Məhkəmə qərarları › İş №2(001)-5297/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5297/2021

29.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5297/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh Cavabdeh2, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xüsusi notarius İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 12.03.2021-ci il tarixli təsis payının alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış «Təsis payının alqı-satqı» Müqaviləsi 12.03.2021-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi notariusu İddiaçı tərəfindən təsdiq edilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış «Təsis payının alqı-satqı» Müqaviləsinin şərtlərinə əsasən- Cavabdeh1 satıcı qismində, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 24.05.2019-cu il tarixində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51800, VÖEN- ********** «X11 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalının 50 manat nizamnamə kapitalındakı payı 50 pay, nizamnamə kapitalındakı faizi 50% olan paydan 40 manat məbləği, 40 %-i alıcı Cavabdeh2 mülkiyyətinə verir. Sonuncu isə payı qəbul edir və bu razılaşmanın müqavilində razılaşdırılmış 40 manat məbləği satıcıya ödəyir. Notarius ofisində sənədlərin monitorinqi aparılmaqla, iş qovluqlarında olan sənədlərin cildlənməsi və siyahıların tərtibatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 «X11 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 50 payı üzərinə həbs qoyulmaqla yüklü edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2882/21 saylı, 02.03.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 «X11 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 50 payı üzərinə həbs qoyulmuşdur. Deməli, Cavabdeh1 «X11 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 50 payı üzərinə həbs olduğundan, yəni həmin pay yüklü olduğuna görə həmin payın özgəninkiləşdirilməsi müqaviləsi maddi hüquq normasının tələbinə müvafiq aparılmamışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, cavabdehlər arasında bağlanmış 12.03.2021-ci il tarixli «Təsis payının alqı-satqı» Müqaviləsi məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Odur ki, hazırkı halda, qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdilər. 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi V.Cabbarova qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh və 3-cü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 12.03.2021-ci il tarixli «Təsis payının alqı-satqı» Müqaviləsindən görünür ki, alqı-satqı müqaviləsi Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmışdır. -Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 12.12.2018-ci il tarixli arayışdan görünür ki, "X11 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçilərinin nizamnamə kapitalındakı paylarının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması barədə İdarədə olan reyestrdə heç bir məlumat yoxdur. -X6 və X7 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar “X11 TƏSƏRRÜFATİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Dövlət qeydiyyat nömrəsi (VOEN) **********) nizamnamə kapitalında Cavabdeh1 məxsus olan 50 payın satılmasına etiraz etmirlər. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 54 sayli notariat ofisi tərəfindən verilmiş 08.09.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanmış 12.03.2021-ci il tarixli «Təsis payının alqı-satqı» Müqaviləsi Notarius ofisində təsdiq edilərkən, «Elektron notariat» informasiya sistemində «Qara inək X5 Məsuliyyətli Cəmiyyətinin adına Dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak barədə, eləcə də Cavabdeh1 MMC-nin nizamnamə kapitalındakı 50 payı üzərində məhkəmə qərardadı əsasında həbsin olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması müəyyən edilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər, əsasən, iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün mübahisə edilməsi meyarına görə. Əqdin elementin qüsurlu olması meyarının mahiyyəti ondan ibarətdir ki, əqdin hansı elementin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlərin dörd növü fərqləndirilir:  subyekt tərkibi qüsurlu olan etibarsız əqdlər;  iradəsi qüsurlu olan etibarsız əqdlər;  forması qüsurlu olan əqdlər;  məzmunu qüsurlu olan əqdlər. Əqdin etibarsız sayılması üçün mübahisə edilməsi meyarına görə mülki qanunvericilik etibarsız əqdlərin iki növünü fərqləndirir:  mübahisə edilən əqdlər  əhəmiyyətsiz əqdlər Beləliklə, iddiaçı alqı-satqı müqaviləsnin etibarsız hesab edilməsini tələb edir: müqavilə uydurma əqdir, yəni müqavilə görünüş məqsədilə bağlanmışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilə əhəmiyyətsiz əqd hesab edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, müqavilələrin etibarsız hesab olunması şərtləri və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələri ilə tənzimlənir. Qanunvericlikdə müqavilələrin etibarsız sayılmasının müxtəlif şərtləri, qaydası və nəticəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hazırki mübahisəni araşdırmaqla, belə qənaətə gəlir ki, iddiaçının əmlaka dair hər hansı hüququ olmadığından, Təsis payına dair bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmə qeyd edir ki, əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin İddiaçı Təsis payının alqı-satqısından ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının Təsis payına dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyi isə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində göstərdiyi iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, X3 və X4 bilavasitə öz iradələri əsasında Təsis payının alqısatqısına dair notariat kontorunda razılıqları alınmış, beləliklə də müvafiq əqdə dair hüquqi proseslər barəsində onların hər ikisinin iradə ifadələri (iradə azadlığı) olmuşdur. Beləliklə, işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, müqavilə tərəflərini məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsir və ya təzyiq olmamışdır. Məhkəmə iddiaçının müqavilə bağlanan vaxt təsis payının üzərində həbsin olması barədə dəlilinə münasibətdə qeyd edir ki, məhz iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, müqavilə təsdiq olunan zaman elektron portalda həmin təsis payının üzərində heç bir həbs mövcud olmamışdır. Ona görə də notariat ofisi həmin vaxt o müqaviəni təsdiq etmişdir. Bununla belə notariat ofisinin sonradan təsis payının üzərində həbs olması barədə məlumat əldə etməsi və məhkəməyə əqdin etibarsızlığı barədə müraciət etməsi vicdanlı alıcı olan Cavabdeh2 hüquqlarını heç bir halda poza və məhdudlaşdıra bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülkiyyətin vicdanlı əldə edilməsi ilə qanunverici mülki hüquqi dövriyyəni qorumaq istəyir. Daşınmaz əmlakla bağlı hüquqların reyestrə daxil edilməsi halında olduğu kimi daşınar əmlakla bağlı da, belə prezumpsiya mövcuddur ki, əşyanın mülkiyyətçisi kimi çıxış edən əşyanın sahibi, özünün sahibliyi müqabilində mülkiyyətçi kimi qəbul edilir. Hüquqi müqavilə dövriyyəsinin vicdanlı iştirakçısı hüquqi sabitliyin təmin edilməsi baxımından buna etibar etmək iqtidarında olmalıdır. Mülkiyyətin qorunması ilə hüquqi sabitlik arasında olan labüd gərginlik sahəsinin tənzimlənməsi qanunvericinin işidir və bu tənzimləmə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ ilə də heç bir ziddiyyət təşkil etmir. Məhkəmənin qənaətinə görə, hətta İddiaçı mübahisələndirdiyi alqı-satqı müqaviləsi əsassız və etibarsız olsa belə, iddiaçının pozulmuş hüquqları mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh2 əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Beləliklə, Təsis payının alqı-satqısına dair 12 mart 2021-ci il tarixdə bağlanmış əqddə lazımi subyektlər-satıcı Cavabdeh1 və alıcı Cavabdeh2 iştirak etmiş, alqı-satqıya dair tərəflərin həqiqi iradəsi mövcud olmuş, alqı-satqı Mülki Məcəllənin tələblərinə uyğun olaraq forma baxımdan qaydaya riayət olunmuş və bununla da alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni bağlanmışdır. Odur ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə mülki işi araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyil. Habelə məhkəmə qeyd edir ki, Təsis payının alqı-satqısına dair 12.03.2021-ci tarixdə bağlanmış müqavilədə lazımi subyektlərsatıcı Cavabdeh1 və alıcı Cavabdeh2 iştirak etmiş, alqı-satqıya dair tərəflərin həqiqi iradəsi mövcud olmuş, alqı-satqı Mülki Məcəllənin tələblərinə uyğun olaraq forma baxımdan qaydaya riayət olunmuş və bununla da alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni bağlanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı xüsusi notarius İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia tələbi iddiaçının subyektiv hüququnun olmaması, müqavilənin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni bağlanması və Cavabdeh2 vicdanlı şəxs olması nəzərə alınaraq təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar