Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5231/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona hesablanmış 803,2 manat mələğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi 3, Yeni yaşayış M.X.Məlikaslanov küçəsi, döngə 2, ev 18A ünvanında yerləşən fərdi evində yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin ünvanda smart tipli sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən evdə guya əlavə xətdən istifadə ediliməsi ilə bağlı cərimə yazılıb, onun isə xəbəri olmayıb. Qaz idarəsində o, həmin aktı və şəkili tələb etsə də, aktı verildi, lakin şəkilləri vermədilər. O, təklif etmiş ki, komissiya təşkil edilsin və evə baxış keçirilsin, ancaq onlar razı olmayıb bildirdilər ki, get məhkəməyə müraciət elə. Həmin vaxt ona məlum olmuş ki, ona 803,52 manat cərimə yazılıb. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, onun evinin sayğacı evdən çöldə yerləşir. Xəbəri olmadan sayğac bağlanmışdır. İşıq sayğacının əsasında kod açıblar, onda qanunsuz qoşulma heç vat olmayıb. Onların həyətində 2 ev var. Evin birində sayğac var idi, ikinci evə sayğac quraşdırıb borc yazıblar. Həmin evdə isə iran peçi və 4 gözlü qaz var. Göstərdiklərini nəzərə alaraq mənzilə qanunsuz hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Zümrüd Alıyeva iddia tələbinə etiraz göndərək göstərmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, **********00021 saylı abonent kodu verilmiş ünvana Cavabdeh İB-nin səlahiyyətli əməkdaşları qaz xətlərinə və onların üzərinə quraşdırılmış sayğaclara baxış keçirərkən həmin fərdi yaşayış evini, qazla təchiz edən qaz xəttinin üzərində təbii qazdan sayğacsız qeyri-qanuni istifadə halı aşkar etmişlər. İddiaçının qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir (0420096 saylı, xx.xx.2024-cü il tarixli Akt). İddiaçının təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə də lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmişdir. Bu qanunazidd, qərəzli və təqsirli hərəkət nəticəsində Cavabdehnə böyük məbləğdə ziyan dəymişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2’nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi İddiaçıya yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********00021 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Həmçinin bildirmək istərdik ki, ******* saylı, xx.xx.2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında tərtib edilmiş xx.xx.2024cü il tarixli Tələbnaməyə əsasən itirilmiş təbii qazın həcmi 6696 m3 təsdiq edilmişdir. Bu əsasla da Cavabdeh İB-nə qanunazidd təqsirli hərəkət nəticəsində dəymiş ziyan 803,52 manat məbləğində hesablanmışdır. Göründüyü kimi iddiaçı işlətdiyi təbii qazın dəyərini, yəni debitor borcunun silinməsini məhkəmədən xahiş edir. Bu hal isə yolverilməzdir. Mülki iş materiallarında olan: Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 12 saat və hesabat 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6696 m3 təşkil etmişdir. Abonentin saldosundan görünür ki, iddiaçıya məxsus evə 11 iyul 2024-cü il tarixdə GCZ- G-4 diafraqma, GCZ0124536 nömrəli sayğac quraşdırılmış, 2024-cü ilin fevral, mart, may və iyul ayları üçün qazın sərfi 6696 m3 göstərilmiş və ödəniləcək məbləğ 803,52 manat qeyd edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını təqdim edilmiş sübutlarla araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü- butları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (25 iyun 2023-cü il tarixədək olan redaksiya). Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, “**********00021 saylı abonent kodu verilmiş İddiaçı məxsus ünvana Cavabdeh İB-nin səlahiyyətli əməkdaşları qaz xətlərinə və onların üzərinə quraşdırılmış sayğaclara baxış keçirərkən həmin fərdi yaşayış evini, qazla təchiz edən qaz xəttinin üzərində təbii qazdan sayğacsız qeyri-qanuni istifadə halı aşkar etmişlər. İddiaçının qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmiş və nəticədə xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyanın həcmi 6696 m3 təşkil etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanuna əlavə edilmiş 13.8-1 maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir). Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bır nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş"Qazdan istifadə qaydaları"mn 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, "Xalq" qəzeti, 6 iyul 2023-cü il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 878). Hazırki işdən isə görünür ki, Cavabdeh əməkdaşları yuxarıda qeyd edilən qanunun tələblərinə əməl etməyərək, yəni 2022-ci il mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməli olduğu halda bunu etməmiş, əksinə qüvvədən düşmüş qanunvericiliyə əsaslanaraq İddiaçı ümumilikdə 803,2 manat borc kimi yazılaraq tələb edilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə görə hazırda borcun tutulması üçün Cavabdeh əməkdaşları tərəfindən 2022-ci il mayın 1-dən sonra tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesablanmış borcu əsassız hesab edir və qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 3, yeni yaşayış, M.X.Məlikaslanov küçəsi, döngə 2, ev 18A ünvanına (abonent kodu: **********00021) xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən əsassız hesablanmış 803,2 məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 3, yeni yaşayış, M.X.Məlikaslanov küçəsi, döngə 2, ev 18A ünvanına (abonent kodu: **********00021) xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən əsassız hesablanmış 803,2 məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5231/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5231/2024
28.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver