Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4804/2022 11.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, 10 aprel 2001-ci il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun oğlu - X7 10 aprel 2001-ci il tarixdə anadan olmuşdur. Oğlu anadangəlmə psixi qüsurlu xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Oğlu müxtəlif vaxtlarda xəstəliyi ilə əlaqədar olaraq müalicə olunması üçün doğulduqdan sonra 9 ay ərzində Bərdə rayonunda, 3 yaşınadək isə Rusiya Federasiyasında müalicə almışdır. Nəticədə oğluna ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beyin insultu, baş beyin travmatik xəstəliklər, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən oğlu 1-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Beləliklə, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən oğlu öz hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Belə ki, ailədə oğluna maddi və mənəvi köməklik göstərən şəxs odur, oğlunun bütün ehtiyaclarını o qarşılayır və baxır. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 098187 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 aprel 2001-ci il təvəllüdlü X4 atası X6, anası Ərizəçidır. Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, 10 aprel 2001-ci il təvəllüdlü X4 diaqnozu: keçirilmiş uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, spastik tetraplegiya, orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə, nitqin pozulması. Xəstənin kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyacı vardır. Tibbi-sosial Ekspertiza Müayinəsindən 29 noyabr 2021-ci il tarixli çıxarışdan görünür ki, 10 aprel 2001-ci il təvəllüdlü X7 anadangəlmə birinci dərəcəli əlildir (ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması), əmək qabiliyyətsizdir, başqasının qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu sektoru tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, 5007 nömrəli arayışdan görünür ki, X7 məcburi köçkün kimi K.Rəhimov küçəsi 33, Politexnik 1 yataqxanasında qeydiyyatdadır. Ərizəçi məcburi köçkün deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 2522 saylı rəyindən görünür ki, 10 aprel 2001-ci il təvəllüdlü X5 uşaq serebral iflici ilə əlaqədar yaranan orta dərəcəli əqli gerilik müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. 05 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, 10 aprel 2001-ci il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 10 aprel 2001ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 10 aprel 2001-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4804/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4804/2022
11.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver