Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4772/2023 23.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sayğacın quraşdırılması və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “sayğacın quraşdırılması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektə 4214 m3 – 1053,50 manat dolayı yolla yaranmış borc məbləğini və yeni quraşdırılacaq sayğaca görə yaranmış borcdan azad olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin sahənin kommunal, o cümlədən qaz xəttlərinə dair sənədlər onun adına rəsmiləşdirilmişdir. İlk dəfə 2018-ci il tarixində cavabdehin nümayəndələri tərəfindən sayğacda aşkar edilmiş problemlə əlaqədar akt tərtib edilmiş və qanunsuz olaraq, nümayəndəsinin iştirakı olmadan qaz sayğacı çıxarılmış və yerinə müvəqqəti sayğac yenə, iştirakları olmadan quraşdırılmışdır. Bundan sonra sayğaca heç bir müdaxilələrinin olmadığı, həmçinin, ilkin problem onlar tərəfindən qaynaqlanmadığı üçün əsassız olaraq borc formalaşmışdır. Əsassız hesablanmış borcun silinməsinə və yeni quraşdırılmış qaz sayğacına görə ödəniş məbləğindən azad olunmağa görə iddia ərizəsi ilə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2019-cu il tarixli, 2(001)-1018/2019 saylı qətnamə ilə iddiası təmin edilmişdir. Məhkəmə prosesi dövründə müvəqqəti təminat tədbiri kimi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesi yekunlaşana kimi qazın istismarına qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə məhkəmədən xahişi təmin edilmiş və cavabdehin nümayəndələri tərəfindən müvəqqəti sayğac istifadəsinə verilmişdir. Məhkəmə işi xeyrinə yekunlaşdıqdan sonra həmin sayğac yenisi ilə əvəz edilməmiş və faəliyyətini indiki tarixə kimi davam etdirmişdir. Sayğac quraşdırılarkən nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra cavabdeh onunla müqavilə bağlamışdır. Hazırda sözügedən sayğacda yenidən problem aşkar edilmişdir. Sayğac ərazidən xeyli aralı məsafədə yerləşir. Tərəflərindən heç bir müdaxilə edilməmişdir. Həmçinin, məsafənin aralı olması səbəbindən sayğacın təhlükəsizliyinə şəxsən nəzarət etmək mümkün deyil. Yaranmış problem onlar tərəfindən qaynaqlanmamışdır. Cavabdehin nümayəndələri tərəfindən yenə onlara məlumat verilmədən, iştirakları olmadan sayğaca baxış keçirilmiş və xx.xx.2023-cü il tarixində X1 adına akt tərtib edilmişdir. Ərazi onun mülkiyyətindədir, cavabdeh ilə bağlanılmış xx.xx.2019-cu il tarixli AKX-1/4930 nömrəli müqavilə onun adına rəsmiləşdirilmişdir. Bu halda, akt aidiyyəti şəxsin, yəni onun adına tərtib edilməli olduğu halda, üçüncü şəxsin adına tərtib edilmişdir. Qeyd olunanlara əsasən, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş akt əsassız hesab edilməli, istehlakçı tərəfindən hər hansı müdaxilə olmadan sayğacda problem aşkarlandığı üçün sayğac cavabdehin hesabına yenisi ilə əvəz edilməli və əsassız yaranmış borc silinməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 4772/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “sayğacın quraşdırılması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq bildirmişdir ki, icraatda İddiaçı Cavabdehnə qarşı “debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. Belə ki, iddia ərizəsində cavabdehin qeyd etdiyi qeyri-yaşayış sahəsi kommersiya abonenti kimi fəaliyyət göstərir. Bu halda işə Binəqədi Rayon Məhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, icraatda olan mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. İddiaçı mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçını dinləyib, vəsatətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslıdır və mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs VÖEN (**********) fiziki şəxsdir. İddiaçının fəaliyyət istiqaməti “əmlakların açıq hərracda satılması fəaliyyəti”dir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, MPM-in 1ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 31-32, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “sayğacın quraşdırılması və borcun silinməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4772/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4772/2023
23.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver