Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1767/2025 22.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı Cavabdeh qarşı nikahın ləğvi, uşağın himayədə qalması, aliment tələbi, nikah dövründə əldə olunmuş əmlakın bölgüsü tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında olan xx.xx.2006-cı il tarixli rəsmi nikahın ləğv edilməsi, cavabdehlə arasında olan nikahı ləğv edildikdən sonra bu nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü Vəkilzadə Həcər Rəfayıl qızı, xx.xx.2015-ci il təvəllüdlü Vəkilov Səlim Rəfayıl oğlunun yetkinlik yaşına çatanadək onun himayəsinə saxlanmasına, onunla cavabdeh arasında olan nikahın ləğv edildikdən sonra nikahından anadan olmuş övladları xx.xx.2011-ci il təvəllüdlü Vəkilzadə Həcər Rəfayıl qızı və xx.xx.2015-ci il təvəllüdlü Vəkilov Səlim Rəfayıl oğlunun saxlanması üçün hər ay 250 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi, alimentin məhkəməyə müraciət edildiyi tarixdən etibarən hesablanmasını və birgə nikah dövründə əldə etdiyi əmlakın yarı bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsi imzalanmamış, həmçinin iddia ərizəsində iddiaçı birgə nikah dövründə əldə etdiyi əmlakın yarı bölünməsini xahiş etsə də, həmin əmlakların nədən ibarət olması və həmin əmlaklara dair sənədləri iddia ərizəsinə əlavə etməmiş, qeyri-müəyyən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və həmin Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı nikahın ləğvi, uşağın himayədə qalması, aliment tələbi, nikah dövründə əldə olunmuş əmlakın bölgüsü tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1767/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1767/2025
22.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver