Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5051/2021 05.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeḣ Nurəli oğluna qarşı “cavabdehin 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "X12" Şirkəti Cavabdeḣ Nurəli oğluna qarşı cavabdehin inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində, Binəqədi rayonu, mədən 1, korpus 8 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, 29 sentyabr 2014-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X13 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya İcra Hakimiyyətinin sərəncamının olması, həmçinin cavabdehin özbaşına inşa etdiyi tikilidə pasport qeydiyyatında olması, mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur. Belə ki, qeyd edilən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevin qanuni qüvvəsini almış qərardadı mövcuddur. Göstərilənlərə əsasən, cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 517 nömrəli qərarı ilə ev ona məxsusdur. Ona görə də o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Qanunla Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X13 Bi.Vi. və ARDNŞ-nin ortaq neft şirkəti arasında Sazişi qəbul və təsdiq etmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun imzalanmasından sonra həmin Saziş qanun statusu almışdır. Saziş tərəfləri arasında imzalanmış Birgə əməliyyat sazişinin 5-ci maddəsinin müddəalarına əsasən İddiaçı əməliyyatçı təyin edilmiş və ona tərəflərin adından bütün Birgə əməliyyatları həyata keçirməyə və bu Birgə əməliyyatlara rəhbərlik etməyə müstəsna hüquq verilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 11 iyun 2007-ci il tarixli, 641 saylı qərarının surətindən görünür ki, Biləcəri Bələdiyyəsi hüdudları daxilində 300,0 kv.m. torpaq sahəsinin əlavə olunan cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ünvan 2 ünvanında yaşayan vətəndaş X2 ayrılması qərara alınmışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 10 oktyabr 2008-ci il tarixli, 517 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin 641 saylı, 11 iyun 2007-ci il tarixli qərarı ilə ünvan 3 ünvanda yaşayan vətəndaş X1 adına Biləcəri Bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi tiçün əlavə olunmuş cizgi əsasında alqısatqı yolu ilə ayrılmış 300,0 kv.metr torpaq sahəsi X4 vəfat etdiyindən mərhumun adına verilmiş seriya AZ-l seriyalı, 270370 saylı 12 fevral 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surəti, ailə üzvlərinin notarial qaydada qarşılıqlı razılıq ərizəsi nəzərə alınmaqla, mərhumə X1 adından ünvan 4 ünvanda yaşayan vətəndaş X5 adına sənədləşdirilməsi qərara alınmışdır. 16 sentyabr 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X6 tərəfindən səlahiyyətləri ötürülmüş X7 tərəfindən Cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 10 oktyabr 2008-ci il tarixli, 517 saylı qərarına əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Biləcəri Bələdiyyəsi ərazisində yerləşən 300 kv.m torpaq sahəsini və üzərində olan tikilini özəlləşdirmək və digər səlahiyyətləri həyata keçirmək etibar edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8722/2021 saylı qərardadından görünür ki, İddiaçı Şirkətinin cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı X6 və X4 üçüncü şəxslər qismində göstərilməklə “qərarların qanunsuzluğunun tanınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü” haqqında Saziş qanuni qüvvəsini aldığı tarixdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün hüquq və vəzifələr qüvvədən düşmüşdür, o cümlədən hazırki iddia ilə mübahisə edilən Bələdiyyənin qərarları da bu qaydada artıq qüvvədən düşmüşdür. İş materiallarında olan 25 fevral 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Cavabdeḣ Nurəli oğlu İddiaçı şirkətinin icarəsində olan kontrakt sahəsinin hüdudları daxilində tikinti aparmışdır. Hal-hazıradək nə torpaq sahəsi, nə də ki, onun üzərində tikilmiş tikiliyə dair cavabdehin hüquqlarının dövlət reyestrində qeydə alınması məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, özbaşına tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Hazırkı vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeḣ Nurəli oğlu 1 saylı mədənin 5-ci sahəsində və Şirkətinin saziş ərazisi hüdudları daxilində, Binəqədi rayonu, mədən 1, korpus 8 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul Cavabdeḣ Nurəli oğlundan İddiaçı Şirkətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5051/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5051/2021
05.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver