Məhkəmə qərarları › İş №2(001)-4983/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4983/2022

07.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4983/2022 07.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbi barədə mülki işə 07 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ət satışı ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., 3126-cı məhəllə ünvanında su hesabına 06 may 2017-ci il tarixə əsassız təyin edilmiş 2174,94 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, iddia ərizəsində qeyd edilən ünvanda ət kəsimi ilə məşğul lur. 2016-cı ildə cavabdehin əməkdaşları tərəfindən həmin obyektə su sayğacından kənar qoşulma ilə sudan qanunsuz istifadə əsası ilə 2174,94 manat cərimə təyin edilmişdir. O, cərimənin əsassız olması və silinməsi iddiası ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)-2610/2021 saylı qətnaməsinə əsasən, iddiası təmin edilmiş, qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Sonradan o, həmin qətnamənin icrası ilə maraqlandıqda ona məlum olmuşdur ki, cavabdeh tərəfindən eyni məzmunlu hərəkətlər 2017-ci ilin 06 may tarixində də edilmiş, yenə eyni əsasla ona 2174,94 manat cərimə hesablanmışdır. Buna görə də o, cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmiş, habelə, iddiaya yazılı münasibətini bildirməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - MXD – 07426 nömrəli inventar aktından görünür ki, 06 may 2017-ci il tarixdə istehlakçı İddiaçı ət kəsimi fəaliyyəti ilə məşğul olduğu 7-ci mkr., E.Məlikov 2A ünvanına baxış keçirilərkən sayğacdan kənar diametrli 15 mm. olan rezin boru ilə sudan qeyriqanuni istifadə aşkarlanmış, qeyri-qanuni su xətti kəsilərək ləğv edilmişdir. - qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, İddiaçı 06 may 2017-ci il tarixli, MXD 07426 nömrəli akt üzrə 2174,94 manat cərimə hesablanmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)-2610/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Binəqədi rayonu, 7-ci mkr., 3126-cı məhəllə ünvanında su hesabına 01 fevral 2016-cı il tarixdə hesablanmış 2174,94 manat borcun silinməsini xahiş etmiş, iddia təmin edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 5.1 və 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçının hüquqlarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır:

1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır;

2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır;

3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;

4. Bu sübutlar birlikdə dəyərləndirilməldir. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni Cavabdeh ASC-nin üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən iddia ərizəsində göstərilənləri təkzib edən hər hansı sübut, daha dəqiq aktın yazılmasına əsas olmuş sənədlər və videogörüntü təqdim olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., 3126-cı məhəllə ünvanında su hesabına (müqavilə nömrəsi 102635) 06 may 2017-ci il tarixli, MXD-07426 saylı akta əsasən hesablanmış 2174,94 manat cərimə əsassız hesab edilərək silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar