Məhkəmə qərarları › İş №2(001)-505/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-505/2023

19.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-505/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X5 maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla eyni ünvanda yaşayan fiziki qüsurlu, uşaqlıqdan birinci qrup əlil olduğundan xx.xx.1961-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı Ərizəçi bacısı X6 təxminən altı aylığında xəstəlik keçirmiş və bunun nəticəsində özünü idarə etmək iqtidarında deyil, ona uşaqlıqdan birinci dərəcəli əlillik verilmişdir. Ərizəçi həyat yoldaşı Ərizəçila xx.xx.2007-ci il tarixdə ailə həyatı qurduqdan sonra, həmçinin həyat yoldaşının anası yaşlı və yataq xəstəsi olduğundan bir ailə üzvü kimi X1 qayğısına qalmışdır. Buna görə də birinci dərəcəli əlilliyi olan X4 quluq göstərdiyindən ona 80 manat təqaüd də ödənilir. Qeyd edilənlərə əsasən, X1 maraqlarının və mənafeyinin müdafiə edilməsi üçün mülki hüquqi fəaliyyət qabiliyyətinin əldə edilməsi və həyata keçirilməsi zəruri olduğundan ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixdə ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildiyindən, ərizəçi X2 əsl Ərizəçi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 9 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş qısa epikrizdən görünür ki, X3 “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu,” aşkar edilir və kənar şəxslərin qulluğuna ehtiyacı var. - 4 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlara əsasən, X7 ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən AR ƏƏSMN tabeliyində DSMF PHŞ-dan 1 dərəcəli əlilliyi olan X4 quluğa görə 80 manat məbləğində Prezident təqaüqdü aldığı qeyd edilmişdir. - əlillik haqqında vəsiqlərin surətindən görünür ki, xx.xx.1961-cü il təvəllüdlü X4 uşaqlıqdan birinci dərəcəli əlillik verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-dən göndərilən Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 63 saylı rəyindən görünür ki, X6 “ağır dərəcəli əqli gerilik” aşkar olunur, o öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil və M.Sultanova fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. Bunu anamnestik məlumatlar- doğuş zədəsi anadan olması erkən psixofiziki inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqinin zəif inkişaf etməsi, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, evdə davranış pozuntularının biruzə verməsi, yersiz hərəkətlərə yol verməsi, səbəbsiz əsəbilik, aqressivliyi, həmçinin hərdən fizioloji ifrazatları ilə natəmiz olması, “Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları. Kənar şəxslərin nəzarət və himayəsinə ehtiyacı var" diaqnozu ilə ona İ qrup ömürlük əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli geriliyin müəyyən edilməsi və sair sübut edir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. -34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. -35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası MPM-nin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. - 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X1 ağır dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması ərizəçinin izahatı ilə, tibb müəssisəsinin arayışı ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosssesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar