Məhkəmə qərarları › İş №2(001)-4959/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4959/2021

26.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4959/2021 26.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqı, məzuniyyət pulu və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqı, məzuniyyət pulu və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, 2016-cı ildən Cavabdeh MMC-də sürücü vəzifəsində işləyir. Əmək haqqı rəsmi olaraq 250 manat qeyd olunsa da, qeyri-rəsmi olaraq hər ay əlavə 400-500 manat əmək haqqı alırdı. 18.01.2021-ci il tarixdən o və bir neçə digər əməkdaş işə buraxılmır və onlara əmək haqqı ödənilmir. Halbuki hələ də onlarla əmək müqaviləsinə xitam verilməmiş və onlar rəsmi olaraq Cavabdeh MMC-nin işçisidir. Səbəb kimi barələrində araşdırmanın aparılması qeyd olunmuş, lakin artıq 7 aydan çox müddət keçməsinə baxmayaraq konkret olaraq nəyi araşdırdıqları aydın deyil. Onun tərəfindən hər hansı kobud pozuntuya yol verilmişdirsə, onunla bağlanan əmək müqaviləsinə xitam verilməlidir. Əmək müqaviləsinə xitam verilmədiyi halda işə buraxılmaması və ona əmək haqqı ödənilməməsi qanunsuz və əsassızdır. Bunun nəticəsində o, ciddi mənəvi sarsıntı keçirmişdir. Belə li, həmin müddətdə ailəsini dolandıra bilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, İddiaçı 18.01.2021-ci il tarixdən daxili əmrlə işdən kənarlaşdırılmışdır. Belə ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna müraciət edilmiş və həmin müraciətə baxılıb yekun qərar qəbul edilməyənə qədər İddiaçı Cavabdeh MMC-də əmək fəaliyyətini davam etməsi və əmək haqqı alması mümkün deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçın Cavabdeh MMC-də 12.08.2016-cı il tarixdən sürücü vəzifəsində işləyir, 250 manat əmək haqqı alır və onunla bağlanmış əmək müqaviləsinə hal-hazırda xitam verilməmiş, lakin 18.01.2021-ci il tarixli U/18-01-21/1486-2-2 saylı əmrə əsasən həmin tarixdən müvəqqəti olaraq işdən kənarlaşdırılmış və əmək haqqının hesablanması müvəqqəti olaraq dayandırılmışdır. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Binəqədi rayon prokurorluğunun 01.06.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh MMC-nin anbardarı vəzifəsində işləmiş X1 və X2 MMC-nin 21037,55 manat pul vəsaitini mənimsəmələrinə dair MMC-nin müraciəti üzrə toplanmış material üzrə sonuncuların əməlində cinayət tərkibi olmadığına görə ... material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın məzmunundan göründüyü kimi, hazırkı iş üzrə iddiaçıya münasibətdə ümumiyyətlə hər hansı araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178.1-ci maddəsinə görə, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Məhkəmə iddia tələbinin iddiaçının məzuniyyət hüququndan istifadə edilməməsi və məzuniyyət üzrə pul əvəzinin öna ödənilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə hal-hazırda xitam verilməmiş və o, məzuniyyət hüququndan istifadə etmək hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanları, tərəflərin izahatlarını və iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMCdən iddiaçıya yeddi ay ərzində ödənilməmiş 1750 manat məbləğində əmək haqqı və 250 manat vurulmuş mənəvi zərərin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən iddiaçıya yeddi ay ərzində ödənilməmiş 1750 (min yeddi yüz əlli) manat məbləğində əmək haqqı və 250 (iki yüz) manat vurulmuş mənəvi zərərin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar