Məhkəmə qərarları › İş №2(001)-4724/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4724/2021

22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4724/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi X1, Cavabdehin etibarnamə əsasında nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına (abonent kodu **********00008) əsassız hesablanmış 4.697,86 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona qarşı Binəqədi Rayon Məhkəməsində “borc” tələbinə dair iddia qaldırılmış, lakin iddia tələbi baxılmamış saxlanılmışdır. Həmin iddia tələbinin məzmunundan aydın olmuşdur ki, ona 4.697 manat borc hesablanmışdır. Bu tamamilə əsassızdır, belə ki, ona məxsus mənzildə artıq 5 dəfə elektrik sayğacı dəyişdirilmişdir və həmin vaxtlar hər hansı bir borcunun olması barədə ona xəbərdarlıq edilməmiş, borc tələb edilməmişdir. Tərəfindən hal-hazırki vaxtadək elektrik enerjisi sərfiyyatı ilə bağlı ödəmələr həyata keçirilmişdir. Onun heç bir borcu olmamışdır. Əgər həqiqətən də bu miqdarda borcu olsaydı cavabdeh tərəf hər hansı bir tədbir görər, enerji verilməsini dayandırar və borcun ödənilməsinə təşəbbüs göstərərdi. Halbuki xəbərdarlıq ona 2021-ci ildə gəlmişdir, bundan əvvəl isə heç bir xəbərdarlıq gəlməmiş və borc tələb edilməmişdir. Qeyd edilən borc məbləğinin bir neçə ay ərzində yaranması mümkün deyildir. Əsassız olaraq borc məbləği hesablanmışdır, borcun hansı tarixdən yaranması və sair üçün heç bir sübut yoxdur. Cavabdehin əməkdaşları bildirdilər ki, Prezident fərman verəcək, həmin fərmanla da borc silinəcək. Bununla da onun istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, tərəfindən istifadə edilmiş sərfiyyatda hər hansı şübhə yarandığı təqdirdə 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənləşdirmək mümkündür. Qeyd olunanlardan görünür ki, qeyri-qanuni olaraq cavabdeh tərəfindən borc məbləği hesablanmış və nəticədə onun hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı sayğacdan kənar xəttlərdən istifadə etmiş, bu da "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən aşkar edilmiş, nəticə etibarı ilə sayğacdan qanunsuz qoşulma faktı ilə əlaqədar aktlar tərtib edilmişdir. Həmin aktlara və limitdən artıq sərfiyyata görə iddiaçıya cəmi 3.109,75 manat məbləğində borc hesablanmışdır. İddiaçının silinməsini tələb etdiyi məbləğin digər hissəsi, yəni 1.588,11 manatı isə iddiaçının istifadə etdiyi elektrik enerjisinə görə hesablanmış orta sərfiyyat borcudur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 08 iyun 2011-ci il tarixli, 205393 nömrəli aktın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması üçün baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında qaz təchizatı yoxdur, mənzil elektrik enerjisi ilə təmin olunur. Abonenti təmin edən sayğacdan kənar xətt çəkilmiş və dəhlizdə ayırıcı avtomat quraşdırılmışdır. Akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları X.Əliyev, V.Mirzəyev, B.Abdullayev, hal şahidləri - Vaqif İsmayılov və N.Nəsirov tərəfindən imzalanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08 iyun 2011-ci il tarixli icra vərəqinin surətindən görünür ki, 205393 nömrəli akta asasən ünvan 1 ünvanında kənar xətt aşkarlanmışdır. İstehlakçıya əlavə sərfiyyata görə 17,6A x 0,22 kvt x 24 saat x 53 gün = 4.925 kvts, 295 manat hesablanması qərara alınmışdır. 28 mart 2012-ci il tarixli, 223050 nömrəli aktın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması üçün baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında abonentin borcuna əsasən elektrik enerjisi dayandırılmış, abonent sayğacdan kənar xətt çəkərək istifadə edir. Akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları X.Əliyev, N.Nəsirov, B.Abdullayev, hal şahidləri Vaqif İsmayılov və Ə.İbrahimov tərəfindən imzalanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 mart 2012-ci il tarixli icra vərəqinin surətindən görünür ki, 223050 nömrəli akta asasən ünvan 1 ünvanında debitor borca görə enerji dayandırılmış, abonent kənar xətt çəkərək enerjidən istifadə etməsi aşkar edilmişdir. İstehlakçıya əlavə sərfiyyata görə 8,4A x 0,22 x 24 saat x 102 gün = 4.524 kvts, 271,44 manat hesablanması qərara alınmışdır. Abunə kodu **********00008 olan abunə haqqında sənədin surətindən görünür ki, iddiaçıya 2005-ci ildən 2021-ci ilə qədər enerji sərfiyyatına görə 2.081,51 manat, sayğacdan kənar işlədicilərdən istifadəyə görə, həmçinin limitdən artıq istifadəyə görə ümumilikdə 3.109,75 manat borc hesablanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00008 olan iddiaçıya ünvanlanmış bildirişə əsasən, ona 4.697,86 manat məbləğində borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 08 iyun 2011-ci il və 28 mart 2012-ci il tarixlərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********00008) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, həmin ünvanda sayğacdan kənar xəttin qoşulması aşkar edilmiş, bununla əlaqədar 205393 və 223050 nömrəli aktlar tərtib edilmiş və həmin akta əsasən iddiaçıya 566,44 (295+271,44) manat borc hesablanmışdır. Məhkəmə qeyd olunan aktlara münasibətdə isə qeyd edir ki, «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında sayğaclarda aşkar edilmiş qüsurlara görə məsuliyyət abonent deyil enerjitəchizatı müəssisəsi, yəni cavabdeh "xxxx" ASC daşımalıdır. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, 566,44 manat məbləğində borcun yaranmasına əsas olmuş 08 iyun 2011-ci il və 28 mart 2012-ci il tarixli aktların əsli cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən iş materiallarında olan aktların notariat qaydasında təsdiq edilməmiş surətinin həqiqiliyinə məhkəmə şübhə ilə yanaşır və bu hal da mübahisəli aktlara əsasən yaranmış borcun, yəni 566,44 manatın silinməli olmasına dəlalət edir (3.109,75 – 566,44 = 2.543,31). Məhkəmə 2.543,31 manat borcla əlaqədar isə qeyd edir ki, abunə haqqında sənəddən görünür ki, qeyd olunan borcun 285,12 manatı 08 noyabr 2007-ci il tarixli, 051412 nömrəli akta əsasən hesablanmışdır. Cavabdehin nümayəndəsi qeyd olunan borc məbləğinin yaranma əsasının cavabdeh təşkilatın əməkdaşları tərəfindən aşkar edilmiş pozuntularla bağlı olduğunu, həmin qanunsuz pozuntulara görə aktların tərtib edildiyini və borc məbləğinin də həmin aktlara əsasən əlavə sərfiyyata (kvts) görə hesablandığını bildirsə də, qeyd etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmin Məcəllənin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 285,12 borc məbləği də əsassız hesablanıdığından iddiaçının abunə hesabından silinməlidir. Məhkəmə qeyd edir ki, 2.258,19 (2.543,31-285,12) manat borc isə elektrik enerjisindən istifadəyə görə hesablanmış orta sərfiyyat borcunun, həmçinin limitdən artıq sərfiyyat üçün hesablanmış borcların ümumi məbləğidir. Qeyd olunan borc məbləğinin 2.223,59 manatı 2017-ci ilə qədər olan borc, 34,6 manatı isə 2017-ci ildən 2021-ci ilə qədər olan borcdur. Belə olan halda məhkəmə hesab edir ki, 2.223,59 manat borca görə iddiaçının tələb etmək hüququ mülki qanunvericiliyin tələblərinə əsasən qüvvəsini itirdiyindən həmin borc da iddiaçının abunə hesabından silinməlidir. Göstərilənlərə əsasən məhkəmə ümumilikdə belə qənaətə gəlir ki, iddiaçıya aktlara və limitdən artıq sərfiyyata görə hesablanmış 3.109,75 manat məbləğində ümumi borcun 3.075,15 manatı əsassız olduğundan iddiaçıya məxsus abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 8.1-8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonentarasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçının silinməsi tələb etdiyi 4.697,86 manat borcun 1.588,11 manatı isə elektrik enerjisindən sərfiyyata görə yaranmış borcdur. 1.588,11 manat borcun 1.075,36 manatı 2017-ci ilə qədər olan borc, 512,75 manatı isə 2017-ci ildən 2021-ci ilə qədər istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borcdur. Belə ki, abunə haqqında sənədə əsasən iddiaçıya 2017-ci ilə görə 50,82 manat (6,3+0,7+7,28+4,76+1,68+2,94+4,9+6,51+5,67+10,08), 2018-ci ilə görə 168,56 manat (15,26+13,86+8,61+8,19+7,49+13,58+4,48+4,48+10,99+6,72+74,9), 2019-cu ilə görə 149,59 manat (18,2+22,12+12,67+14,63+15,82+18,62+22,54+24,99), 2020-ci ilə 99,47 manat (14+7,35+11,27+8,89+10,22+7,84+5,95+3,85+7,98+7,98+6,79+7,35), 2021-ci ilə görə isə 44,31 manat (10,08+10,64+8,75+5,25+4,97+4,62) elektrik enerjisinə görə sərfiyyat hesablanmışdır. Eyni zamanda abunə haqqında sənəddən müəyyən olundur ki, iddiaçı tərəfindən 2017-ci ildə 39,25 manat (6,97+7,28+5+20), 2018-ci ildə 90 manat (30+20+20+20), 2019-cu ildə 92 manat (25+27+40), 2020-ci ildə 85 manat (15+20+15+10+15+10), 2021ci ildə isə 93 manat (20+20+10+8+20+5+10) olmaqla, cəmi 399,25 manat ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçının 2017-ci ildən 2021-ci ilə qədər elektrik enerjisindən sərfiyyat borcu cəmi 113,5 manatdır. (512,75-399,25) Belə olan halda, məhkəmə iddiaçıya məxsus abunə hesabına 2017-ci ildən əvvəlki illər üçün hesablanmış borc məbləği olan 1.075,36 manatla bağlı qeyd edir ki, qeyd olunan borca görə iddiaçının tələb etmək hüququ mülki qanunvericiliyin tələblərinə əsasən qüvvəsini itirdiyindən,1.075,36 manat məbləğində borc da iddiaçının abunə hesabından silinməlidir. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş, lakin onun hesabında borc kimi qeyd olunmuş 399,25 manat borc məbləği də iddiaçıya məxsus abunə hesabından silinməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən 27 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 4.549,76 manat məbləğində borc İddiaçı məxsus **********00008 saylı abunə hesabından silinməli, qalan hissədə iddia təmin edilməməli, habelə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 29 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 4.549,76 manat (dörd min beş yüz qırx doqquz manat, yetmiş altı qəpik) məbləğində borc İddiaçı məxsus **********00008 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 29 (iyirmi doqquz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar