Məhkəmə qərarları › İş №2(001)-5100/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5100/2023

31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5100/2023 31.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbi barədə mülki işə 31 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı ünvan üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 168 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Evin həyətindən çöldə 2023-cü ilin may ayında cavabdeh tərəfindən su xətti çəkilmiş, lakin həmin xəttə sayğac quraşdırılmamışdır. Hazırda həmin xətdən su gəlmir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən ona qanunsuz olaraq 168 manat borc hesablanmışdır. O, yaranmış borcla bağlı cavabdehdən məlumat alarkən müəyyən olunmuşur ki, borc çöldəki su xəttinə görə hesablanmışdır. Halbuki, həmin xətdən onun evinə su gəlmədiyi halda bu xəttə görə o cavabdehlik daşımır. Həmçinin müəyyən edilmişdir ki, güyə cavabdehin əməkdaşları onun evinə baxış keçirmiş, sayğacdan kənar su xəttindən istifadə halını müəyyənləşdirmiş və aktlaşdırmışlar, iddiaçı akta imza etməkdən imtina etmişdir. Halbuki, cavabdehin nümayəndələri tərəfindən iddiaçının evinə baxış keçirilməmiş, akt saxtadır. Buna görə də, iddiaçı hesablanmış borcun silinməsinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakı təmin edilməmiş, habelə iddiaya yazılı münasibət bildirilməmişdir. İş materiallarında olan: - 30 may 2023-cü il tarixli, 104655 nömrəli aktda göstərilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş, tərəflərindən su sayğacından kənar 20 mm. diametrlik xətt aşkar edilmişdir. Aktı cavabdehin əməkdaşları imzalamış, iddiaçının adının önünə “imtina etdi” qeydi aparılmışdır. - “Abonent kartı”ndan görünür ki, 2023-cü ilin may-iyun ayları üzrə iddiaçıya Cavabdeh ASC tərəfindən 168 manat borc hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 5.1 və 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçının hüquqlarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır:

1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır;

2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır;

3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;

4. Bu sübutlar birlikdə dəyərləndirilməldir. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni Cavabdeh ASC-nin üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən iddia ərizəsində göstərilənləri təkzib edən hər hansı sübut, daha dəqiq aktın yazılmasına əsas olmuş sənədlər və videogörüntü təqdim olunmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə hesablanmış 168 manat borc məlbəği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə (kod: **********000) hesablanmış 168 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar