Məhkəmə qərarları › İş №2(001)-4701/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4701/2021

25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4701/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Hüseynova (Babayeva) Lətifə Ələkbər qızının Cavabdeh qarşı “alimentin artırılması, ödənilməmiş aliment məbləğlərinin qalıqlarının birdəfəlik tutulması və pul” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Hüseynova (Babayeva) Lətifə Ələkbər qızı Cavabdeh qarşı “alimentin artırılması, ödənilməmiş aliment məbləğlərinin qalıqlarının birdəfəlik tutulması və pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarının 200 manat məbləğində müəyyən edilməsi, ödənilməmiş 6.000 manat alimentin tam və bütöv şəkildə cavabdehdən alınıb ona verilməsi, habelə qızına aldığı komputer avadanlığının dəyərinin yarısının - 600 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, birinci tələb – alimentin artırılması, ikinci tələb - ödənilməmiş alimentin birdəfəlik tutulması, üçüncü tələb isə iddiaçı tərəfindən alınmış komputer avadanlığına görə pul tələbidir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələblər bir iddia ərizəsində birləşdirilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. -149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. -152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; -152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir ərizədə birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsinə, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasına maneələr yaradacağından iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı Hüseynova (Babayeva) Lətifə Ələkbər qızının Cavabdeh qarşı “alimentin artırılması, ödənilməmiş aliment məbləğlərinin qalıqlarının birdəfəlik tutulması və pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar