Məhkəmə qərarları › İş №2(001)-523/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-523/2022

10.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-523/2022 10.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, İsmayılova Jalə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan, 04.02.2003-cü il təvəllüdlü Məcidzadə Sevinc Nizami qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı 04.02.2003-cü il təvəllüdlü Məcidzadə Sevinc Nizami qızı anadangəlmə xəstədir. Ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir. Müalicə olunsa da əqli gerilik xəstəliyindən əziyyət çəkir. Müalicə olunsa da, heç bir yaxşılaşma halı baş verməmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz əlillik verilmişdir. “Psixi Sağlamlıq Mərkəzi” Publik Hüquqi şəxs tərəfindən verilmiş məlumatda ona “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə F72.1” diaqnozu qoyulmuşdur. Dəfələrlə müalicə olunmuşdur. Lakin nəticəsi olmamışdır. 10 saylı şəhər Poliklinikasında qeydiyyatdadır. Məcidzadə Sevinc əmək qabiliyyətsizdir və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur. Həmçinin öz hüquqlarını sərbəst surətdə həyata keçirmək imkanına malik deyildir. Oz hərəkətlərini idarə edə bilmir. Ona özü baxır və qulluq edir. Məcidzadə Sevinc Nizami qızına qəyyum təyin edilməsi barədə o, İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, gələcəkdə hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə etdiyini bildirərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: DSMF-nun Binəqədi rayon şöbəsi tərəfindən verilən 027009 saylı, 01.04.2019-cu il tarixli vəsiqədən görünür ki, Məcidzadə Sevinc Nizami qızı sağlamlıq imkanları məhdud uşaq kimi qeydiyyata alınıb. Bakı şəhəri Binəqədi rayonu Leyla Nikah evi tərəfindən verilən AZ-İ seriyalı, 153886 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məcidzadə Sevinc Nizami qızı 04 fevral 2003-cü il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 12 mart 2003-cü il tarixində qeyd edilmişdir. X1, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7 tərəfindən verilən 14.08.2020-ci il tarixli, 3855 saylı arayışla 04.02.2003-cü il təvəllüdlü Məcidzadə Sevinc Nizami qızına 14.08.2020-ci il tarixli müayinə nəticəsində ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə F72.1 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 14 aprel 2017-ci il tarixdə verilən müayinə barədə məlumatdan görünür ki, 04.02.2003-cü il təvəllüdlü Məcidzadə Sevinc Nizami qızı üçün yüngül dərəcəli əqli gerilik nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 tərəfindən verilən 08 aprel 2021-ci il tarixli, 41 saylı həkim psixiatr komissiyasının rəyindən görünür ki, 04.02.2003-cü il təvəllüdlü Məcidzadə Sevinc Nizami qızına ağır dərəcəli kəmağıllılıq nitq və davranış pozuntuları ilə F-72.1 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X7 tərəfindən 08 yanvar 2022-cil tarixində verilən 61 nömrəli rəyindən görünür ki, Məcidzadə Sevinc Nizami qızında ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. Məcidzadə Sevinc Nizami qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Buna görə də Məcidzadə Sevinc Nizami qızının tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. 30 sentyabr 2021-ci il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 04.02.2003-cü il təvəllüdlü Məcidzadə Sevinc Nizami qızının anasıdır. Məcidzadə Sevinc Nizami qızının psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X6 məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunmuşdur ki, Məcidzadə Sevinc Nizami qızında ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. Məcidzadə Sevinc Nizami qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Buna görə də Məcidzadə Sevinc Nizami qızının tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki iş materiallarına, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, 04.02.2003-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Məcidzadə Sevinc Nizami qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 04.02.2003-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Məcidzadə Sevinc Nizami qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar