Məhkəmə qərarları › İş №2(001)-5518/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5518/2023

04.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5518/2023 04.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq qaz borcu ilə əlaqədar hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, həmin ünvanda 2 ildən çoxdur ki, yaşamır. Həyat yoldaşı X2 xx.xx.2022-ci ildə vəfat etmişdir və bundan sonra da həmin ünvanda başqa heç kəs yaşamamışdır. Buna baxmayaraq, Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin fərdi yaşayış evində iddiaçının iştirakı olmadan qaz sayğacı sökülərək istismarı dayandırılmış və qaz sayğacının sökülməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Sayğacın sökülməsi ilə bağlı səbəb kimi isə göstərilmişdir ki, qaz sayğacı gündəlik qaz sərfiyyatını qeyd etmir, qaz sərfiyyatını qeyd etmədən boşuna dövriyyə edir və bu səbəbdən də sayğac sökülməlidir. Daha sonra Cavabdeh İB-nin əməkdaşları tərəfindən sözügedən mənzilin köhnə qaz sayğacı sökülüb aparıldıqdan sonra iddiaçıya bildirilmişdir ki, mənzilin qaz sayğacında problem olduğu üçün iddiaçı cərimə ödəməlidir. İddiaçı isə tətbiq olunan cəriməni qəbul etməmiş və əsassız hesab edir. O bildirmişdir ki, qaz sayğacının sökülməsi prosesi vətəndaşın iştirakı ilə keçirilməli olduğu halda ona bu barədə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də iddiaçı əsassız yazılmış cərimənin silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh İB tərəfindən əsassız olaraq yazılmış 4147,20 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2003-cü il tarixdə Füzuli rayon VVADQ Şöbəsində nikaha daxil olmuş və bu barədə 297 nömrəli akt tərtib olunmuşdur. - ölüm haqqında şəhadətnaməyə əsasən, X2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 646 nömrə ilə qeyd edilmişdir. - Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Aybasanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abbasov küçəsi, ev 25-də məskunlaşıb yaşayır. - xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində köhnə qaz sayğacına baxış keçirilmiş, sayğacın boş işləməsi, sərfiyyatı qeyd etməməsi müəyyən edilmiş və sayğac yenisi ilə əvəz olunmuşdur. - Abonent saldosundan müəyyən edilir ki, X1 məxsus fərdi yaşayış evinə (abonent kodu **********00123) abonent borcu 2023-cü il oktyabr ayının sonuna 4147,20 manat borc qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona ziyan hesablamışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin (qazın paylanması) 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə qaydalari”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Beləliklə, müəyyən edildi ki, ünvan 1 ünvanında hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcminin qeyd etməməsi, xətaların normadan artıq olduğu, sayğacın çıxış plastmas borusunda deşik aşkar edilmiş və buna görə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Lakin akt iddiaçının iştirakı olmadan tərtib edilmiş, istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00123) hesablanmış borc əsassız olduğundan 4147,20 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00123) əsassız hesablanmış 4147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat borc (cərimə) silinsin. Cavabdehndən 61,47 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar