Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5033/2025 02.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 2922.74 manat hesablanmış əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsi faktiki olaraq iddiaçının və onun ailə üzvlərinin istifadəsindədir. Həmin ünvandakı Abonent kodu **********00000 (köhnə kodu- **********00000) olmaqla cavabdeh X1 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə iddiaçının tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. X2 əməkdaşları tərəfindən qaz sayğaclarının yenilənməsi zamanı iddiaçının sayğacı da yenisi ilə əvəz olunmuş və sayğacın yenilənməsi ilə bağlı sənəd imzalanmışdır. Sayğac dəyişdirlən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Lakin cavabdehin 16 may 2023-cü il tarixli məktubuna əsasən, 19 may 2023-cü ildə X1 Metrologiya Departamenti tərəfindən qaz sayğacına baxış keçirilmişdir. Baxışın nəticəsi olaraq sayğaca müdaxilə olunması və onun istismara yararsızlığı barədə iddiaçının iştirakı və heç bir məlumatı olmadan xx.xx.2023-cü il tarixli 03722667 nömrəli Akt tərtib olunmuşdur. Guya sayğaca müdaxilə olunduğu üçün 2922.74 manat borc yazılıb. İddiaçı bildirir ki, sayğaca müdaxilənin özü və ya ailə üzvləri tərəfindən həyata keçirilməsi hər hansı formada sübuta yetirilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Cavabdeh İB tərəfindən müəyyənləşdirilən borca etirazını bildirmişdir. İddiaçı bildirir ki, cavabdehin əməkdaşları ona yalan vəd vermişlər və o buna dair sübutları olduğunu da deyir. İddiaçı ailə üzvləri ilə birgə barəsində borc olan Smart tipli sayğacın yerləşdiyi evdə yaşamır. Sayğaca özü tərəfindən hər hansı müdaxilənin olunmadığını deyir. İddiaçı sayğac çıxarılanda evdə olmayıb. Bu barədə ona bir müddət sonra qonşusu tərəfindən məlumat verilib.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə etdiyini bildirmişdir. O, əlavə olaraq bildirmişdir ki, Azərbaycana 10 ilə yaxın müddətdir gəlib. Azərbaycan Tibb Universitetində müəllim kimi işləyir. Qaz xəttinə müdaxilə və yaxud kənar hərəkətləri heç vaxt etmədiyini demişdir. Sayğac çıxarılan zaman məlumatı olmayıb. Məhkəməyə gec müraciət etməyinin səbəbi cavabdeh tərəfindən iddiaçıya verilən yalan vədlər olmuşdur. Cavabdeh iddiaçıya narahat olmamağını, borcunun silinəcəyini bildirmişdir. İddiaçı 330 manat borcunun ola biləcəyini qəbul edir. O bildirir ki, evi 2 mərtəbəli olmaqla təxmini 120 kv.m-dir. Evdə daimi işlək kombi, qaz sobası var. Sayğac hazırda kartla olan Smart tipli sayğaclardandır.
5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, xx.xx.2025ci il tarixində məhkəməyə ünvanladığı iddiaya etirazında bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış G-6 markalı 28025504 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3-5-2433-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu” qaz itkisi, müdaxilə barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 21600 m3 təşkil etmişdir. Hesablanmış 2592 manat məbləğində dəymiş ziyan 2023-cü ilin fevral ayından abonentin koduna yerləşdirilmişdir. Bildirilir ki, cavabdehin ödənilməmiş 2022-ci ilin noyabr-dekabr ayları üzrə 100,32 manat sərfiyyat borcu və limitdən əlavə 35.92 manat sərfiyyat borcu, 2023-cü ilin fevral ayı üzrə 367.92 manat sərfiyyat borcu və limitdən əlavə 177.58 manat sərfiyyat borcu, cəmi 681.74 manat sərfiyyat borcu qalmışdır. 2022-ci ilin noyabr ayından 2025-ci ilin yanvar ayına qədər cavabdeh 351 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 330.74 manat təşkil etməkdədir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağı ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqq hesabatının aparılmasını əngəlləmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. İddiaçı ünvan 2 ünvanında yaşamaqdadır.
7. Cavabdeh İB-nin BRQSD-nın rəis müavini tərəfindən xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur.
8. Bundan sonra sayğac xx.xx.2023-cü il tarixdə BRQS Departamentinin dövlət yoxlamasına gətirilmiş və həmin tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə MSK-14-2-2/3-5-2433-1 saylı AKT tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, G-6 M / 0261 saylı qutuya baxış keçirilmiş, Sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu. Sayğac istismara yararsızdır”.
9. xx.xx.2023-cü il tarixli ******* nömrəli AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən 28 fevral 2023-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 10 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcminin 21600 kub.m olduğu ehtimal edilmişdir.
10. Abonentin saldosuna 2023-cü ilin fevral ayında qalıq və aktlara görə 2592 manat borc hesablanmışdır.
11. İddiaçı sayğaca müdaxilə etmədiyini, aktın tərtib edilməsindən məlumatsız olduğunu iddia etməklə hesabına yazılmış 2922.74 manat borcun silinməsini tələb edir.
12. Cavabdeh tərəf isə iddianı ona görə əsassız və yazılan cəriməni ona görə əsaslı hesab edir ki, sayğaca müdaxilə edilmişdir və nəticədə istehlakçının hüquqa zidd və təqsirli hərəkətləri nəticəsində onlara ziyan vurulmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
13. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun (2022-ci il mayın 1-dən qüvvəyə minən dəyişikliklərlə):
14. 13-cü maddəsinin 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının(xx.xx.2023-cü il tarixədək olan dəyişikliyə əsasən):
16. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir
17. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
18. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
19. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
20. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.
22. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
23. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.(xx.xx.2023-cü il tarixli dəyişikliklə)
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
25. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
28. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”
29. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh tərəfindən abonentə hesablanmış 2592 manat məbləğində borc əsassızdır və silinməlidir, digər hissədə isə iddia ona görə əsassızdır ki, silinməsi istənilən məbləğ debitor borcudur və istifadə edilmiş qazın dəyəridir.
30. İşin halları ilə müəyyən edilir ki, qaz paylayıcı tərəfindən abonentin iştirakı olmadan təbii qazın uçotu və TQİQ-na riayət edilməsinin yoxlanılması məqsədilə yaşayış sahəsinə baxış keçirilmiş və sayğac çıxarılmışdır. Saldoda qeyd edilən sayğacın quraşdırma tarixindən o qənaət yaranır ki, sayğac xx.xx.2023-cü il tarixdə çıxarılmışdır. Lakin nə etirazın dəlillərində, nə ona əlavə edilən sənədlərdə sayğacın çıxarılması ilə bağlı hər hansı sənəd olmamış, bu barədə əsaslandırma aparılmamışdır. Çıxarılan sayğac laboratoriya yoxlamasına göndərilmiş və yoxlamanın nəticəsində sayğaca müdaxilə olunduğu barədə rəy verilmişdir. Belə ki, laboratoriya yoxlamasının rəyində qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. İİRİ-nin rəyi əsasında xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT tərtib edilmiş və itirimiş 21600 kub.m qaz həcminin dəyəri olaraq abonentə 2592 manat borc yazılmışdır.
31. Məhkəmə hesab edir ki, əvvəla sayğac abonentin iştirakı olmadan çıxarılmışdır, ümumiyyətlə bu barədə qaz paylayıcı tərəfindən hər hansı AKT tərtib edilməsi müəyyən edilmir. İkincisi sayğacın çıxarılması, laboratoriyaya təqdim edilməsi zamanı hər hansı video, foto çəkiliş aparılmamışdır. Hansı ki, bu qaz paylayıcının obyektiv fəaliyyətinə və tərtib edilən aktın, rəyin mötəbərliyinə əsas verən amildir. Üçüncüsü qanunun tələbinə görə sayğaca müdaxilə halı aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli olduğu halda bunu etməmişdir. Halbuki, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini tələb edə bilər.
32. Odur ki, sayğaca müdaxiləyə görə abonentə hesablanmış 2592 manat borc əsassız olduğundan silinməlidir. Tətbiq edilən prosessual normalar
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
36. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
37. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda— qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
39. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
40. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar Nəticə:
42. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən sayğaca müdaxiləyə görə abonentə hesablanmış 2592 manat borc **********00000 saylı abonent hesabından silinməli və istehlakçının ödəməkdən azad olduğu 45.92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən sayğaca müdaxiləyə görə abonentə hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat borc **********00000 saylı abonent hesabından silinsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 45.92 manat məbləğində vəsait Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev