Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-496/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin və avtomobilin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nin mülkiyyətində olan “xxxx” markalı, “Patrol” modelli **-AB-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh İddiaçı MMCnin xeyrinə 23645 manat əsas lizinq borcu, 7392 manat lizinqdən istifadəyə görə faiz borcu , 10800 manat hesablanmış penya, cəmi 41837 mant borc, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “xxxx” markalı “Patrol” modelli **-AB-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh MMC-nin xeyrinə 23645 manat əsas lizinq borcu, 11157 manat lizinqdən istifadəyə görə faiz borcu, 23722 manat hesablanmış peniya, cəmi 5524 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli, 1901/0557 saylı X3 əsasən İddiaçı Cavabdeh ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli Əlavədə göstərilən və ümumi dəyəri 24000 manat olan 1 ədəd “xxxx” markalı, “Patrol” modelli **- AB-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, cavabdehə müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh isə öz növbəsində 24000 manat məbləğində borcu illik 26% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçınə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Lizinq müqaviləsinə 2 nömrəli Əlavədə (lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 27% faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. 22 yanvar 2019-cu il tarixli 1901/0557 saylı X2 14.1-ci maddəsinə əsasən, Lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına Lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər: 14.1.3. Lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirib. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, maşın 2020-ci ilin iyul ayında ofisin yanına qoyulub. Bu gün nə qarşı tərəfdə nə də ki, onların özündə hər hansı bir sənəd yoxdur ki, o maşının şirkətə təhil verilməsini təsdiqləsin. Lakin MMC-nin maşını təhvil verməsi ilə bağlı təhvil-təslim aktı mövcuddur. Onda olan məlumata əsasən maşın yay aylarında gətirilib. Hal-hazırda MMC tələb edilən cəimə məbləğində belə keçməyə hazırdır. Lakin əsas borcla faiz borcunun təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, maşını 2019cu ilin qış aylarında təhvil vermişdir. Ofisin olduğu yeri 3 dəfə dəyişmişlər. Maşının açarının Bədirxanlı Elvin adlı şəxsə təhvil vermişdir. Maşın 3 ay müddətində satışa qoyulmuş, satış yeri isə maşın bazarının yuxarı hissəsində olmuşdur. O, 2 ay ödəniş etsə də, 3-cü ay maşını təhvil vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, maşın 2019-cu ildən qaytarılmışdır. Aylı ödəniş 967 manat olmuşdur. Cəmi 2 dəfə ödəniş olmuşdur. 2019-cu ilin mart ayından etibarnamənin müddəti bitib. Aprel ayında artıq etibarnaməsi qüvvədə olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli 1901/0557 saylı X3 əsasən lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş “xxxx” markalı, “Patrol” modelli **-AB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini təqdim edir. Lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 24000 manat təşkil edir. Müqavilənin 5.3-cü bəndinə əsasən bu müqavilə üzrə ümumi lizinq müddəti 36 ay, 1 illik faiz dərəcəsi 26% təşkil edir. Müqavilənin 7.1-ci bəndinə əsasən lizinq alan hər ayın 22-si tarixində bərabər miqdarda olmaqla 22 yanvar 2022-ci il tarixədək hər ay cədvəl üzrə ödənişi ödəməyi öhdəliyinə götürür. Müqavilənin 7.2.-ci bəndinə əsasən alınan lizinq məbləği avtomobilin dəyərinin 100%-i, 24000 manat təşkil edir. Müqavilənin 10.1-ci bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirdiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0.5% məbləğində cərimə pulunun ödənilməsini tələb edir. Lizinq alan isə onu ödəməyi öhdəsinə götürür. Qeyd olunan Müqaviləyə 1 saylı Əlavəyə əsasən “xxxx” markalı, “Patrol” modelli **-AB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən İddiaçındən təhvil alınmışdır. Qeyd olunan Müqaviləyə 2 saylı Əlavəyə əsasən lizinq ödənişlərinin əvvəli 22 fevral 2019cu il tarixdən başlamaqla, 22 yanvar 2022-ci il tarixinə qədər geri qaytarılması nəzərdə tutulmuşdur; AD seriyalı, 432619 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “xxxx” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdir; İddiaçı tərəfindən verilmiş 23 oktyabr 2020-ci il tarixli arayışına əsasən Cavabdeh Rəhimbala oğlunun müqavilə üzrə verilən lizinq məbləği 24000 manatdır, cavabdeh tərəfindən sonuncu dəfə 20 iyun 2019-cu il tarixdə 1200 manat ödəniş edilmişdir. 1901/0557 saylı daxili lizinq müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 22.02.2019-cu il tarixində 240 manat, 23.04.2019-cu il tarixində 1200 manat və 20.06.2019-cu il tarixində 1200 manat ödəniş edilmişdir. 06 avqust 2020-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 22 yanvar 2019-cu il tarixli 1901/0557 saylı Daxili lizinq müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Lizinq verən İddiaçı lizinq obyekti olan “xxxx” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinq alan Cavabdeh lizinqə vermişdir. Lizinq verən 24000 manat dəyəri olan avtomobilin 36 ay müddətinə, 26 % dərəcəsi ilə lizinqə vermişdir. Alınan lizinq məbləği avtomobilin dəyərinin 100%-ni təşkil etmişdir. Müqavilədə lizinq alanın ödəniş cədvəlinə uyğun ödənişləri həyata keçirmədiyi halda gecikdirilmiş əsas borc məbləğinin 0.5 % məbləğdə gecikdirilmiş hər gün üçün cərimə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lizinq verən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinin hər bir konkret halına görə lizinq obyektinin cari dəyərinin 1% miqdarında dəbbə pulunu tələb etmək hüququna malik olmuşdur. Lizinq obyektinə mülkiyyət hüququ lizinqin ümumi müddəti bitdikdən sonra, bütün ödənişlər həyata keçirildiyi halda lizinq alana keçə bilər. Müqavilənin tərkib hissəsi olan 2 saylı əlavədə lizinq ödənişinin aylıq 967 manat olmaqla 22 yanvar 2022-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Lizinq alan lizinq ödənişlərini lazimi qaydada icra etməmiş, yalnız sonuncu dəfə 20.06.2019-cu ildə ödəniş etməklə cəmi 2640 manat ödəniş etmişdir. İddiaçı iddia ərizəsi verilən zaman lizinq predmetinin geri qaytarılmasını tələb etməmiş, lakin sonradan tələbini artıraraq həmçinin lizinq predmetinin geri qaytarılmasını xahiş etmişdir. Halbuki məhkəmə iclasları zamanı iddiaçının nümayəndəsi lizinq predmetinin məhkəməyə iddia verilməmişdən qabaq qeyri-rəsmi qaydada qaytarıldığını etiraf etmişdir. Yəni iddiaçının nümayəndəsi lizinq predmetinin 2020-ci ilin iyul ayında və ya yay aylarında(əvvəlki məhkəmə iclaslarında demişdir) qaytarıldığını bildirməsinə baxmayaraq, tələbini artırarkən lizinq predmetinin yenidən qaytarılmasını da xahiş etmişdir. İddiaçı lizinq mükafatı da daxil olmaqla müqavilə müddətinin sonuna qədər olan borcu tələb edir. Cavabdeh iddianı qismən qəbul edir və lizinq predmetini 2019-cu ilin qış aylarında qaytardığını bildirir, bunu verilmiş etibarnamənin bitməsi ilə əsaslandırır. O cümlədən onun tərəfindən edilmiş ödənişlərin məbləğini mübahisələndirməyərək qəbul edir. Məhkəmə əvvəla qeyd edir ki, işin mübahisələndirilən halı yalnız avtomobilin qaytarılıb-qaytarılmaması və qaytarılmışdırsa nə vaxt qaytarıldığı ilə bağlıdır. İşin mübahisələndirilən halı mübahisənin düzgün həll edilməsi üçün ona görə əhəmiyyətlidir ki, lizinq verən lizinq predmetinin lizinq alanda olmadığı müddət üçün lizinq ödənişi tələb edə bilməz. Belə ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir. Yəni lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İddia tələbindən göründüyü kimi iddiaçı həm əsas borc kimi 23645 manat lizinq borcunu, həm də lizinqdən istifadəyə görə 11157 manat faiz borcunu tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, lizinq müqaviləsi kredit müqaviləsi hesab edilmədiyindən lizinq predmetini pul məbləği təşkil etmir. Yəni hazırki mübahisədə iddiaçı həm lizinq predmetini, həm lizinq müqaviləsinin sonuna(22.01.2022-ci qədər) qədər olan lizinq muzdunu tələb etsə də, bu lizinq müqaviləsinin mahiyyətinə ziddir. Belə ki, yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi lizinq müqaviləsi lizinq predmetindən istifadə edilməsi nəticəsində yaranan öhdəlikdir. Eyni zamanda iddiaçı kredit münasibətlərinin kreditoru kimi sanki pul məbləğini faizlə kreditə vermişdir. İddiaçı nəzərə almamışdır ki, lizinq ödənişlərinə MM-nin 748-11-ci maddəsində nəzərdə tutulmuş ödənişlər aid edilmişdir. Bu baxımdan iddiaçının həm əsas, həm faiz borcu kimi tələb etdiyi məbləğin cəmi faktiki olaraq lizinq ödənişi hesab edilir. Bu baxımdan məhkəmə tələb olunan həm əsas, həm faiz borcuna vahid məbləğ kimi qiymət vermişdir. İşin hallarından cavabdehin müqavilə üzrə öhdəliyini icra etmədiyi müəyyən edildiyi kimi, cavabdehin özü də lizinq müqaviləsi üzrə ödənişlərini vaxtında icra etmədiyini və müqavilə şərtlərini pozduğunu qəbul edir. Lakin cavabdeh avtomobili 2019-cu ilin qış ayında təhvil verdiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı isə iddia tələbində lizinq predmetinin qaytarılmasını tələb etsə də, faktiki olaraq lizinq predmetinin 2020-ci ilin iyul ayında artıq qaytarıldığını bildirmişdir. Məhkəmə göstərilənlərlə bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bu baxımdan məhkəmə iddianı yalnız 2020-ci ilin iyun ayı daxil olmaqla lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin icra edilmədiyi dövr üçün əsaslı hesab edir. Belə ki, lizinq müqaviləsinin bağlandığı vaxtdan, yəni 22.01.2019-cu il tarixdən lizinq predmetinin lizinq alanda olduğu vaxt ərzində, yəni 2020-ci ilin iyul ayınadək lizinq alan 16439(17X967) manat ödəməli olduğu halda cəmi 2640 manat ödəniş etmişdir. Bu baxımdan 13799(16439-2640) manat məbləğində pul vəsaiti lizinq alandan lizinq verənin xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan lizinq müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin lizinq müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 23722 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 3 Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Qeyd edilən normanın mənasına görə zərər dedikdə, hüquqi pozulmuş (zərər çəkmiş) şəxsin düşdüyü və düçar olduğu elə maddi itki başa düşülür ki, bunun nəticəsində onun əmlakı və ya şəxsi qeyri-maddi nemətləri azalır. Zərər (zərərvurulması faktı) yoxdursa, mülki hüquq məsuliyyəti də yoxdur. Bu, onu söyləməyə əsas verir ki, zərər mülki hüquq məsuliyyətinin məcburi, zəruri və labüd əsasıdır. Borclu (zərərvuran) özünün davranışı ilə (hərəkət və ya hərəkətsizliyi ilə) kreditorun (zərərçəkənin) əmlak sahəsində mənfi nəticələr yaradır. Məsələn borc alan aldığı borc məbləğini qaytarmır və bununla da kreditorun (zərərçəkənin) gəlirinin azalmasına və ya itirilməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməklə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etmədikdə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun 4 növünü fərqləndirir. Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi alternativ ödənilən dəbbə pulu, yəni, borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü müstəsna dəbbə pulu, yəni, borclu zərərin əvəzini ödəmir, o təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.3cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Mülki Məcəllənin 467-ci maddəsində məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və 1300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində də təmin edilməməlidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı lizinq obyekti olan “xxxx” markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən alınaraq MMC-yə qaytarılmasını tələb etsə də, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmədə verdikləri izahatlarında avtomobilin artıq MMC-yə qaytarıldğını təsdiq etmişlər. Odur ki, iddia tələbi avtomobilin cavabdehdən alınaraq MMC-yə qaytarılması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13799 manat məbləğində əsas borc, 1300 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 15099 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilən 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləğində hissəsi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 22 yanvar 2019-cu il tarixli 1901/0557 saylı Daxili lizinq müqaviləsi üzrə Cavabdeh 13799 manat lizinq ödənişi və 1300 manat cərimə borcu olmaqla, ümumilikdə 15099(on beş min doxsan doqquz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10(on) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən llkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-496/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-496/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver