Məhkəmə qərarları › İş №2(001)-5149/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5149/2022

26.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5149/2022 26.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1995-ci il tarixli, 17391 saylı qeydiyyat vəsiqəsi və şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun Azərbaycan Respublikası vətəndaşı AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə uyğun olaraq Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət kimi qeydiyyata alınmış 14 nömrəli reyestr kitabında 2073, səhifə 30, 17391 №-li, xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi və şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport üzrə fərdi yaşayış evi ona məxsusdur. Bildirir ki, həmin qeydiyyat vəsiqəsində və texniki pasportda səhvən Ərizəçi kimi deyil, Ərizəçi Məmməd qızı kimi qeyd edilmişdir. Bu da hazırda onun öz mülkiyyətində olan əmlak üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. Belə ki, fərdi yaşayış evi ilə bağlı hər hansı bir hüquqi əməliyyat aparmaq istədikdə şəxsiyyət vəsiqəsindəki Ərizəçi qızının ata adı qeydiyyat vəsiqəsində və texniki pasportda yazılan ata adı ilə uyğun gəlmədiyi üçün bundan imtina edilir. Buna görə də, məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizədə göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. Ərizəçi xx xxxx 1941-ci il tarixdə, Ermənistan Respublikası, İcevan rayonunda doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Sulu-təpə qəsəbəsi, Caparidze küçəsində 21 nömrəli yaşayış evi Ərizəçi Məmməd qızının adına 14 nömrəli reyestr kitabında 2073-cü səhifəsində, xx.xx.1995-ci il tarixində 17391 № ilə xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Həmin mənzilə dair təsdiq edilmiş texniki pasportda da ev sahibinin adının Ərizəçi Məmməd qızı olduğu göstərilmişdir. Ərizəçi fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və ona bildirilmişdir ki, şəxsiyyət vəsiqəsində qeyd edilən hüquq sahibinin ata adı ilə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə qeyd olunan ata adı arasında uyğunsuzluq və.s nöqsanlar mövcuddur və bu səbəbdən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

6. Ərizəçi həmin hüquqmüəyyənedici sənədlərdə ata adının səhv göstərildiyini və bu səbədən həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

8. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır;

9. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır;

10. 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

11. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

12. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

13. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.

14. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.

15. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

16. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla qeydiyyat vəsiqəsi və texniki inventarizasiya və qiymətləndirməyə aid pasportda qeyd edilən şəxsin ata adı, ərizəçinin şəxsiyyət vəsiqəsindəki qeyd edilən ata adı ilə düz gəlmir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır.

17. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir.

18. Ərizəçi isə şəxsiyyət vəsiqəsindəki onun qeydiyyat ünvanı ilə hüquqmüəyyənedici sənədlərdəki evin üst-üstə düşdüyünə istinad etməklə və faktiki olaraq hüquqmüəyyənedici sənədlərdəki evdə yaşadığını təsdiq etməklə sənəddə aparılmış qeydin səhv olduğunu sübut edə bilir. Çünki sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni mənzildə, eyni adlı, eyni soyadlı, lakin ata adında 2 hərfin fərqli olduğu iki ayrı şəxsin yaşamış olması inandırıcı və ağlabatan deyildir və bu səbəbdən ərizəçinin dəlilləri təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

19. Odur ki, ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:

21. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

25. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinın 17391 nömrə ilə qeydə alınmış, xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinin və şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportunun Ərizəçi(şəxsiyyət vəsiqəsi: AZE0*******) məxsus olması faktı müəyyən edilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinın 17391 nömrə ilə qeydə alınmış, xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinin və şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportunun Ərizəçi(şəxsiyyət vəsiqəsi: AZE0*******) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar