Məhkəmə qərarları › İş №2(001)-531/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-531/2025

24.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-531/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədzadə Fəridə Mehdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə anadan olmuş nəvəsi X7 fəaliyyət qabiliyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, nəvəsi X11 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. O anadangəlmə psixi qüsurlu xəstə olmaqla, öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən nəvəsi 1-ci dərəcə əlil olmaqla, əmək qabiliyyətsizdir. Bildirir ki, qızı X4 xx.xx.2014-cü il tarixdə qida borusunda yaranan qanaxma nəticəsində ölmüşdür. X3 ilə 2007-ci il tarixində nikahları pozulmuşdur. Füzuli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamına əsasən xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2002-ci il təvəllüdlü X1, tərbiyə olunması, təhsil alması, habelə hüquq və mənafelərinin qorunması məqsədi ilə onun qəyyumluğuna verilmişdir. X11 öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Tərəflərin izahatları və ərizəyə münasibəti:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, ərizəsinin təmin edilməini xahiş edir. Uşağın anası ölmüş, atası barədə məlumatları yoxdur.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə, onların nümayəndəsinin məcburi iştirakının tələb olunmasının bildirilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Füzuli rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 065225 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X4 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğvi haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixində 32 № ilə qeyd edilmişdir.

6. Füzuli rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 846286 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2006-cı il tarixində Bakı şəhərində doğulmuş, atası X12, anası X2r.

7. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 694136 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixində ölmüşdür.

8. Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 126 saylı sərəncamından olan çıxarışın surətindən görünür ki, anası vəfat etmiş yetinlik yaşına çatamayanlar xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2002-ci il təvəllüdlü X1, tərbiyə olunması, təhsil alması, habelə hüquq və mənafelərinin qorunması məqsədilə nənəsi Ərizəçi qəyyumluğuna verilmələri və s. qərara alınmışdır.

9. Ərizəçi məxsus AA seriyalı, 447693 saylı məcbur köçkün vəsiqəsindən görünür ki, o, Füzuli rayonundan məcburi köçkündür.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilən Əlillik haqqında arayışdan görünür ki, X9 xx.xx.2024-cü il tarixində İ dərəcəli əlillik təyin edilməklə, kvadroplegik spastik serebral iflic diaqnozu qoyulmuşdur.

11. X6 tərəfindən verilən 543 3-li xəstəlik tarixindən görünür ki, X13 xx.xx.2008-ci il tarixindən 1 yaş 6 aylıq olarkən xəstəxanaya psixo-fiziki inkişaf geriyili , formalaşan serebral iflic, anemiya diaqnozu ilə daxil olmuşdur.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 5676 saylı rəydən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X8 uşaq uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən edilir. X11öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna görə də, X11tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

13. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin:

14. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

15. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

16. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

18. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır;

19. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər;

20. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir;

21. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir;

22. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər;

23. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır;

24. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

25. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.2006-cı il təvəllüdlü X7 nənəsidir və Füzuli rayonundan məcburi köçkündür. xx.xx.2006-cı il təvəllüdlü X11 xx.xx.2014-cü ildən nənəsinin qəyyumluğuna verilmişdir. Hazırda onun psixi qüsurları haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də onun tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır.

26. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun:

28. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar Tətbiq edilən prosessual normalar:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

33. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

34. Beləliklə, məhkəmə mülki iş materiallarına əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar