Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5365/2025 10.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “istehlakçının hüququnun müdafiəsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “istehlakçının hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, eyni zamanda, bu akt əsasında hesablanmış 7859,82 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla, orada yaşayır. Qeyd edilən mənzilə qaz sayğacı ilə bağlı xx.xx.2022ci il tarixdə "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 3 nəfər əməkdaşdan ibarət yoxlama gəlmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Aktda qeyd edilir ki, guya mənzilə qaz təchizatını təmin etmək üçün qeyriqanuni, sayğacsız birləşmə aşkar olunmuşdur. Nəticədə, bu akt əsasında 2023-cü ilin yanvar ayına 7859,82 manat borc qeyd edilmişdir. Hesab edir ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt və həmin akta dair borc əsassız və qanunsuz yazılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktda qeyd edilmişdir ki, həmin sənəd "Aşağıda imza edənlər: BRUSD-nin Binəqədi 3 üzrə qrup rəhbəri Əfəndiyev Şamil, mühəndis Mirzəyev Fariz, çilingər Fərzəliyev Azər, Haxızadə Afisin iştirakı ilə tərtib edilmişdir". Daha sonra, aktın imza hissəsində Əfəndiyev Samir, Mirzəyev Fariz ve Fərzəliyev Azər imza atmışlar. Haxızadə Afis adının qarşısındakı imza yerində isə "imtina" qeyd edilmişdir. Aktda adı qeyd edilən Haxızadə Afis onun atasıdır. Bildirir, ki atası X2 xx.xx.2020-ci il tarixdə "Korona virus" infeksiyasından vəfat etmişdir. Yəni, fiziki olaraq atasının həmin aktın tərtibində iştirak etməsi və imza atmaqdan imtina etməsi mümkün deyildi. Bu danılmaz fakt qeyd edilən aktın əsassız və qanunsuz olduğunu bir daha sübut edir. Cavabdehin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, xx.xx.2025-cü il tarixə təyin edilmiş baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan: **********00018 nömrəli abonentin saldosundan görünür ki, X1 qalıq və aktlar üzrə 2023-cü il üçün ümumilikdə 7859,82 manat akt borcu təşkil edir. Ölüm haqqında elektron şəhadətnamədən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07-4413 saylı müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz təchizatına baxış keçirilən zaman təbbi qazdan sayğacsız qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğac G-4 **********630 nömrəli sayğacla əvəz edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məslələrini Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1 may 2022ci il tarixdən etibarən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla aparılmış hesabat qanunvericiliyin bu tələbinə əməl edilmədən aparıldığından, həmin akt üzrə hesablanmış 7859,82 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının: 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə); 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Lakin həmin aktların tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktların tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məslələrini Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində də qeyd edilmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktla aparılmış hesabat qanunvericiliyin tələbinə əməl edilmədən aparılmışdır. Belə olan halda, xx.xx.2022-ci il tarixli ******* saylı akt etibarlı olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) rəhbər tutaraq hesab edir ki, həmin aktlar əsasında İddiaçı (Abonent kodu: **********00018) hesablanmış 7859,82 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 98,6 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə hesablanmış (abonent kodu **********00018) 7859,82 (yeddi min səkkiz yüz əlli doqquz manat, səksən iki qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 98,6 (doxsan səkkiz manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-5365/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5365/2025
10.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver