Məhkəmə qərarları › İş №2(001)-4760/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4760/2020

26.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4760/2020 26.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki işə Məhkəmənin inzibati binasında məhkəmənin açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 mənzil 105 ünvanında çəkdirdiyi qanunsuz hasarın cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X2 izahatında göstərdi ki, Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. 2009-cu ildə tərəflər arasında nikah pozulmuş, 1995-ci il təvəllüdlü Ləman adlı qızları iddiaçı ilə birlikdə yaşayır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-53/2013 saylı, xx.xx.2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının cavabdehə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddiası təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş ünvan 1 mənzil 105 ünvanında yerləşən mənzil paylar üzrə bölünərək mənzilin 1/2 hissəsinə iddiaçının, qalan 1/2 hissəsinə də cavabdehin mülkiyyət hüququ müəyyən edilmiş və bu barədə xx.xx.2013-cü il tarixdə həmin mənzilə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nikah pozulmadan əvvəl 1-ci mərtəbə yerləşən mənzilin zirzəmisi onların istifadəsində olmuş, ayrıldıqdan və cavabdeh yenidən evləndikdən sonra iddiaçı qızı ilə blok qapısından istifadə etmiş, cavabdeh isə əlavə birbaşa həyətə qapı açaraq həyat yoldaşı ilə birlikdə sözügedən qapıdan istifadə etmişlər. Cavabdeh mülkiyyət və istifadə hüququ olmadan qanunsuz olaraq həyəti hasara almış və əlavə həyət qapısı da qoymuşdur. Ona görə də onlar zirzəmidən isitifadə edə bilmirlər. Belə ki, zirzəminin giriş qapısı cavabdehin qanunsuz çəkilmiş hasarının hüdüdları daxilindədir. Həmin zirzəmi mənzilin iddiaçının payına düşən hissəsinin altıdır. Cavabdeh tez-tez həmin zirzəmiyə daxil olaraq onların yaşayışına maneçilik törədir. Göstərilənləri nəzərə alaraq iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, sözügedən hasar cavabdeh tərəfindən çəkilməmiş, zirzəmi isə ümumiyyətlə binanın layihəsində yoxdur. Zirzəmi cavabdeh tərəfindən qurulmuş, səliqəyə salınmış və cavabdeh oranı küçədən keçən insanların pis vərdişlərinin məskəni olmaqdan azad etmişdir. İddia ərizəsində göstərilən mənzilin ümumi sahəsi 42 kv.metr olmaqla mənzilin yeganə girişi blokdandır. Həmin qapıdan hazırda iddiaçı istifadə edir və cavabdehi o qapıdan mənzilə daxil olmağa imkan vermir. Cavabdeh mənzilin mətbəxində yaşamağa məcbur olmuşdur. Cavabdeh məcbur olub mətbəxdən küçəyə qapı açmışdır ki, həmin qapını da icra hakimiyyəti orqanı nümayəndələri bağlamasını tələb edirlər. Yəni, faktiki olaraq iddiaçı cavabdehin mənzildə sərbəst yaşamasına maneələr törətməklə hazırki əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 42, yaşayış sahəsi 22, yardımçı sahəsi 20 kv.metr olan 1 otaqlı mənzilin üzərində ½ hissədə Cavabdeh, ½ hissədə isə İddiaçı mülkiyyət hüququ xx xxxxxx 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(001)- 3081/2015 saylı qətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən, paylı mülkiyyətdə olan mənzilin Cavabdeh ilə İddiaçı arasında özlərinin müəyyən etdiyi qaydada, bərabər paylarda naturada bölünməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, işdə olan RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, tərəflərin yalnız ünvan 1 mənzil 105 ünvanında yerləşən ümumi sahəsi 42,0 kv.m olan mənzilə dair ½ hissədə hüquqları qeydiyyata alınmışdır. İşdə olan cavabdehin adına tərtib olunmuş daşınmaz əmlak əmlakın texniki pasportunun mənzil haqqında məlumatda zirzəmi haqqında məlumat qeyd edilməmişdir. Halbuki, iddiaçının iddia tələbi məhz həmin zirzəmidən istifadə edilməsinə yaradn maneənin aradan qaldırılması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin müəyyən edilən hallarına əsasən mübahisəli hasarın iddiaçının mülkiyyətində olmayan zirzəmidən istifadəyə maneə törədir. Bununla yanaşı ünvan 1 mənzil 105 ünvanında yerləşən mənzilə dair paylar müəyyən edilsə də, mənzilin yerləşdiyi 0.072 (ha) sahəsinə dair tərəflərin payları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Həmin Məcəllənin 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Həmin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə onu da vurğulayır ki, mübahisəli hasarın məhz cavabdeh tərəfindən inşa olunması ilə bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. İddia rədd edildiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakimi Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar