Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4849/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, faktiki olaraq iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni Yaşayış Massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış “İtron” markalı qaz sayğacı xx.xx.2022-ci il tarixdə çıxarılmış və yeni “Zenner G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Bu barədə xx.xx.2023-cü il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qaz sayğacının yoxlanılması barədə akt tərtib edilmiş və aktda sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, giriş yivli birləşmələrin deformasiyaya uğraması, kənar təsir izlərinin aşkar edilmədiyi və sayğacın istismara yararsız olması qeyd edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir, aktda sayğacdan qazın keçməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, mebran hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində öz oxundan çıxaması, dəymiş ziyanın hesablanması göstərilmişdir. 31 mart 2023-eü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə verilmiş və 12960 kub metr qaz itkisinə görə 2409 manat borc hesablanmışdır. Belə ki, sayğac küçədə yerləşir, iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi mümkün deyil. Lakin iddiaçının qaz sayğacının dövlət yoxlamasına verilməsi, rəy verilməsi barədə akt tərtib edilməsindən iddiaçının məlumatı olmamış, aktın surəti iddiaçıya göndərilməmişdir. Bu tamamilə əsassızdır. Belə ki, dövlət yoxlaması zamanı akt tərtib edilməsi barədə iddiaçıya məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş və qaz sayğacına heç bir kənar müdaxilə olmamışdır. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır . Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, sayğac mənzildən bayırda yerləşirdi və qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Sayğaca müdaxilə edilməsi barədə cavabdehdə hər hansı bir sübut da yoxdur. Qaz sayğacına müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən istifadə edilmiş qaz sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə yaranmır və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənəşdirmək mümkündür. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə baxılmasını təxirə salınmasını xahiş etmiş, lakin gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə aşağıdakı məzmunda məlumat təqdim edilmişdir: “ ... **********07630 saylı abonent kodu verilmiş Bakı şəhəri, Binəqədil rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi ünvanında quraşdırılmış smart itron tipli, G-4 markalı qaz sayğacı xx.xx.2022-ci il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt tərtib edilərək yeni qaz İtron G4 markalı sayğacı ilə əvəzlənmişdir. Elektron tablosu işləməyən Smart tipli sayğac çıxarılan zaman Birliyin əməkdaşları tərəfindən çıxarılmış sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin olması faktını aşkar etmişlər və bu barədə yuxarıda qeyd olunan akta müvafiq qeydlər aparılaraq istehlakçı məlumatlandırılmışdir. Nəticə etibarı ilə çıxarılan Smart tipli sayğacın üzərində elektron tablonun qeyd etmədiyi, lakin həmin sayğacın mexaniki hissəsinin qeyd etdiyi 18831 m3 sərfiyyat borcu aşkar edilmişdir, yəni sayğac mənfiyə işləmişdir. Bunun nəticəsi olaraq da abonentin istifadə etdiyi, yəni karta məbləğ yükləmədən işlətdiyi və bu səbəbdən də dəyəri ödənilməmiş 963,25 manat məbləğində debitor borcu yaranmışdır. Göründüyü kimi, öncədən ödənişli Smatr kart tipli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, sayğacın elektron hissəsinin qeyd etmədiyi, lakin mexaniki hissəsinin qeyd etdiyi təbii qazın sərfiyyatı üzrə abonentin, daha doğrusu iddiaçının istifadə etdiyi, lakin dəyəri ödənilməmiş 963,25 manat məbləğində sərfiyyat borcu yaranmışdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli ******* saylı akta bağlı əsas - debitor borcdur. Bu danılmaz faktdır. Belə ki, mübahisələndirilən borc məbləği “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında hesablanmış və abonentin Saldosuna yerləşdirilmiş dəymiş maddi zərər olsa idi bu hal mütləq həmin Saldo-da müqaviq olaraq “Aktlar və qalıqlar” qrafasında öz əksini tapmış olardı. Digər tərəfdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2022-ci ildə hər hansı Akt belə mövcud deyildir. Bununla bərabər işə əlavə edilmiş GASREP və AGİS proqramları üzrə Saldolarda (iş materiallarına əlavə edilmişdir) iddiaçının sərf etdiyi təbii qaza görə iyul-noyabr ayından 2022-ci ərzində demək olar ki, ödəniş etməmişdir. 2022-ci ilin dekabr ayından 2023-cü ilin may ayına qədər cavabdeh 109 manat məbləğində ödəniş etmişdir. Belə ki, hal-hazırda cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 854,25 manat borcu (debitor borc) da qalmışdır. Bunundan əlavə iddiaçının məhkəmə zalında verdiyi izahatına nəzər yetirsək görərik ki, iddiaçının həmin evdə yaşaması və təbii qazdan istifadə etməsi faktı öz təsdiqini tapır. Həmçinin, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********07630 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-04740-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissəsi gövdədən tamamilə aralanıb və nəticədə hesablama mexanizminin, prinsipinə maneə törənilib, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin mart ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir”. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, həmin tarixdə iddiaçıya məxsus ünvanda qaz sayğac dövlət yoxlanışına göndərilməsi əsası ilə çıxarılıb əvəz edilmiş, lakin həmin yoxlamanın nəticələrinə dair hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan **********07630 nömrəli abonetin saldosundan görünür ki, İddiaçı 01.2023-cü il tarixə -963,25 manat ödəniş qeyd olunmuşdur. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan və Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-29/1710-04740-1 saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissəsi gövdədən tamamilə aralanıb və nəticədə hesablama mexanizminin iş prinsipinə maneə törədilib. Qaz keçir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir... sayğacın giriş yivli birləşməsi deformasiyaya uğrayıb. Deformasiyanı aradan qaldırmaq mümkün deyil... kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. Abonentin saldosunda 2023-cü ilin yanvar ayına mövcud olan mənfi hesablamanın nəyə əsasən yaranmasını müəyyən etmək üçün məhkəmə tərəfindən Cavabdehnə iki dəfə aşağıdakı məzmunda sorğu verilmiş: “ ... Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mulki iş mövcuddur. Yaranmış zərurətlə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni Yaşayış Massivi ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılımış qaz sayğacına (abonent kodu: **********07630) dair abonentin istifadə etdiyi, yəni karta məbləğ yükləmədən işlətdiyi və bu səbəbdən də dəyəri ödənilməmiş 963,25 manat məbləğində debitor borcunun yaranma əsaslarına dair sənədlərin təsdiq olunmuş surətlərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsi xahiş edilir”. Sorğulara cavab olaraq yalnız yuxarıda sadalanan sənədlər yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, 2022-ci ilin dekabr ayına borc olmadığı təqdirdə, 2023-cü ilin yanvar ayında birdən-birə 963,25 manat məbləğində “mənfi ödənişin” yaranması əsasları barədə məlumat məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan **********07630 nömrəli abonetin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin sentyabr ayının sonuna olan borcu 2409,45 manat təşkil edir və həmin borc 01.2023-cü il tarixdə 963,25 manat mənfi ödənişin və 03.2023-cü il tarixdə 1555,20 manat məbləğində cərimənin yazılması nəticəsində yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.11-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə müvafiq olaraq, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********07630) əsassız hesablanmış 2409 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********07630) əsassız hesablanmış 2409 (iki min dörd yüz doqquz) manat məbləğində borc silinsin. 44,09 (qırx dörd manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4849/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4849/2023
17.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver