Məhkəmə qərarları › İş №2(001)-5344/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5344/2024

09.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5344/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz olaraq hesablanmış 1000 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. "xxxx" ASC ilə müqavilə bağlandığı vaxtdan fasiləsiz olaraq elektrik enerjisindən istifadə etmiş və buna görə ödənişlər etmişdir. "xxxx" ASC ilə aralarında heç bir mübahisə olmamışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları ona yaxınlaşıb bildiriblər ki, işıq sayğacında şübhəli məqamlar var. Belə ki, xx.xx.2024-cü il tarixdə 004539 nömrəli akta əsasən elektrik sayğacına baxış keçirilən zaman məlum olub ki, sayğacın qoşulma ardıcıllığı səhvdir. Sayğacın sıfır yuvasına sıfır xətti birləşdirilmiş və sayğac sxemdən kənarlaşdırılmışdır. Bu səbəbdən 1000 manat cərimə tərtib olunmuşdur. Hesab edir ki, ona qarşı tərtib edilmiş akt qanunsuz və əsassızdır. Belə ki, ışıq sayğacı quraşdırılan zaman şəxsən "xxxx" ASC-nin əməkdaşlarına bu barədə məlumat vermiş və yaxın bir müddət ərzində plombların yenidən bərpa edilməsi ona şifahi bildirilmişdir. Daha sonra isə akt tərtib edərək bu barədə heç bir malumat olmadan tamamilə başqa bir şey haqda akt tərtib edilmiş və ona qarşı ağlabatan olmayan, məntiqsiz şəkildə cərimə tərtib edilmişdir. Cəriməni ona şifahi şəkildə bildirsələr də hazırda abonent saldosunda bu barədə konkret olaraq yazılıb göstərilməmişdir. Bundan başqa akt tərtib edilən vaxt cərimə ödənilənə kimi evə gələn işıq xəttini kökündən kəsərək onları işıqsız qoymuşlar. Qeyd olunan akt tərtib edilərkən ailə üzvlərindən heç biri evdə olmamışdır. Ümumiyyətlə işıq sayğacı həyətdən kənar yerləşir və sayğac dəyişdirilən zaman onlar həmin yerdə olmamışlar. O, "xxxx" ASCnin əməkdaşlarına bu barədə öz irad və şikayətlərini bildirdikdə onlar məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Qeyd edilənlərə əsasən iddiaçı əsassız yazılmış borcun silinməsinə dair aktla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, akt tərtib edilməmişdən 2 ay öncə köhnə sayğac yenisi ilə əvəz edilmişdir. Lakin həmin vaxt plomb vurulmamışdır. Bildirdilər ki, ümumi sayğaclar dəyişdikdən sonra təkrar gəlib plomb vurulacaq, sayğacda plombun olmamasına səbəb odur. Şahid kənar qoşulma olduğunu bildirsə də tamamilə əsassızdır. Həmin vaxt evdə heç kim olmamışdır. O, "xxxx" ASC-nin əməkdaşlarına zəng vuraraq onu gözləmələrini xahiş etmiş, lakin onlar gözləməmiş, sayğacın qapısını açıq qoyaraq açarları da üstünə qoyub getmişlər. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Tam əsassız olaraq cərimə yazılmışdır. Bu səbəbdən də əsassız yazılmış borcun silinməsini xahiş edir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır, video görüntülər vardır və həmin görüntülərdən də sübut olunur ki, sayğaca kənardan müdaxilə olunmuş və sayğac sistemdən kənarlaşdırılmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən şahid X3 izahat verərək bildirmişdir ki, ərazini yoxlayarkən, abonentin sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. Belə ki, faza və sıfır xəttinin yerini dəyişdirilməklə, sayğacın sxemi dayandırılmışdır. Hətta görüntüdə sayğacın plombunun olmadığı da görünür. Onları gördükdən sonra bir qadın həyətə daxil olmuş, nəsə etdikdən sonra sayğac yenidən normada işləməyə başlamışdır.

Mülki işin materialları:

6. xx.xx.2024-cü il tarixli, NİM№004539 nömrəli aktdan görünür ki, elektrik sayğaclarına baxış keçirən zaman məlum olmuşdur ki, sayğacın qoşulma ardıcılığı səhvdir. Belə ki, sayğacın faz yuvasına sıfır xətti, sıfır xəttinə faz xətti daxil edilmişdir və sayğac sxemdən kənarlaşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xətdən keçən yüklər ampermaşa vasitəsilə ölçülmüşdür.

7. xx.xx.2024-cü il tarixli aktdan görünür ki xx.xx.2024-cü il tarixli, NİM№004539 nömrəli akta əsasən İddiaçı 0.08 tariflə 44,72 manat (559 kvt x 0.08 qəpik), 0.09 tariflə 27 manat (300 kvt x 0.09 qəpik) və 0.13 tariflə 957,58 manat (7366 kvt x 0.13 qəpik) borc olmaqla, ümumilikdə 1029,30 manat cərimə hesablanmışdır.

8. "xxxx" ASC tərəfindən verilmiş “Abunə haqqında” məlumatdan müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında (abonent kodu **********00946) xx.xx.2024cü il tarixdə tərtib olunan aktlar üzrə ümumilikdə 1029,30 manat cərimə qeyd edilmişdir.

9. Abonentin hərəkət cədvəlindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında iddiaçı tərəfindən 2015-il tarixdən 2024-cü il tarixədək mütəmadi olaraq elektrik enerjisinə görə ödənişlər edilmiş və 2024-cü il tarixinə 1205.89 manat borc qeyd edilmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

10. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslıdır və təmin edilməlidir.

11. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın:

12. 1.1 maddəsinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.

13. 1.4-cü maddəsinə əsasən abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir.

14. 6.3-cü maddəsinə əsasən Dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması qaydaları”na, “Elektrik qurğularının texniki istismar qaydaları”na, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar.

15. 7.6-cı maddəsinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

16. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən elektrik enerjisi sərfiyyatına görə ona ziyan hesablamışdır.

17. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

18. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

23. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının sayğaca müdaxilə etməsini əsaslandıra bilməmişdir. Bundan başqa sayğac evdən kənarda yerləşir, qanunvericiliyin tələblərinə əsasən elektrik sayğaclarının tamlığına, təhlükəsizliyinə istehlakçı nəzarət etməlidir.

24. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddiası əsaslı olduğu üçün təmin edilməli, ünvan 1 ünvanında (abonent kodu **********00946) İddiaçı adına hesablanmış cərimə borcu əsassız olduğundan 1000 manat məbləğində borc silinməlidir.

25. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia tələbi təmin edilsin. ünvan 1 ünvanında (abonent kodu **********00946) İddiaçı adına əsassız hesablanmış 1000 manat (bir min) məbləğində borc (cərimə) silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar