Məhkəmə qərarları › İş №2(001)-4894/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4894/2024

18.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4894/2024 18.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh “aliment, əmlak üzərində pay hüququnun müəyyən edilməsi və pul” tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh “aliment, əmlak üzərində pay hüququnun müəyyən edilməsi və pul” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə hər ay 235 manat pulun və cavabdehlə birgə nikah dövründə 2021-ci il tarixdə əldə etdiyi əmlakın ** BO *** dövlət qeydiyyat nişanlı “KİA” markalı minik avtomobilinin üzərində pay hüququnun müəyyən edilməklə, 14.000 manat dəyərində olan avtomobilin 7.000 manatının və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, birinci tələb – alimentlə bağlı, ikinci tələb - əmlaka pay hüququnun müəyyən edilməklə pul tələbidir. Göründüyü kimi, tələblər ailə münasibətlərindən irəli gələn tələblər olsa da, bir-biri ilə əlaqədar olmayan tələblərdir. Bundan əlavə nəzərə alınmalıdır ki, aliment tutulmasına dair işlərə 2, əmlaka pay hüququnun müəyyən edilməklə pul tələbinə isə 4 aydan gec olmayaraq baxılmalıdır. Belə olan halda, hazırki mübahisələrə birlikdə baxılması prosessual müddətlərin pozulması ilə də nəticələnə bilər. Eyni zamanda diqqətdə saxlanılmalıdır ki, ikinci tələblə bağlı tərəflər tərəfindən əmlakın dəyərinin mübahisələndirilməsi və bununla bağlı ekspertiza təyin edilməsi kimi hallar da istisna olunmur. Bu hallarda işə baxılma müddətinin daha da uzanmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 172-ci maddəsinə əsasən İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır: 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində. 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh “aliment, əmlak üzərində pay hüququnun müəyyən edilməsi və pul” tələblərinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə ümumi qaydada ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Həmçinin iddiaçıya izah olunur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçıya izah edilir ki, o, Cavabdeh qarşı əmlak üzərində pay hüququnun müəyyən edilməsi və pul tələbinə dair ümumi qaydada ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar