Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5312/2021 06.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə əsasında nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş ziyanın əvəzi olaraq 6.000 manat məbləğində vəsaitin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 02 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin ona təhvil aldığı mənzilinin əvəzinə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində inşa olunan yeni 162 saylı binada 4-cü giriş, 6-cı mərtəbədə ümumi sahəsi 90.8 kv.m təşkil edən 218 saylı mənzili təmirli vəziyyətdə təhvil verməsi nəzərdə tutulmuşdur. 15 avqust 2017-ci il tarixli Əlavəyə əsasən ona 84 kv.m mənzil əvəzinə 90.8 kv.m mənzil verildiyi üçün 6.8 kv.m sahənin pulunun təmir pulundan 6.000 manat çıxılması və mənzilin təmirinin öz hesabına həyata keçirməsi nəzərdə tutulmuşdur. 02 sentyabr 2017-ci il tarixli müqaviləyə 09 aprel 2019-cu il tarixli əlavə və dəyişiklikliyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində inşa olunan yeni 162 saylı binada 4-cü giriş, 6-cı mərtəbədə ümumi sahəsi 90.8 kv.m təşkil edən 218 saylı mənzilin ona təmirsiz vəziyyətdə təhvil verildiyinə görə cavabdehin 18.160 manat kompensasiya ödəməsi nəzərdə tutulmuşdur. 09 aprel 2019-cu il tarixdə təmir pulundan 6.000 manat çıxılaraq ona 12.160 manat pul ödənilmişdir. 05 avqust 2017-ci il tarixli Əlavədə qeyd olunmuşdur ki, onun 6.000 manat borcu yoxdur. Lakin, 06 fevral 2021-ci il tarixdə qeyd olunan mənzilə reyestrdən çıxarış alarkən ona məlum olmuşdur ki, cavabdeh onu aldatmışdır, belə ki, mənzilin sahəsi 90.8 kv.m deyil, 84.5 kv.m təşkil edir. O, cavabdehdən ödənilməmiş 6.000 manatın ödənilməsini xahiş etsə də, cavabdeh müxtəlif bəhanələrlə həmin pulu ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, qonşular da şifahi şəkildə ona bildirmişlər ki, cavabdeh onları da aldadıb. Lakin, onlar hüquq mühafizə orqanlarına bununla bağlı müraciət etməmişlər. Onun mənzilinin ümumi sahəsi azdır, ona 90.8 kv.m əvəzinə 84.5 kv.m mənzil veriblər. Texniki pasportda da mənzilin ümumi sahəsi 84.5 kv.m-dir. Balkonun ölçüsünü bilmir. O, hazırda əksik verilmiş sahəyə görə 6.000 manat məbləğində pul tələb edir. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mübahisəli mənzil iddiaçıya təhvil verilmiş və heç bir aldatma olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 15 avqust 2017-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən İddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvan 554-568), mənzil 32 ünvanında yerləşən 68 kv.m-dən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdehnə təhvil verməyi, Cavabdeh isə həmin yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çox mənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 84 kv.m tam təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 15 avqust 2017-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Əsas Müqaviləyə “Əlavə”yə əsasən tərəflərin razılığı əsasında mənzil mülkiyyətçisi İddiaçı ona veriləcək 3 otaqlı, ümumi sahəsi 84 kv.m olan mənzil əvəzinə 3 otaqlı, giriş 1, mərtəbə 6, mənzil 26 ümumi sahəsi 90.8 kv.m olan mənzili öz adına rəsmiləşdirir. Artıq götürülmüş 6.8 kv.m sahəyə görə mənzilin təmir pulundan 6.000 manat çıxılaraq yerdə qalan məbləğ mülkiyyətçiyə veriləcək və mülkiyyətçi özü öz hesabına mənzili təmir edəcək. Müqaviləyə qeyd olunmuşdur ki, 09 aprel 2019-cu il tarixdə ödədi 6.000 manat, borcu yoxdur. 09 aprel 2019-cu il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Əsas Müqaviləyə əlavə və dəyişikliklərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, giriş 4, mərtəbə 6, 90.8 kv.m olan 218 saylı mənzili təmirsiz olaraq mənzilin mülkiyyətçisi olan İddiaçı təhvil verilməsi, yuxarıda qeyd olunan olunan mənzil təmirsiz verildiyinə görə mənzil mülkiyyətçisinə 18.160 manat kompensasiya ödənilməsi barədə tərəflər öz aralarında razılığa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04 fevral 2021-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, 218 saylı mənzilin (yeni qaydalarla AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 564, M6, m5) ümumi sahəsi 84.5 kv.m-dir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 218 (yeni qaydalarla AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 564, M6, m5) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Daşınmaz əmlakın ümumi sahəsi 84.50 kv.m-dir. Qeydiyyat tarixi 06 fevral 2021-ci ildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa olunmuş Bakı şəhəri, Yasamal rayonu, A,M.Şərifzadə küçəsi, bina 162, 4-cü giriş, 6-cı mərtəbə, 3 otaqdan ibarət 218 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A,M.Şərifzadə küçəsi, bina 564, 1-ci giriş, 6-cı mərtəbə, 3 otaqdan ibarət 5 saylı mənzil) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 79.7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri, Yasamal rayonu, A,M.Şərifzadə küçəsi, bina 162, 4-cü giriş, 6-cı mərtəbədə yerləşən 218 saylı 3 otaqlı (Bakı şəhəri, Yasamal rayonu, A,M.Şərifzadə küçəsi, bina 564, 1-ci giriş, 6-cı mərtəbə, 3 otaqdan ibarət 5 saylı mənzil) mənzilin sahəsinin ölçülməsi qaydası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun aparıldığı, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 02 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən mənzil verilərkən ölçülər faktiki sahəyə uyğun (arakəsmələr, divar və sair sahə çıxılmaqla) aparılmadığı müəyyən olunmuşdur. Mülki iş materiallarında Cavabdeh ilə İddiaçı arasında bağlanmış 02 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən mənzil verilərkən ölçülərin hansı qaydaya əsasən aparıldığına dair məlumat olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. 09 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında 15 avqust 2017-ci il tarixdə müqavilə bağlanmış, iddiaçı öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 68 kv.m-dən ibarət yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çox mənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 84 kv.m tam təmirli mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Daha sonra, tərəflər arasında yuxarıda qeyd olunan müqaviləyə əlavə bağlanmış və tərəflər ümumi sahəsi 84 kv.m olan təmirli mənzilin ümumi sahəsi 90.8 kv.m olan təmirsiz mənzillə əvəzləşdirilməsi barədə razılığa gəlmişlər. Həmçinin, ümumi sahəsi 90.8 kv.m olan mənzilin təmirsiz verilməsinə görə 18.160 manat məbləğində kompensasiyadan artıq götürülmüş 6.8 kv.m sahəyə görə 6.000 manat çıxılmış, qalan pul isə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda isə iddiaçı cavabdeh tərəfindən ona verilməli olan ümumi sahəsi 90.8 kv.m olan mənzilin əksik kv.m-lə, yəni 84.5 kv.m-lə verildiyinə görə cavabdehdən 6.000 manat tələb edir, cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Göründüyü kimi, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində cavabdeh məhz müqavilədə göstərilən ölçüdə olan mənzili iddiaçıya verməyi öhdəsinə götürdüyü halda, bu öhdəliyini lazımınca icra etməmişdir. Qeyd olunan hal, yəni mənzilin ölçüsündə əskiklik olduğu iş materiallarında olan sənədlərlə (Çıxarış və Texniki Pasport) və məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmənin qənaətinə görə, bütün bunlar iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə haqlı olduğunu göstərir. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 15 avqust 2017-ci il tarixli müqavilədə cavabdehin iddiaçıya təhvil verməli olduğu mənzilin ümumi sahəsi 90.8 kv.m olaraq nəzərdə tutulmuş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin həmin mənzilə dair iddiaçıya təqdim etdiyi sənədlərdə (Çıxarışda və Texniki Pasportda) onun ümumi sahəsi 84.5 kv.m olaraq göstərilmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə isə, həmin mənzilin ümumi sahəsinin 79.7 kv.m. olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənzilə dair tərtib etdiyi Çıxarışda və Texniki Pasportda sözügedən mənzilin ümumi sahəsi 84.5 kv.m olaraq göstərildiyi halda, ekspert mənzilin ümumi sahəsinin 79.7 kv.m. olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu baxımdan məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sözügedən mənzilə dair tərtib etdiyi Çıxarışda və Texniki Pasportda göstərilən ümumi sahə əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının məhz ümumi sahəsi 84.5 kv.m olan mənzilə dair hüquqları qeydə alınmışdır; Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Beləliklə, müəyyən olunur ki, cavabdeh iddiaçıya təhvil verməli olduğundan 6.3 kv.m daha az ölçülü mənzili onun sahiblik və istifadəsinə təqdim etmişdir. Tərəflər arasında bağlanmış 15 avqust 2017-ci il tarixli müqavilə ilə mübahisəli mənzilin 6.8 kv.m sahəsi 6.000 manat məbləğində müəyyənləşdirilmişdir. Belə olan halda isə qeyd olunan mənzilin hər kv.m-nin dəyəri 882,353 (6.000 / 6.8 = 882,353) manat olaraq nəzərdə tutulmuşdur. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, cavabdehdən cəmi 5.558,8 manat tutularaq iddiaçıya ödənilməlidir (90.8 – 84.5 = 6.3 kv.m x 882,353 manat = 5.558,8 manat). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia qismən təmin edilməli, Cavabdehndən 5.558,8 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi dövlət rüsumunun 28 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 46 manatı cavabdehdən, 4 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 5.558,8 (beş min beş yüz əlli səkkiz manat, səksən qəpik) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 46 (qırx altı) manatı Cavabdehndən, 4 (dörd) manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5312/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5312/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver