Məhkəmə qərarları › İş №2(001)-500/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-500/2022

25.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-500/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi anası X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X4 12 aprel 1942-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. Hal-hazırda ərizəçi anası ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 2019-cu ilin 09 aprel tarixində ərizəçinin anası insult keçirtmiş və 20 aprel 2019-cu il tarixinədək Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında müalicə almışdır. Daha sonra ambulator müalicəsi bitdiyi üçün evə buraxılmışdır. Xəstəxana tərəfindən verilmiş ambulator kitabçadan çıxarışa əsasən ona insult 2 tərəfli hərəkət zəifliyi diaqnozu qoyulmuşdur. Eyni zamanda iddiaçının anası diabet xəstəliyindən də əziyyət çəkir. Anası insult keçirtdiyi vaxtdan ona ərizəçi baxır. Belə ki, hərəkət zəifliyi xəstəliyindən əziyyət çəkən xəstələr birmənalı şəkildə öz fiziki gücləri hesabına hər hansı hərəkət edə bilmir, daim bütün ehtiyyacları üçün kənar şəxsin köməyinə ehtiyyac duyurlar. Ərizəçi anasına xəstəlikdən əvvəl qulluq etsə də, bu xəstəlikdən sonra - 20 aprel 2019-cu il tarixdən birmənalı olaraq hər zaman onun qulluğuna ehtiyyac duyduğu üçün fasiləsiz şəkildə ona xidmət edir. Həm onun fiziki ehtiyyaclarını, həm də onların ikisinin maddi tələbatlarını ərizəçi qarşılayır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, anası ümumiyyətlə uzun müddətdir ki, yataq xəstəsidir. Hal-hazırda heç onun özünü də bəzən tanımır. Səhər onu oğlu olaraq tanıyırsa, sonradan gün ərzində onu ya atası olaraq görür, ya da ümumiyyətlə adını bilmədiyi kənar şəxs kimi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X7 ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 Ərizəçi anasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 14.12.2021-ci il tarixli, 2994 saylı rəyində göstərilmişdir ki, “ ... Tibbi sənədlər əsasında (qiyabi) aparılan müayinə nəticəsində məlum olur ki, Babayeva X3 insult sağ gicgah nahiyəsində qansızma. Arterial hipertenziya İİİ mərhələ. Soltərəfli hemiparez diaqnozu ilə Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında 04.04.2020-ci il tarixdən 20.04.2020-ci il tarixə kimi stasionar müalicədə olmuşdur. Xəstənin oğlu, Ərizəçi göstərir ki, hal-hazırda anası özünü idarə etmək iqtidarında deyil, yaddaşı gəlir-gedir, elə vaxt olur ki, heç onun özünü, bacılarını da tanımır. Göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Babayeva X2 insultdan sonra meydana gələn demensiya formasında psixi xəstəlikdən əziyyət çəkir. Göstərilən diaqnozlu xəstəliklə əlaqədar o, öz hərəkətlərini şüurlu ölçübbiçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Mülki Məcəllənin 35.1-ci maddəsinə görə, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Bu baxımdan o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 12.04.1942-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan X4 (FİN: 39RN7GL) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar