Məhkəmə qərarları › İş №2(001)-5047/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5047/2022

25.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5047/2022 25.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi bacıları X9 və X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin bacıları X9 19 noyabr 1946-cı ildə, X7 isə 31 mart 1949-cu il tarixdə anadan olmuşlar. Onlar pisixi qüsurlu xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Hər ikisinə şizofreniya paranoid forma, şəxsiyyətin dərin deffekti diyaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən X5 İ dərəcəli əlillik, X3 isə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Hər ikisi əmək qabiliyyətsizdir. Onların kənar şəxsin köməyi olmadan sərbəst yaşamaları mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildirlər, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmirlər. X9 və X3 maddi və mənəvi köməklik göstərən şəxs ərizəçi və onun arvadıdır. Onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə hüquqlarının həyata keçirilməsi və üzərlərində qəyyum təyin edilməsi üçün vacibdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X10 ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2493 və 2494 saylı rəylərində göstərilmişdir ki, “ ... X4 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. ... xroniki ruhi xəstəliyi ilə əlaqədar X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti məhkəmə baxışında iştirakına yol vermir. ... X2 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. ... xroniki ruhi xəstəliyi ilə əlaqədar X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti məhkəmə baxışında iştirakına yol vermir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Mülki Məcəllənin 35.1-ci maddəsinə görə, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, X9 və X7 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyillər. Bu baxımdan onlar fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X9 (Fin: 4YQ336E) və xx.xx.1949-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X8 (Fin: 48J97N2) fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilsinlər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar