Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5517/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq qaz borcu ilə əlaqədar hesbalanmış cərimənin Cavabdeh İB tərəfindən silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzilin faktiki sahibi özüdür. O, Qurban bayramı ilə əlaqədar bir həftəlik rayona səfər etmişdir. Bu zaman Cavabdeh İB-nin nümayəndələri təərfinədn həmin fərdi yaşayış evində onun iştirakı olmadan qaz sayğacı sökülərək, istismarı dayandırılmışdır. Sayğacın sökülməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Aktda sayğacın sökülməsinə səbəb kimi qeyd edilmişdir ki guya qaz sayğacının plastmas materialdan olan borusu zədəlidir və bu səbəbdən qaz sayacı sökülməlidir. Cavabdeh İB-nin əməkdaşlar tərəfindən onun köhnə qaz sayğacı sökülüb aparıldıqdan sonra ona məlumat verildi ki, sayğacda problem olduğu üçün cərimə ödəməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, qaz sayğacının sökülməsi prosesi vətəndaşın iştirakı ilə keçirilməli olduğu halda ona bununla bağlı heç bir məlumat verilməmişdir. Sözügedən mənzildə yaşadığı müddətdə təbii haldır ki, qazdan mütəmadi olaraq istifadə etmiş və təbii qazdan istifadəyə görə yaranmış borclar tərəfindən aybaay ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla bağlı onunla Cavabdeh İB arasında hər hansı mübahisə yaşanmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ilk olaraq məhkəmənin diqqətinə çatdırır ki, qaz sayğacı onun iştirakı olmadan çıxarılmışdır. Digər tərəfdən onun evində istifadəsindəki sayğaclar smart tipli sayğaclar olmuş, ödəniş etdiyi qədər qazdan istifadə etmişdir. Sonuncu dəfə onun iştirakı olmada sayğac çıxarılmış və yerinə müxaniki sayğac quraşdırılmışdır. Təzə sayğacdan istifadə etməsi üçün ona kartın verilməsində borcunun olması səbəbindən imtina edildiyindən, 228 manat hesablanmış borcu ödəmişdir. Bundan sonra ona kart təqdim edilmişdir. Belə ki, 2022-ci ildə sayğacın 10 ili tamam olandan sonra yenilədilər. Hətta xəttin turbaları belə yenilənmişdi. Təzə sağac qoşulandan sonra isə istifadə etdiyi qazın həcmi ortadadır. Ondan bu qədər fantastik borcun tələb edilməsi əsassızdır.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2022-ci ilin noyabr ayında böyük qardaşı vəfat etdi və o mərhum qardaşı yaşayan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abbasov küçəsi, 24 saylı evə köçmüşdür. Onun başqa evi də var və əsasən orada qalırlar. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abbasov küçəsi, 24 saylı evi ikinci ev kimi istifadə edir. Qurban bayramı ilə əlaqədar bir həftəlik qeyri-iş günlərində rayona səfər etmişdir. Rayonda olan zaman qonşu zəng edərək Cavabdeh İB-nin əməkdaşlarının sayğacı sökmək istədiklərini bildirdi. Həmin zaman Azəriqaz” İB-nin əməkdaşları ilə telefon vasitəsilə əlaqə saxlayaraq sabah rayondan qayıdacağını və sayğacın onun iştirakı ilə sökülməsini tələb etsə də, onlar gözləyə bilməyəcəklərini bildirdilər. Cavabdeh İB-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə iştirakı olmadan qaz sayğacına baxış keçirərək guya sayğacın çıxış plastmas borusunun bir neçə yerdən deşildiyini və sayğacın sərfiyyatı qeyd etməməsini müəyyən etmişlər. Bu barədə Cavabdeh İB-nin əməkdaşları akt tərtib etmişlər və sayğacı yenisi ilə əvəz etmişlər. Cavabdeh İB-nin əməkdaşları 2011-ci ildən 2023-cü ilədək 4 dəfə sayğac dəyişmişlər. 10 ildən çox müddət ərzində smart tipli sayğacdan istifadə etmiş və bir dəfə də olsun sayğac da problem olmamışdır. Lakin mexaniki sayğac quraşdırıldıqdan sonra ona əsassız olaraq borc yazılmışdır. Cavabdeh İB-nin əməkdaşları smart tipli sayğac quraşdırdıqdan sonra yeni kart almaq üçün Cavabdeh İB-ə yaxınlaşmış, orada mexaniki sayğacda 228 manat borcunun olduğunu bildirdilər. Borcunu tam olaraq ödədikdən sonra ona smart tipli sayğaca pul yükləmək üçün kart verdilər. Daha sonra isə ona əsassız olaraq borc yazdılar. 2022-ci ilin yanvar ayında mexaniki sayğac quraşdırmışdılar. Mexaniki sayğaca nəzarəti Cavabdeh İB-nin əməkdaşı nəzarət edirdi, nəzarətçi təbii qazdan istifadəyə görə hər ay borcumu vatsap vasitəsilə göndərirdi, o, da ödəniş edirdim. 2022-ci ilin yay aylarında evdə olmamışlar, həmin ilin noyabr ayında evə köçmüşlər.
5. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Bundan əlavə cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixində elektron qaydada iddiaya etiraz verilmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00010 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu bir neçə yerdən deşilib,sayğac sərfiyyat qeyd etməməsi müəyyən edilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1550,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********00010 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, Məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır Məhkəmə baxışında tədqiq olunmuş sübutlar:
7. Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus Biləcəri qəsəbəsi, M.Abbasov küçəsi ev 24 ünvanında küçə xəttindən qidalanan Zenner tipli G-4 markalı, **********2 nömrəli sayğac çıxarılmış və Zenner tipli, G-4 markalı, **********948 sayğac quraşdırılmışdır. Sayğacın quraşdırılma səbəbi kimi əvəzləmə göstərilmişdir. Aktda əlavə olaraq əməkdaşlar tərəfindən qeyd aparılmış və qeyddə göstərilmişdir ki, sayğacın daxilinə baxış keçirildi, çıxış plastmas borusu deşikdir. Akt istehlakçı tərəfindən imzalanmamışdır.
8. Təbii X1nın pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Biləcəri qəsəbəsi, M.Abbasov küçəsi ev 24 ünvanında küçə xəttindən qidalanan Zenner tipli G-4 markalı, **********2 nömrəli sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu bir neçə yerdən deşilib. Sayğac sərfiyyatı qeyd etmir. Nəticədə dəymiş ziyanın hesablanması və sayğacın əvəzlənməsi qeyd edilmişdir.
9. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 30 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı kimi İddiaçı məxsus Biləcəri qəsəbəsi, M.Abbasov küçəsi ev 24 ünvanında yerləşən və abonent kodu **********00100010 olan sayğacda aşkar edilmiş nöqsan kimi sayğacın çıxış plastmas borusu deşikdir qeyd edilmiş və nəticədə 30 aprel 2023-cü il tarixli ******* saylı akta əsaslanmaqla dəymiş ziyan 12960 kub.m məbləğində hesablanmışdır.
10. Abonentin saldosundan görünür ki, İddiaçı məxsus abonent kodu **********00100010 olan sayğacda 2023-cü ilin oktyabr ayı üçün 1555,20 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. ünvan 1 ünvanında yerləşən mənzilə Azəriqaz tərəfindən **********00010 abonent kodu verilməklə təbii qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilə bağlanılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə təbii X1nın pozulması haqqında ******* nömrəli AKT tərtib edilmişdir. Həmin AKT-da qeyd edilmişdir ki, abonentin Zenner G-4 markalı sayğacına baxış keçirilərkən məlum oldu ki, sayğacın çıxış plastmas borusu 1 neçə yerdən deşilib.Sayğac sərfiyyatı qeyd etmir, dəymiş ziyan hesablansın və sayğac əvəzlənsin.
12. Həmin AKT-ın istehlakçının nümayəndəsi tərəfindən imzalanmasından imtina etdiyi qeyd edilmişdir.
13. 30 aprel 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və qeyd edilmişdir ki, qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 12960 kub.m qazın hesablanmış məbləği ödənilməlidir. Tələbnamənin tərtib edilməsi üçün xx.xx.2023-cü il tarixli, ******* nömrəli AKT əsas olmuşdur. Nəticədə 2023-cü ilin aprel ayında abonentin hesabına 1555.2 manat borc hesablanmışdır.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia edir ki, qaz sayğacı onun iştirakı olmadan dəyişdirilmiş, ona əsassız yerə borc hesablanmışdır.
15. Cavabdeh isə iddia tələbini qəbul etməyərək etirazının dəlilərində sayğacın laboratoriyada yoxlanıldığını, sayğacın istismara yarasız olmasının aşkar edildiyini, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağının ola bilməyəcəyini iddia etməklə, iddianı qəbul etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:
17. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
18. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.
19. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X1nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
22. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
23. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
24. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
25. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
26. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
27. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
28. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
29. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
30. Həmin qaydaların 6.5-ci maddəsinə (xx.xx.2023-cü il tarixli qanunla yeni redaksiyada əlavə edilmiş) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
31. 6.5-1.-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; - istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
32. 6.5-2-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
33. 6.5-4-ci maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
35. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
36. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
37. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan o nəticə doğur ki, zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
38. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh vurulmuş zərərin həcmi qismində 1555,2 manat məbləğində vəsaiti abonentdən tələb etməsi qanunsuz və əsassız olmuşdur.
39. Belə ki, əvvəla sayğac abonentin iştirakı olmadan çıxarılmış və qeyd edilən qüsurun mövcudluğu mötəbər sübutlarla təsdiqlənməmişdir. Cavabdeh naməlum şəraitdə çəkilmiş fotoşəkilə istinad etməklə kifayətlənmişdir.
40. Bundan əlavə cavabdeh çıxarılan sayğacın sərfiyyatı qeyd etməməsini bildirsə də, müəyyən edilir ki, abonent 2023-cü ilin mart ayında 710 kub.m həcmində qaz sərf etmiş, sərf edilmiş qaza görə 85.2 manat borc hesablanmış və abonent tərəfindən 100 manat ödəniş edilmişdir. Buna qədər yanvar ayında 363 kub.m həcmində qaz sərf etmiş və 43.56 manat ödəniş etmişdir. Odur ki, sayğacın sərfiyyatı qeydə almaması barədə cavabdehin dəlili inandırıcı deyildir.
41. Bundan başqa saldodan görünür ki, çıxarılan sayğac 2021-ci ilin oktyabr ayında quraşdırılmış və çıxarılan günədək onun mexaniki göstəricisinin artım tempində hər hansı hüquqdan sui-istifadə edildiyi qənaəti yaranmır.
42. Bundan savayı cavabdeh etirazında sayğacın sərfiyyatı qeyd etməməsi barədə laboratoriya yoxlanışının nəticəsinə istinad etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Hətta yoxlamanın nəticəsi barədə akt mövcud olsa belə, onun özü də mötəbər sübut kimi dəyərləndirilə bilməz. Belə ki, laboratoriya yoxlamasının qaz paylayıcısının tabeçiliyində olan qurumda aparılması özlüyündə onun mötəbərliliyini şübhə altına alır və sayğaca müdaxilə etməkdə istehlakçıdan başqa heç kimin marağı ola bilməz kimi cavabdehin yanaşmasını çürüdür.
43. Bununla yanaşı tədqiq edilən abonentin saldosu o qənaətə gəlməyə əsas verir ki, istehlakçının qazdan istifadəsi nəticəsində əsassız varlanma və hər hansı hüquqdan sui istifadə halı da yoxdur.
44. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, abonentə hesablanmış 1555,2 manat məbləğində borc məbləği əsassız olduğundan silinməlidir. Tətbiq edilən prosessual normalar
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
46. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
47. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
48. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
49. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
50. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
51. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
52. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
53. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
54. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 1555,2 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********00010) silinməli və istehlakçının ödəməkdən azad olduğu 35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
55. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1555,2(min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********00010) silinsin. Cavabdehndən 35 (otuz beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev