Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-551/2023 22.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcunun silinməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən onun adına əsassız olaraq hesablanmış 327,76 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi, ev 7, mənzil 43-də olan təbii qaz xəttinə xx.xx.2022-ci il tarixinə kimi smartkart tipli qaz sayğacı quraşdırılmışdır. Təbii ki, o, da təbii qazdan istifadə ilə əlaqədar ödənişlərini kart vasitəsilə etmişdir. xx.xx.2022-ci il tarixində məlumatı olmadan və iştirakı təmin edilmədən həmin smartkart tipli sayğac cavabdehin əməkdaşları tərəfindən çıxarılmış və həmin şəxslər tərəfindən aparılmışdır. Həmin gündən təxminən 15 gün sonra 312 manat 64 qəpik məbləğində borcu olmağı barədə ona sms mesajı göndərilmişdir. Çox qəribədir ki, cavabdehin nümayəndələri tərəfindən mənzilinə quraşdırılmış sayğacın smartkart sayğacı olduğu və ödənişlərin də smartkart vasitəsilə həyata keçirildiyi nəzərə alınmamış və heç bir hüquqi əsas göstərilmədən adına bu məbləğdə borc yazılmışdır. Bununla əlaqədar cavabdehə şikayət ərizəsi ilə müraciət etdikdən sonra yenidən mənzilinə smartkart sayğacı quraşdırıldı. Lakin həmin borcu silmək əvəzinə, ona yenidən borcunun 316 manat 72 qəpik olması barədə mesaj göndərdilər. Çox qəribədir ki, xx.xx.2022-ci il tarixinədək mənzilində sayğac quraşdırılmadığına və həmin müddət ərzində təbii qazdan istifadə etməməyinə baxmayaraq, yenidən əsassız olaraq adına borc yazılmış və son məbləğ kimi isə 327 manat 76 qəpik məbləğində borcun olduğu göstərilmişdir. Bu borca görə də həmin bu sayğacdan istifadəsi qeyri-mümkün olmuşdur. Belə ki, cavabdeh tərəfindən həmin qaz sayğacı bloklandığı üçün smartkart vasitəsilə ödənişin aparılması qeyri-mümkün olmuş və bu səbəbdən də onun təbii qazdan istifadəsi də mümkünsüz olmuşdur. Cavabdehin bu qanunazidd hərəkətləri nəticəsində həm maddi, həm də mənəvi ziyan görmüşdür. Artıq bir neçə aydır ki, mənzilinə təbii qazın verilməsi dayandırıldığı üçün normal həyat şəraiti də pozulmuşdur. Qeyd edir ki, cavabdeh tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2011- ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın tələbləri kobud şəkildə pozulmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2018-ci ilin mart ayında Azəriqaz İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və guya sayğacın yivli birləşməsinə vurulmuş plombun yerində aşkar olunmadığı müəyyən olunmuşdur. Halbuki bu barədə ona məlumat verilməmiş, həmçinin Xəlilov adlı şəxs Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktı imzalaqdan imtina etdiyini aktda qeyd edilmişdir. O, iki övladı ilə birlikdə yaşayır və Xəlilov adlı şəxs onlarla birgə yaşamır. Azəriqaz İB-yə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, Azəriqaz İB-nin əməkdaşları akt tərtib ediblər. xx.xx.2022-ci il tarixdə sayğac dəyişdirilərkən problem aşkar olunmuş və ona əsassız borc yazmışlar. Sayğac dəyişdirilən ərəfədə özü evdə olmamış, bu barədə məlumatı olmamışdır. Məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, 2018-ci ildə Azəriqaz İB-nin əməkdaşları akt tərtib ediblər. Bu barədə Azəriqaz İB-ə müraciət etdikdə oradan vətəndaşların qaz sərfiyyatına olan borclarının dövlət tərəfindən silindiyi, nə üçün bununla bağlı müraciət etmədiyi soruşmuşlar. Onlara borcunun olması barədə heç bir məlumatının olmadığını və bu səbəbdən borcumun silinməsi ilə bağlı müraciət etmədiyini bildirmişdr. Bundan başqa akt ona təqdim olunduqdan sonra mənə məlum olmuşdur ki, nə üçün artıq qaz işlətmişdir. Çünki, ona aydın olmuşdur ki, ödədiyi puldan borcuna görə çıxıblar. Birinci dəfə xx.xx.2022-ci ildə köhnə sayğacı mexaniki sayğac ilə əvəz etdikdən sonra və iki ay ərzində 1.90 manat qaz işlətmiş, daha sonra yəni 2022-ci ilin sentyabr ayında smart kart tipli sayğacla əvəz etmişlər. Mən bu barədə Azəriqaz İB-ə müraciət etmişdir ki, iki aya 1.90 manat qaz işlətmişsə, əməkdaşları bu qədər borcu necə yazıblar, onlar da borcun haradan qaynaqlandığını bilmədiklərini bildirmişlər. O, heç bir qanunsuz qoşulma etməmiş, hər ay ödənişlərini yerinə yetirmişdir.
5. Cavabdehə və nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Cavabdehin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilən məzmunda izahat vermişdir.
7. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixində elektron qaydada məhkəməyə ünvanladığı iddiaya etirazında göstərir ki, İddiaçı "Azəriqaz" İB-yə qarşı iddiasını qəbul etmir və hesab edir ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan qaz sayğacına əməkdaşlarımız tərəfindən baxış keçirilərkən sayğacın flyans birləşmələrinə vurulmuş plombun yerində olmadığı aşkar edilmiş, bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akt tərtib edilərək fotoşəkilləri çəkilmişdir. Bunun nəticəsində Birlik tərəfindən İtirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 1728 m3 qaz sərfi müəyyən edilmiş və onun dəyəri istehlakçının abonent hesabına daxil edilmişdir. Bununla bağlı təsdiqedici sənədlər (akt, tələbnamə və s) və fotoşəkillər elektron sistemə əlavə edilmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlar:
8. Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2022-cu il tarixli aktdan görünür ki, İddiaçı Ş.Məmmədov, ev 7, mənzil 43 ünvanında İtron/Smart tipli, G-4 markalı sayğac yeni sayğazla əvəz edilmiş, yerinə Zenner tipli, G-4 markalı, **********7 saylı sayğac quraşdırılmışdır.Sayğacın quraşdırılma səbəbi əvəzetmə kimi göstərilmişdir.
9. Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı Ş.Məmmədov, ev 7, mənzil 43 ünvanında Zenner tipli, G-4 markalı, **********7 nömrəli sayğac yeni sayğazla əvəz edilmiş, yerinə Zenner tipli, G-4 markalı, **********205 saylı sayğac quraşdırılmışdır.Sayğacın quraşdırılma səbəbi əvəzetmə kimi göstərilmişdir.
10. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 001913 saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, istehlakçı Xəlilov adlı şəxsin məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********00430 olan sayğaca ümumi baxış keçirilmiş, sayğacın flyans birləşməsində plombun aşkar edilmədiyi qeyd edilməklə, dəymiş ziyanın hesablanmalı olması göstərilmişdir.
11. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 30 mart 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı kimi Xəlilova məxsus Binəqədi rayonu, 8-ci mkr sah. ünvanında yerləşən və abonent kodu **********00430 olan sayğacda qaz paylayıcısı tərəfindən sayğacın yivli birləşməsinə vurulmuş plombun (yerində aşkar olunmadı) qırıldığı qeyd edulmiş, nəticədə xx.xx.2018-ci il tarixli 001913 saylı akta əsaslanmaqla dəymiş ziyan 1728 kub.m məbləğində hesablanmışdır.
12. Gasrepdən görünür ki, İddiaçı məxsus abonent kodu **********00430 olan sayğacda 2018-ci ilin iyun ayı üçün 345,6 manat borc hesablanmışdır.
13. Abonent saldosunda görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00430 olan İddiaçı qaz sərfiyyatına görə 2022-ci il üçün 327,76 manat qalıq borcu vardır. Sonuncu dəfə istehlakçı tərəfindən ödənilən 10 manat məbləğində ödəniş borcdan silinməklə 317,76 manat qalıq borc hesablanmışdır. Məhkəmə tərəfindən tərəfləri izahatları və işin faktiki halları ilə müəyyən edilənlər:
14. xx.xx.2022-cu il tarixində İddiaçı Ş.Məmmədov, ev 7, mənzil 43 ünvanında İtron/Smart tipli, G-4 markalı sayğac yeni sayğazla əvəz edilmiş, yerinə Zenner tipli, G-4 markalı, **********7 saylı sayğac quraşdırılmışdır. Daha sonra həmin sayğac da, xx.xx.2022-ci il tarixində Zenner tipli, G-4 markalı, **********205 saylı sayğacla əvəz edilmişdir. Hər iki sayğacın quraşdırılma səbəbi əvəzetmə kimi göstərilmiş, sayğaclara dair hər hansı qüsurun olması göstərilməmişdir.
15. Lakin 2018-ci ildə eyni ünvanda istehlakçının nümayəndəsi Xəlilov göstərilməklə abonent kodu **********00430 olan sayğaca baxış keçirilmiş və tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 001913 saylı aktla sayğacın flyans birləşməsində plombun aşkar olunmaması göstərilmişdir. Lakin sayğac yoxlamdan keçirilməsi üçün çıxarılmamış, nəzəri baxışla akt tərtib edilmişdir. 30 mart 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə isə həmin akta hətta tarixi yanlış göstərilməklə xx.xx.2018-ci il tarixli 001913 saylı akta əsaslanmaqla dəymiş ziyan 1728 kub.m məbləğində hesablanmışdır.
16. Gasrepə əsasən İddiaçı məxsus abonent kodu **********00430 olan sayğacda 2018-ci ilin iyun ayı üçün 345,6 manat borc hesablanmışdır.
17. Abonentin saldosuna əsasən 2022-ci ilin iyul ayında isə abonentin hesabına 324,84 manat borc daxil edilmişdir. Saldoda abonentin evində evdə 4 gözlü qaz plitəsi (PQ-4) (1/1) samovar (1/1) istifadə edildiyi göstərilir.
18. İddiaçı iddia edir ki, borcu yaranma mənbəyi ona məhkəmə araşdırması dövründə məlum olur ki, cavabdehlərin əməkdaşları tərəfindən 2018-ci il tarixində tərtib edilən akt əsasında, sayğacın plombuna vurulmuş zərər nəticəsində hesablanıb. Halbuki, həmin tarixdə istehlakçı kimi göstərilən Xəlilov adlı şəxlə əlaqəsi yoxdur və həmin ünvanda iki uşağı ilə yaşayır, evində 4 gözlü qaz plitəsi olsa da, samovardan istifadə edilmir.
19. Hazırda iddiaçı həmin borcun əsassız olaraq hesablandığını, sayğacın kənar təsirlərdən mühafizəsinin onun tərəfindən mümkün olmamasını iddia edərək, ona hesablanan 327,76 manat borcun abonent hesabından silinməsini tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
20. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:
21. 8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
22. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
23. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
25. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
26. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
27. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
28. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
29. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
30. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
31. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
32. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
33. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
34. Yuxarıda göstərilən normalardan göründüyü kimi istehlakçı tərəfindən sayğaca müdaxilə və ya qanunsuz qoşulma nəticəsində qazın talanmasının təsdiq edildiyi halda qaz paylayıcısının vurulmuş zərəri tələb etmək hüququ vardır. Lakin işin müəyyən edilmiş hallarından göründüyü kimi istehlakçı tərəfindən qazın qanunsuz talanması faktı müəyyən edilməmişdir. Hansı ki, sayğacın flyans birləşməsində plombun qırılması qaz şəbəkəsinə qanunsuz qoşulmanı və qazın talanmasını və ya sayğacdan kənar istifadəni sübut etmir. Bununla yanaşı abonentin saldosundan görünür ki, istehlakçının əvvəlki illərdə də qaz sərfiyyatı cuzi olmuşdur. Halbuki iddiaçının evində quraşdırılan qaz sayğacı 2018-ci il tarixədək mexaniki olmuş və mexaniki sayğacın göstəricilərinə əsasən hesablaşma aparılmışdır. Bu isə onu təsdiq edir ki, sayğacın plombunun qırıq olmadığı əvvəlki illərdə də istehlakçı demək olar ki orta hesabla eyni sərfiyyat etmişdir. Bundan əlavə mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları prinsipi baxımından yanaşdıqda belə, qaz sayğacının zədələnməsində iddiaçının təqsiri müəyyən edilmir.
35. Halbuki Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan o nəticə doğur ki, zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
37. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
39. Odur ki, sayğacın zədələnməsində və qazdan qanunsuz istifadədə istehlakçının təqsiri müəyyən edilmədiyindən hesablanmış borc əsassız hesab edilməli və iddiaçı X1 qazdan istifadəyə görə hesablanmış iddia tələbi həddində cərimə məbləği Cavabdeh tərəfindən silinməlidir. Tətbiq edilən prosessual normalar:
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
43. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
44. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda— qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
46. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
47. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
49. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən 327,76 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********00430) silinməli və istehlakçının ödəməkdən azad olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən 327,76 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********00430) silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev