Məhkəmə qərarları › İş №2(001)-5184/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5184/2022

30.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5184/2022 30.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, ilk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə dair sazişin etibarsız hesab edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin, ona əlavə və dəyişikliklər edilməsinə dair sazişin ləğv edilməsi, ödənilməmiş icarə haqqının və digər pul məbləğlərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə 30 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-65 nömrə ilə qeyd edilmiş “28 yanvar 2019-cu il tarixli 3M64 reyestr nömrəli İcarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə” 28 yanvar 2019-cu il tarixli sazişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçıla aralarında bağlanmış 28 yanvar 2019-cu il tarixli, reyestrdə 3M-64 nömrə ilə qeydə alınmış “icarə müqaviləsi”nin və həmin tarixli, reyestrdə 3M-65 nömrə ilə qeydə alınmış “xx.xx.2019-cu il tar. 3M-64 rey. İcarə müqaviləsinə Əlavə və Dəyişikliklər edilməsi barədə Saziş”in ləğv edilməsi, İddiaçı ödənilməmiş 141000 manat icarə haqqının, dəymiş ziyana görə 15000 manat, əldən çıxmış fayda kimi 29200 manat, qiymətləndirmə xidmətinə ödənilmiş 700 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 430 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, İddiaçı ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil2 ilk iddianı müdafiə etdiklərini, qarşılıqlı iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, İddiaçı 28 yanvar 2019-cu il tarixdə icarə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən obyekti Cavabdeh icarəyə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, İddiaçı müqavilə bağlandığı vaxtdan 1 il müddətinə hər ay 1500 manat, 2-ci və ondan sonrakı illər üzrə isə aylıq 2000 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırda Cavabdeh ondan hər ay üçün 7000 manat icarə haqqı tələb edir. İddiaçı buna etiraz etdikdə Cavabdeh “28 yanvar 2019-cu il tarixli 3M64 reyestr nömrəli İcarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə” 28 yanvar 2019-cu il tarixli sazişi İddiaçı təqdim etmişdir. Halbuki, İddiaçı həmin sazişdən məlumatı olmamışdır. Sonradan müəyyən edilmişdir ki, 28 yanvar 2019-cu il tarixli icarə müqaviləsi ilə həmin müqaviləyə əlavə və dəyişikliklərin edilməsi barədə sazişin imzalanma vaxtları arasında 19 dəqiqə fərq vardır. Belə nəticəyə gəlinir ki, iddiaçı ilə cavabdeh 28 yanvar 2019-cu il tarixdə, saat 16:01-də şərtləri göstərilən icarə müqaviləsi bağlamışlar, 19 dəqiqə sonra eyni notariat ofisində həmin müqaviləyə əlavə və dəyişikliklər etmək qərarına gələrək, saat 16:20-də bu barədə saziş imzalamışlar. Halbuki, bu inandırıcı deyildir, İddiaçı sözügedən sazişə imza etməmiş, etmişsə belə, bu, notariusla Cavabdeh birlikdə İddiaçı qarşı qurduqları oyun nəticəsində İddiaçı sazişdən məlumatı olmadan onu imzalamasından ibarət olmuşdur. Bundan başqa, həm icarə müqaviləsi, həm də saziş eyni gündə, bir neçə dəqiqə fərqlə, eyni notariat ofisində imzalanmasına baxmayaraq, elektron notariat sistemində icarə müqaviləsinin mətni olduğu kimi görünür, lakin mübahisələndirilən sazişin mətni boşdur. Bütün bunlar sazişin etibarsız hesab edilməsi üçün əsasdır. Buna görə də, ilk iddia təmin edilməlidir. İcarə müqaviləsi 5 il müddətinə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı 1 il müddətinə hər ay 1500 manat, 2-ci il və ondan sonrakı müddətlərdə 2000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Cavabdeh ilə aralarındakı şifahi razılaşmaya əsasən, İddiaçı icarəyə götürdüyü həmin obyekti tam təmir etdirməli, buna görə də birinci il üçün 1500 manat, sonrakı illərdə isə 2000 manat icarə haqqı ödəməli idi. Obyekt İddiaçı tərəfindən əsaslı təmir edildikdən sonra normal restoran fəaliyyəti göstərməyə başlamış və İddiaçı obyektin müasir restoran tələblərinə cavab verməsi üçün 360000 manat pul xərcləmiş, obyekti bütün avadanlıqları ilə təchiz etmişdir. Qarşılıqlı iddia ərizəsində birinci il üçün icarə haqqından 12000 manat borc yarandığı göstərilmişdir. Halbuki, İddiaçı 2019-cu il üçün aylıq 1500 manat olmaqla ümumilikdə 16500 manat icarə haqqı ödəmişdir. Lakin, 2020-ci il üçün həqiqətən də 12000 manat icarə haqqı ödəmişdir. Çünki, həmin ildən icarə haqqı aylıq 2000 manat idi, ümumi il üzrə 24000 manat icarə haqqı ödənilməli olsa da, pandemiya səbəbindən restoran müəyyən vaxtlarda bağlı qalmış, buna görə də 12000 manat icarə haqqı ödənilmişdir. Qarşılıqlı iddiada 2021-ci il üzrə 23000 manat icarə haqqı ödənildiyi göstərilmişdir. Halbuki, İddiaçı həmin il üzrə 24000 manat, yəni aylığı 2000 manatdan 12 ayın icarə haqqını tam ödəmişdir. 2022-ci ilin 8 ayı üçün də ümumilikdə 16000 manat icarə haqqı ödəmiş, lakin sonradan Cavabdeh icarə haqqını aylıq 7000 manat olmaqla tələb etdiyindən ödənişlər dayandırılmışdır. Hazırda Cavabdeh məqsədi İddiaçı həmin obyektdən uzaqlaşdırmaqdan ibarətdir. Aralarındakı müqavilənin ləğv edilməsi üçün heç bir əsasə mövcud deyil, belə ki, İddiaçı tərəfindən müqavilənin şərtləri pozulmamışdır. Cavabdeh əsassız olaraq iddia edir ki, güyə İddiaçı obyekti icarəyə götürdüyü birinci ildən hər ay 4000 manat, 2-ci və 3-cü illərdə hər ay üçün 5000 manat, 4-cü il üçün hər ay 6000 manat və 5-ci il üçün hər ay 7000 manat icarə haqqı ödəməlidir. Bu zaman sual olunur ki, bunlar həqiqətdirsə, onda Cavabdeh niyə indiyədək ödənilməyən məbləğləri tələb etməmişdir?! Bütün bunlar qarşılıqlı iddianın əsassız olduğunu göstərir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil1 ilk iddianı qəbul etmədiklərini, qarşılıqlı iddianı müdafiə etdiklərini bildirərək, izahatında göstərdi ki, ilk iddia tamamilə əsassızdır. Belə ki, müqavilə, eləcə də saziş bağlanarkən İddiaçı heç bir təsir, təzyiq göstərilməmiş, o öz iradə ifadəsini imzası ilə qeyd etmişdir. Sazişin mətninin elektron notariat sisteminə yerləşdirilməməsi hazırki iddia tələbinin predmeti deyil, bu barədə İddiaçı notariat ofisinə qarşı ayrıca iddia ilə məhkəməyə müraciət edə bilər. Tərəflər arasında bağlanmış 28 yanvar 2019-cu il tarixli icarə müqaviləsində icarə haqqının müqavilə qüvvəyə mindiyi tarixdən 1 il müddətində aylıq 1500 manat, 2-ci və ondan sonrakı illərdə aylıq 2000 manatdan ibarət olması, müqavilənin 5 il müddətinə bağlanması nəzərdə tutulsa da, sonradan tərəflər arasında imzalanmış həmin müqaviləyə əlavə də dəyişikliklər edilməsinə dair sazişə əsasən, icarə haqqı 1-ci il üçün aylıq 4000 manat, 2-ci və 3-cü illərdə 5000 manat, 4-cü il üçün 6000 manat, 5-ci və ondan sonrakı illərdə 7000 manat müəyyənləşdirilmişdir. İddiaçı bu məbləğlərə razılığını imzası ilə bildirsə də, həmin saziş üzrə öhdəliklərini lazımınca icra etməmiş, 2019-cu ildən bugünədək 2022-ci il də daxil olmaqla 141000 manat ödənilməmiş icarə haqqı borcu yaranmışdır. Belə ki, İddiaçı müqavilə qüvvəyə mindiyi tarixdən sonrakı 1-ci il üzrə cəmi 12000 manat ödəniş etmiş, 16000 manat borcu yaranmış, 2-ci il üçün cəmi 12000 manat ödəniş etmiş, 45000 manat borcu yaranmış, 3-cü il üçün 23000 manat ödəniş etmiş, 32000 manat borcu qalmış, 4-cü il üçün 16000 manat ödəniş etmiş, 2022-ci ilin avqust ayı da daxil olmaqla 48000 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı İddiaçı dəfələrlə rəsmi qaydada müraciət olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməmişdir. Cavabdeh tərəfindən dəvət edilmiş mütəxəssislər mübahisə predeti olan obyektdəki əşyaların və onun təmirinə sərf edilmiş pulun ümumi miqdarını 261155 manat qiymətləndirmişlər. Qiymətləndirmə şirkətinə Cavabdeh tərəfindən 700 manat xidmət haqqı ödənilmişdir. Müqavilənin ləğv edilməsi və cavabdehin ona məxsus əşyalarla birlikdə obyektdən çıxması barədə təklif də İddiaçı göndərilsə də, yenə də müsbət nəticə əldə edilməmişdir. Buna görə də, Cavabdeh hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1669,4 kv.metr olan qeyri-yaşayış binası 19 avqust 2015-ci il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - 28 yanvar 2019-cu il tarixdə Cavabdeh (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında Bakı şəhəri 3 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-64 nömrə ilə qeyd edilmiş “İcarə müqaviləsi”ndən görünür ki, Cavabdeh ünvan 1 ünvanında olan obyektini 5 il müdətinə icarəyə vermiş, müqavilənin 4-cü bəndində göstərilmişdir ki, “icarəçi müqavilənin qüvvəyə mindiyi tarixdən etibarın 1 il müddətində hər ayın 05-dən gec olmamaq şərtilə 1500 manat, 2-ci və ondan sonrakı illərdə 2000 manat icarə haqqı ödəyir...” Həmin müqavilənin 9-cu bəndində göstərilmişdir ki, “icarəyə verən və yaxun icarədar 3 ay əvvəlcədən xəbərdarlıq etməklə və qarşı tərəfin razılığı ilə bu müqaviləni poza bilər.” - 28 yanvar 2019-cu il tarixli, reyestrdə 3M-65 nömrə ilə qeydə alınmış “xx.xx.2019cu il tar. 3M-64 rey. İcarə müqaviləsinə Əlavə və Dəyişikliklər edilməsi barədə Saziş”dən görünür ki, Cavabdeh və İddiaçı 28 yanvar 2019-cu il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində 3M-64 reyestr nömrəsi ilə bağlanmış icarə müqaviləsini 4-cü bəndinin aşağıdakı dəyişikliklərlə yazılması barədə razılığa gəlmişlər: “İcarəçi” 1-ci il üçün 4000 manat, 2-ci və 3-cü illərdə 5000 manat, 4-cü il üçün 6000 manat, 5-ci və ondan sonrakı illərdə 7000 manat icarə haqqı ödəyir... Digər bəndlər dəyişdirilməmiş qalır...” Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı ilk iddiasının təmin edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. - 337.1 və 339-cu maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla,bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. - 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. - 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər... Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir... Qeyd olunmalıdır ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İlkin iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, onun Cavabdeh ilə aralarında 28 yanvar 2019-cu il tarixdə imzalanmış, reyestrdə 3M-65 nömrə ilə qeydə alınmış “28 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə Saziş”dən məlumatı olmamış, həmin Sazişə o imza etməmiş, etsə belə, bu notariusun cavabdeh tərəflə birləşərək onu aldatması nəticəsində baş vermişdir. Məhkəmənin qənaətinə görə, ilkin iddiaçının irəli sürdüyü sözügedən faktiki hal, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; ilkin iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu da işin halları ilə təkzib edilir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). İş üzrə təqdim olunmuş notariat işindən belə müəyyən olunur ki, 28 yanvar 2019-cu il tarixli, reyestdə 3M-65 nömrə ilə qeydə alınmış “müqaviləyə əlavə və dəyişikliklər edilməsi barədə saziş”də tərəflər icarə müqaviləsini 4-cü bəndinin aşağıdakı dəyişikliklərlə yazılması barədə razılığa gəlmişlər: “İcarəçi” 1-ci il üçün 4000 manat, 2-ci və 3-cü illərdə 5000 manat, 4-cü il üçün 6000 manat, 5-ci və ondan sonrakı illərdə 7000 manat icarə haqqı ödəyir... Digər bəndlər dəyişdirilməmiş qalır...” və bu müqaviləni səlahiyyətli şəxslər imzalanış, notarius tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 38-ci bəndinə uyğun olaraq təsdiq olunmuşdur. Belə ki, həmin Təlimatın 38-ci bəndinə görə notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Ümumiyyətlə qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Sübutetmə yükü baxımından isə mübahisəli müqavilənin aldanma və ya əhəmiyyətli dərəcədə yanılma nəticəsində bağlanmasıın sübut tmək yükü, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda isə mübahisələndirilən sazişin aldatma yolu ilə imzalanmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddia formal mülahizələrə əsasən dir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə dair saziş”in etibarsız hesab edilməsinə dair iddiası rədd edilməlidir. Məhkəmə Cavabdeh İddiaçı qarşı “müqavilənin, ona əlavə və dəyişikliklər edilməsinə dair sazişin ləğv edilməsi, ödənilməmiş icarə haqqının və digər pul məbləğlərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına münasibətdə isə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Belə ki, həmin maddəyə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırki halda qarşılıqlı iddia ərizəsinə İddiaçı ünvanlandırılmış, borcun ödənilmədiyi halda əşyalarla birlikdə daşınmaz əmlakdan çıxmaları məzmunlu məktublarda müraciətin tarixi, hebalə məktubun məzmununda müqavilənin ləğv edilməsi ilə bağlı təklif göstərilməmiş, məktuba qoşma edilmiş sürətli poçt xəbərnamələrinin birində məktubun göndərilmə tarixi kimi 31 may 2022-ci il göstərilsə də, məktubun alınma tarixi müəyyən edilmir, digər xəbərnamədə İddiaçı ünvanlanan məktub “Qurtuluş 93” ünvanına göndərilmiş, halbuki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ünvanı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndidir. Qarşılıqlı iddia ərizəsinə qoşma edilmiş “Müqaviləni ləğv etmək barədə təklif”də İddiaçı 15 gün müddətində müqavilənin ləğvi və s. təklif edilsə də, həmin məktubun hansı tarixdə ünvanlandırıldığına, cavabdehin həmin məktubu almasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, qarşılıqlı iddia ərizəsi 08 avqust 2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Halbuki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 28 yanvar 2019-cu il tarixli, reyestrdə 3M-64 nömrə ilə qeydə alınmış “icarə müqaviləsi”nin 9-cu bəndində göstərilmişdir ki, icarəyə verən və yaxun icarədar 3 ay əvvəlcədən xəbərdarlıq etməklə və qarşı tərəfin razılığı ilə bu müqaviləni poza bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 4.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 263.2-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. - 263.3-cü maddəsinə əsasən, qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim, yaxud hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur. - 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. - 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh qarşılıqlı iddiasının əsasını müqavilənin ləğvi və bundan irəli gələn digər tələblər (müqavilə üzrə ödənilməmiş icarə haqqının, əldən çıxmış faydanın ödənilməsi və s.) təşkil etdiyindən, Cavabdeh tərəfindən müqavilənin ləğvi ilə bağlı mübahisənin məhkəmədənkənar həlli qaydasına düzgün riayət edilmədiyindən, habelə, bu qaydanın tətbiq edilmə imkanı itirilmədiyindən, qarşılıqlı iddia bütün tələblər üzrə baxılmamış saxlanmalı, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu büdcədən Cavabdeh qaytarılmalı, bu barədə ayrıca akt şəklində məhkəmə qərardadı çıxarılmalıdır. İlk iddia rədd edildiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 263, 267, 268, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə dair sazişin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı qarşı “müqavilənin, ona əlavə və dəyişikliklər edilməsinə dair sazişin ləğv edilməsi, ödənilməmiş icarə haqqının və digər pul məbləğlərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının baxılmamış saxlanmasına dair ayrıca akt şəklində qərardad çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar