Məhkəmə qərarları › İş №2(001)-5304/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5304/2020

12.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5304/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı 458,90 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı 458,90 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Bakı şəhəri Binəqədi-Biləcəri yolu 54K (abonent kodu:**********40000) ünvanında yaşayır. Birliyin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evini qaz təchizatı ilə təmin edən qaz sayğacı xx.xx.2020-ci il tarixdə dəyişdirilərək yenisi ilə əvəz edilmiş və xx.xx.2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Həmin akta əsasən qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Daha sonra cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə sonradan akt tərtib olunaraq, qaz sayğacının yivli birləşmələrində və gövdəsinin üst hissəsində problemlərin aşkar edilməsi bəhanəsilə ona borc yazılmışdır. İddiaçı təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında həyata keçirmişdir. Abonentin saldosundan və bildirişdən müəyyən olunur ki, iddiaçının təbii qazdan istifadəyə görə cavabdehə borcu olmamışdır. Lakin saldodan o da məlum olur ki, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq 2020-ci ilin iyun və iyul ayları üçün 458,90 manat borc hesablanmışdır. Aylıq ödənişlər zamanı iddiaçıya təqdim edilən bildirişlərdə sayğacın göstəricisi, əvvəlki və sonuncu göstəricisi, qalıq borcu və ilin əvvəlindən istifadə olunmuş qaz sərfiyyatı açıq şəkildə göstərilmişdir. Məhkəməyə təqdim edilən bildirişdə də iyul ayı üzrə 25 manat ödəniş olunması, son göstəricinin 994 m3 , əvvəlki göstəricinin 965 m3 olması, cavabdehin iddiaçıya 0,50 manat borcu olması öz əksini tapmışdır. İddiaçının mülkiyyətində olan evdə qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda cavabdeh öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsasız olaraq qaz sərfiyyatına görə borc hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən tələb olunan 458,90 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh İB tərəfindən itirilmiş qaz sərfiyyatına görə 216 manatın, sayğacın dəyərinə görə 238 manatın tələb olunmasını, iddiaçı tərəfindən 458,80 manatın cavabdehə ödənilməli olmasını bildirib, mülki işə onun iştirakı olmadan baxılıb iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə münasibətini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının yoxlanılması barədə MSK 29/1710-00749-1 saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh İB-nin Socar**********30991710X00749 saylı xx.xx.2020-ci il tarixli teleqramına əsasən xx.xx.2020-ci il tarixində əhali sektorunda istismarda olan BRQS X1, Sayğacların müayinəsi laboratoriyasına gətirilmiş 1202AQ**********5 saylı sayğac yararsız hesab edilmiş, sayğaca baxış keçirilərkən sınaq qurğusunda yoxlanılması mümkün olmamış, yivli birləşmələri və gövdəsi üst hissədən korroziyaya uğraması, isti metal qırıntısı düşməsi nəticəsində hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən zədələnməsi, göstəricilər arasında fərq olması müəyyən edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində qaz sayğacı yenisi ilə əvəz edilmiş, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir və abonentə təhvil verilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində AKT № MSK 29/1710-00749-1 saylı rəyə əsasən 1202AQ**********5 saylı sayğacın yivli birləşmələri və gövdəsi üst hissədən korroziyaya uğradığı müəyyən edilərək dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli 29/1710-00749-1 saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 2160 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı Cavabdeh İB-yə cari borcu yoxdur. Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarlıqdan müəyyən olunur ki, qaz sayğacının əvvəlki göstəricisi 965 m3 , sonuncu göstəricisi isə 994 m3 -dir, abonent İddiaçı qaz sərfiyyatına görə 2,40 manat borcu yaranmışdır. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı qalıq və aktlar üzrə borcu 216 manat təşkil edir. Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarlıqdan müəyyən olunur ki, qaz sayğacının əvvəlki göstəricisi 994 m3 , sonuncu göstəricisi isə 1029 m3 –dir, abonent İddiaçı qaz sərfiyyatına görə 5,90 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 216 manat ziyan hesablamaqla yanaşı sayğacın dəyərini də ondan tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamaqla ondan əvəzsiz qoyulan sayğaca görə pul tələb edir. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı qaz sərfiyyatına və sayğacın dəyərinə görə tələb etdiyi 458,90 manat borc silinsin. Cavabdehndən dövlət rüsumuna görə 10 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar