Məhkəmə qərarları › İş №2(001)-5039/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5039/2021

30.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5039/2021 30.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcunun silinməsi dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 30 aprel 2019-cu il tarixli, ******* nömrəli akt əsasında ona hesablanmış 707,4 manat borcun silinməsi və onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı daşınmaz əmlak ona məxsusdur və bağ evi kimi ailəsi ilə birlikdə istifadə edir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Novxanı kəndində yerləşən ona məxsus bağ evinin qaz sayğacı yenisi ilə əvəz edilmiş və akta əsasən qaz sayğacını dəyişərkən heç bir nöqsan aşkar edilməmişdir. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələrinin və onun iştirakı ilə 18 yanvar 2019-cu il tarixdə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin “qeyri əhali qaz sayğacının yoxlanılması haqqında” 19/1710-00375 nömrəli 10 aprel 2019-cu il tarixli akta əsasən sayğaca laboratoriyada texniki baxış keçirilmiş və sayğac yararsız hesab edilmişdir. Lakin sonradan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğacın klapanının işlək olmamasını müəyyən etmiş və onun iştirakı olmadan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmiş, əsassız olaraq 707,4 manat cərimə hesablanmışdır. Ona bu barədə heç bir məlumat və bildiriş verilməmişdir. Yalnız 2021-ci ilin fevral ayında ona məlum olmuşdur ki, onun smart qaz kartından qaz üçün ödədiyi vəsaitdən qanunsuz pul tutulur. Uzun illərdir ki, o, vaxtlı vaxtında sayğacla hesablanmış qaz borcunu ödəmiş və sayğacın plombunun pozulması, sayğaca müdaxilə olmamışdır. Belə işə fikri və məqsədi olmamışdır. Heç bir sübut olmadığı təqdirdə və qanunvericiliyə əsasən onun iştirakı ilə aparılmalı olan hərəkətlərin onun iştirakı olmadan aparılması və bu barədə ondan hər hansı bir izahatın alınmadan onun tərəfindən bu qanunsuz hərəkətin edildiyi nəticəsinə gəlinməsi nə qədər qanuni və ədalətlidir? Mübahisəli akt inandırıcı sübut kimi qiymətləndirilə və onda təsbit olunan məlumatların həqiqiliyi məhkəmə tərəfindən qəbul oluna bilməz. Onun iştirakı ilə köhnə sayğac tam qüsursuz halda çıxarılmış, yoxlanılaraq “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən təhvil alınmışdır. Onun iştirakı ilə həmin an “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Sonradan “Azəriqaz” İstehsalat Birliyi hər hansı bir xəbərdarlıq etmədən istehlakçıya qanunazidd borc cəriməsi yaza bilər. Halbuki, ümumiyyətlə o, həmin proseslərdə iştirak etməmişdir. Əgər iştirak etmişdirsə, o zaman hər hansı bir bununla bağlı sübut təqdim etsinlər. Qaz sayğacı evdən kənarda əsas küçədə yerləşir və həmin sayğacın qorunması kimi hər hansı bir qanunvericiliklə müəyyən olunmuş vəzifəsi yoxdur. Bu baxımdan da qaz sayğacına hər bir halda kimsə tərəfindən hər hansı bir müdaxilə və kənar təsirin olması onun məsuliyyəti kimi müəyyən oluna bilməz. Bu həm də məntiqsiz davranışdır. Bu nöqteyi nəzərdən də hesab edir ki, hər hansı bir şəxsin hər hansı bir məsuliyyət növü üzrə məsuliyyətinin yaranması üçün həmin şəxsin öncə baş vermiş hadisədə təqsiri müəyyən olunmalıdır. Təqsirsiz vurulan zərərə görə şəxs məsuliyyət daşıya bilməz. Nəticə etibarı ilə bildirir ki, sayğaca kənar təsir olmamışdır. Digər tərəfdən də bu qanuna zidd hərəkətin törədilməsində onun təqsiri heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iş materiallarında olan Gasrep adlı sənəddən görünür ki, 2017-ci ilin yay aylarından 2018-ci ililn yayına kimi iddiaçı tərəfindən cəmi 10 manat qazdan isifadəyə görə pul ödənilmişdir. Bu isə ağlabatan deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddiasını müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisəli evdə 2001-ci ildən 2014-cü ilədək (nənəsinin vəfatınadək) daimi yaşayış olmuşdur. Həmin müddət ərzində evdə 4 nəfər yaşamışdır. Həmin evdə qış aylarında kombi sistemi, iran peçi və adi qaz işlədilmişdir. 2014-cü ildən sonra isə həmin evdə daimi yaşamasa da gedib baş çəkimişdir, belə ki, 2014-cü ildən sonra nənəsi və babasının yas mərasimlərinə görə şəhərdə qalmalı olmuşdur. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə 18 yanvar 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus Novxanı kəndində bağ evində qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentinə təhvil verilmişdir. “Azəriqaz” X1 təbii qazın dəyərinin hesablanması komissiyasının 30 aprel 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sənaye və məiçət qaz sayğacları kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 10 aprel 2019-cu il tarixli, 29/1710-00375 nömrəli aktına əsasən G-4 markalı, 1002AQ**********3 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən çatlamış, sayğacda Alarm 1 rejimi aşkar olunmuşdur. Bu barədə 30 oktyabr 2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. İstehlakçı İddiaçı aid ünvanda qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 7.074 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş qaz sayğaclarının yoxlanılması barədə MSK 29/1710-00375 nömrəli aktın surətindən görünür ki, 1002AQ**********3 zavod nömrəli qaz sayğacında xətalar normadan artıqdır. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələt korroziyaya uğramışdır. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən çatlamışdır. Sayğacın yaddı arxivi oxundu. Sayğacda istismar müddətində 08 avqust 2017-ci il tarixində 2 dəfə Alarm rejimi aşkar olunmuşdur. Qüsura görə nəticə - qaz itkisi, müdaxilədir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı ünvanlanmış 26 fevral 2021-ci il tarixli məktubdan görünür ki, sonuncunun müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ona məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı, əvvəlcədən ödənişli 1002AQ**********3 zavod nömrəli qaz sayğacı 18 yanvar 2019-cu il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin 28 mart 2019-cu il tarixli MSK 29/1710-00375 saylı aktında “xətalar normadan artıqdır, sayğacın klapanı işlək deyil, yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən çatlayıb, sayğacın yaddaş arxivi oxundu, sayğacda istismar müddətində 08 avqust 2017-ci il tarixdə 2 dəfə ALARM-1 rejimi aşkar olundu” qeyd edilmişdir. Laboratoriyanın rəyinə əsasən 30 aprel 2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq 707,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyanın sonuncu tərəfindən ödənilməli olması bildirilmişdir. **********05050 nömrəli abonent İddiaçı abonentin saldosundan görünür ki, onun 2019-cu ildə akt üzrə olan borcu 707,4 manat təşkil edir; 17 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evində quraşdırılmış sayğacda qüsurların olduğunu müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 707,4 manat borc hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 707,4 manat məbləğində borc hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qazdan istifadəyə görə hesablanmış həmin borc cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırlması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********05050) qazdan istifadəyə görə hesablanmış 707,4 (yeddi yüz yeddi manat, qırx qəpik) manat məbləğində borc cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən İddiaçı xeyrinə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar