Məhkəmə qərarları › İş №2(001)-5165/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5165/2021

23.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5165/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil Rəfail oğlunun, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB-nin BRQSD-ti tərəfindən 30.07.2020-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun əsasında “Azəriqaz” İB tərəfindən hesablanmış 824 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Rəfail oğlu iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman həmin sayğac üzərində olan plastmas borunun deşildiyi, yivli birləşmələrin korroziyaya uğradığı müəyyən edilmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmiş və iddiaçının mənzilində olan və maye qazla işləyən avadanlıqlar əsas götürülməklə 90 günlük müddət üçün zərər məbləği hesablanmış və nəticədə 216 manat cərimə məbləğinin iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. Həmin məbləğdə iddiaçı tərəfindən ödənilməlidir. Qalan məbləğ isə hesablanmış cərimə məbləği deyil, maye qazdan istifadəyə görə yaranmış borc məbləğidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının istifadə və sahibliyindədir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin evdə olan qaz sayğacına (abonent kodu **********90000) keçirilmiş baxış və sayğac üzərində aparılmış müayinə nəticəsində sayğacda nasazlığın olduğu (sayğacın çıxış plastmas borusunun deşildiyi, yivli birləşmələri korroziyaya uğradığı, qayka plombu üçün nəzərdə tutulan qulaqcıqın qırıldığı) müəyyən edilmiş və itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 2.160 m3 həcmində ziyanın vurulması əsası ilə 30.07.2020-ci il tarixdə akt tərtib edilmiş və həmin tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”yə əsasən qaz sayğacının yenisi ilə əvəz edilməsi və bu həcmdə qazın dəyərini təşkil edən 216 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. Eyni zamanda, iddiaçının maye qazdan istifadə edilməsi nəticəsində cavabdehə borcu yaranmışdır. İddiaçının müraciətinə əsasən cavabdeh tərəfindən onun istifadəsində olan evin abonent hesabına yaranmış borc araşdırılmış və bununla bağlı ona ünvanlanmış 04.02.2021-ci il tarixli məktubda akta əsasən 216 manat məbləğində ziyan məbləğinin hesablandığı, qazdan istifadəyə görə isə 631,70 manat məbləğində borcunun yarandığı, 08.02.2021-ci il tarixli məktubda isə 824 manat məbləğində borcun yarandığı bildirilmişdir. Hazırda iddiaçı qaz sayğacına müdaxilə etmədiyini və cavabdehə ümumilikdə 824 manat məbləğində borcunun yaranmadığını bildirir və 30.07.2020-ci il tarixli aktın etibarsız hesab edilməsini və hesablanmış 824 manat məbləğində borcun silinməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir. Akt üzrə müəyyən edilmiş 216 manat məbləğində pulun əsaslı olaraq qaz sayğacına müdaxiləyə görə hesablandığını, qalan məbləğin isə maye qazdan istifadə nəticəsində yaranmış borc məbləği olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.2-ci maddəsinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş 30.07.2020-ci il tarixli aktda və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”də 2.160 m3 həcmində, yəni 216 manat məbləğində ziyanın vurulduğu göstərilmişdir. İddiaçının evinə quraşdırılmış qaz sayğacında müəyyən edilmiş nasazlığın da məhz iddiaçının həmin sayğaca müdaxiləsi nəticəsində yaranması, habelə iddiaçı tərəfindən sayğacdan kənar qaz xəttinin çəkilməsi və istifadə edilməsi müəyyən edilməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış və hazırda iddiaçıdan tələb edilən 216 manat məbləğində pul vəsaiti əsassız olaraq hesablanmış kimi qiymətləndirilməli, bu səbəbdən həmin məbləğin ziyan kimi hesablanması üçün əsas olmuş “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30.07.2020-ci il tarixli aktı etibarsız hesab edilməli və 216 manat məbləğində borc silinməlidir. Məhkəmə, iddiaçının abonent saldosuna istinadən onu da qeyd edir ki, iddia üzrə silinməsi tələb edilən 824 manat məbləğində pulun yalnız 216 manat hissəsi cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış borc məbləğidir. İddiaçının evinə quraşdırılmış qaz sayğacına münasibətdə hər hansı başqa akt tərtib edilməmişdir. İddia üzrə tələb edilən qalan məbləğ, yəni (824-216=608) 608 manat məbləğində pul iddiaçı tərəfindən maye qazdan istifadə edilməsi nəticəsində yaranmış borc məbləğidir. Bu səbəbdən həmin məbləğ silinə bilmzə və iddia tələbi bu hissədə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu **********90000) qaz sərfiyyətinə görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30.07.2020-ci il tarixli akt etibarsız hesab edilməli və həmin akt əsasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 216 manat məbləğində borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. İddianın qiyməti nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 20 manat məbləğində müəyyən edilməli və İddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu **********90000) qaz sərfiyyətinə görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30.07.2020-ci il tarixli akt etibarsız hesab edilsin və həmin akt əsasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı ödəməkdən azad edildiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar