Məhkəmə qərarları › İş №2(001)-4889/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4889/2024

30.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4889/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı mənzilə Cavabdeh İB tərəfindən göndərilən bildiriş üzrə qeyd olunan 1035,59 manat borcun silinməsi öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixində ünvan 1 ünvanında yerləşən mənzili satıcı X3 alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin tarixdən etibarən o, mənzilə aid bütün kommunal xərclərini vaxtında ödəyir və heç bir qanun pozuntusuna yol verməmişdir. Buna baxmayaraq, xx.xx.2022-ci il tarixində ona heç bir məlumat verilmədən Cavabdeh İB tərəfindən qaz sayğacı qaz xəttindən çıxarılaraq başqa sayğacla əvəz edilmişdir. Bununla bağlı Cavabdeh İB tərəfindən tərtib edilən MSK- 29/0036-00634-1 nömrəli, xx.xx.2022-ci il tarixli Akta əsasən, qaz sayğacı dövlət yoxlanılması nəticəsində yararsız hesab edilmişdir. Həmin hadisədən sonra Cavabdeh İB tərəfindən verilən xx.xx.2023-cü il tarixli bildirişə əsasən 1035,59 manat qalıq borc olduğu göstərilmişdir. Cavabdeh İB həmin borcu bununla əsaslandırır ki, qaz sayğacına müdaxilə olunması nəticəsində sayğacın hesablanmasında gecikmə yaranmışdır. Həmin borc qeyd olunan mənzilin keçmiş sahibi X4 adına qeyd olunsa da, hal-hazırda həmin ünvanda yaşayan ondan tələb olunur. O, yuxarıda qeyd olunan mənzilə yerləşməsindən etibarən Cavabdeh İB-yə qaz sərfiyatı üçün bütün ödənişləri etmişdir və qaz sayğacına heç bir müdaxilə etməmişdir. Bundan əlavə, o, mənzilə yerləşdiyi tarixdən etibarən qaz sayğacının üzərində plomb mövcud olmuşdur. Lakin Cavabdeh İB tərəfindən tərtib olunan aktda qeyd olunur ki, “sayğacın element yuvasının qapağına vurulan plomb aşkar olunmadı”. Lakin cavabdehin həmin plombun onun tərəfindən sökülməsinə dair heç bir sübutu yoxdur. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ona hesablanmış 1035,59 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirirlər ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00900 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış G-4 markalı 1202Aq**********1 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/0036- 00634-1 saylı Akta əsasən “sayğacın çıxış plastmas borusu deşilib, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii X5nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış 1036,80 manat məbləğində dəymiş ziyan 2022-ci ilin avqust ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. İddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni, sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00900 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni, iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 75.2 kv/m olan mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı ümumlikdə 68000 manata satmışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, baxış keçirilən zaman plomblar aşkar olunmamış, çıxış plastmas borusunun deşilməsi, sayğacın xəta ilə işləməsi aşkarlanmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə MSK- 29/0036-00634-1 nömrəli aktın surətindən görünür ki, 1202AQ**********1 nömrəli sayğaca baxış keçirilmişdir. Qoruyucu örtüyün üzərindəki zavod seriya nömrəsi cızılaraq kənar təsir nəticəsində silinib. BRQSD-nin möhürlü kağızına əsasən yazıldı. Elementi yuvasında aşkar olunmadı. Hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomblar aşkar olunmadı. Çıxış plastmas borusu deşilib. Sayğac istismara yararsızdır. Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2022-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 8640 m³ görə məbləğin ödənilməsi tələb olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Bilərəci qəsəbəsi, məhəllə 5057-68, ev 7, 90 saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.2020-xi il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. **********00900 nömrəli abonentin saldosunun surətindən görünür ki, X4 qalıq və aktlar üzrə 2022-ci il üçün ümumilikdə 1036,8 manat akt borcu təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X5nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının: 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, xx.xx.2022-ci il tarixli ******* saylı akt etibarlı olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) rəhbər tutaraq hesab edir ki, həmin akt əsasında İddiaçı (Abonent kodu: **********00900) hesablanmış 1035,59 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7 ünvanında yerləşən 90 saylı mənzil hesablanmış (abonent kodu **********00900) 1035,59 (min otuz beş manat, əlli doqquz qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30,36 (otuz manat, otuz altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar