üzərində yerləşən mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Eyni zamanda cavabdeh kimi qeyd edilmiş Cavabdeh1 və Cavabdeh2 mübahisələndirilən torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı müəyyən edilmir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının hazırki tələblə bağlı, hazırki cavabdehlərə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa şahid ifadələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, daşınmaz əmlakla bağlı mübahisəyə hüquqmüəyyənedici sənədlər əsasında qiymət verilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırki mübahisə ilə bağlı iddiaçının və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən artıq tikilinin sökülməsi, gedişgəliş yolunun bərpa edilərək əvvəlki vəziyyətə salınmasınl tələb etmək üçün subyektiv hüququ olmadığından iddia yuxarıda göstərilən əsaslara görə rədd edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, tərəflər torpağa, tikiliyə dair hüquqmüəyyənedici sənədlər, o cümlədən sərhədlərin müəyyən edilməsi üçün texniki pasport, plan və ölçü əldə etdikdən sonra yaranacaq yeni əsasa görə eyni mübahisə ilə bağlı təkrarən iddia verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1 və 218.3-cü maddələrinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, sadalanan hüquq normalarına istinadən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Bakı şəhər İcra Hakimiyyəti, Xocəsən bələdiyyəsi, Bakı şəhər 1 saylı DƏDRX, Binəqədi Rayon İcra Hakimiyyəti, “X9” şirkəti) “iddiaçının və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən artıq tikilinin sökülməsi, gediş-gəliş yolunun bərpa edilərək əvvəlki vəziyyətə salınması” tələbinə dair iddiası təmin edilməməlidir. İddia rədd edildiyindən, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Bakı şəhər İcra Hakimiyyəti, Xocəsən bələdiyyəsi, Bakı şəhər 1 saylı DƏDRX, Binəqədi Rayon İcra Hakimiyyəti, “X9” şirkəti) “iddiaçının və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən artıq tikilinin sökülməsi, gedişgəliş yolunun bərpa edilərək əvvəlki vəziyyətə salınması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-47/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-47/2021
08.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver