Məhkəmə qərarları › İş №2(001)-5527/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5527/2023

07.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5527/2023 07.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əlioğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və yaşamaq üçün maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun məskunlaşdığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 2-ci mədən korpus 38-də olan 2 otaqlı evə köçürülməyi, cavabdehin evdə yaşamağa yaratdığı maneələrin aradan qaldırılması və gələcəkdə belə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Ağdam rayonundan məcburi köçkün olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 38-də olan 2 otaqlı evdə məskunlaşmışdır. Uzun illərdir ki, cavabdehlə həmin evdə yaşamışdır. Yaşadıqları ev ilkin olaraq yaşayış üçün tam yararsız ev olmuş və məskunlaşdıqdan sonra öz vəsaiti hesabına evi tam təmir etdirmiş və kommunal ödənişləri etmişdir. Cavabdehlə birgə nikahlarından övladları olmuşdur. Daha sonra münasibətləri pozulmuş, uşaqlar birgə himayələrində olmaqla faktiki olaraq ayrılmışlar. O uşaqların saxlanması üçün aliment ödəyir. Həmin evdə yaşadıqları vaxt cavabdehin anasının ailələrinə müdaxiləsinə görə münasibətləri pozulmuşdur. Hazırda rəsmi nikah münasibətlərində olmalarına baxmayaraq, ayrı yaşayırlar. Ağdam Rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan aliment tutulur. Son vaxtlar isə cavabdeh və anası əsassız mübahisə yaradaraq onu evdən qovmuşlar. Hazırda digər yaşayış yeri olmadığına görə məcbur olub kirayədə yaşayır. Dəfələrlə cavabdehdən evdə yaşamağına yaratdığı manelərin aradan qaldırılmasını tələb etsə də, onu evə buraxmamış və şərləyib həbs etdirəcəyi ilə hədələmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 2-ci mədən korpus 38 ünvanında yerləşən ərazi Gözdən Əlillər Cəmiyyətinə məxsusdur və həmin ərazidə 14 ev vardır. Evlərdən biri gözdən əlil olduğuna görə onun qaynına verilmiş və sonra qaynanası tərəfindən həmin ev onlara yaşamaq üçün verilmişdir. Ev yaşayış üçün tam yararsız olmuş və öz vəsaiti hesabına evi tam təmir elətdirmişdir. Evin təmirinə 15000 manat xərci çıxmışdır. Ev 2 otaqlı olmaqla 92 kv.m-dir və bütün kommunal müqavilələr onun adınadır. Onun cavabdehlə mübahisəsi olduqdan sonra evi tərk etmiş və 2-3 gün sonra qayıtdıqdan sonra onu evə buraxmamışdır. Hətta cavabdeh Din-in 102 xidmətinə zəng vurmuş və ondan şikayət etmişdir. Həmin evdə hazırda cavabdeh, onun anası və oğlu yaşayır. Onların nikahı 2023-cü ilin mart ayında pozulmuşdur. Həmin ərazidə onlar kimi məcburi köçkünlər məskunlaşmış və onlardan başqa 2 məcburi köçkün ailəsi daha yaşayır. Hal-hazırda dəfələrlə Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinə müraciət etməsinə baxmayaraq, onu ev növbəsinə almamışlar.

4. Məhkəmə iclası barədə cavabdehə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh nə özü iştirak etmiş, nə də nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə irəli sürülmüş tələb üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq edilən sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. Cavabdeh iddiaçının keçmiş arvadıdır. İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi Binəqədi qəsəbəsi, mədən 2, korpus 38 ünvanında məcburi köçkün kimi kommunal qeydiyyatdadır. Bu barədə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlardan və təqdim edilən qəbzdən müəyyən edilir ki, qeyd olunan evin qaz və su ilə təchiz edilməsi barədə kommunal müqavilələr İddiaçı adınadır. Tətbiq edilən maddi hüquq normaları:

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

7. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

8. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

9. Həmin məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

10. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

11. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

12. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan suiistifadədir.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

14. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

15. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə:

16. - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

17. - ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

18. - Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

19. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

20. Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Məhkəmənin mövqeyi:

21. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

22. Bundan başqa hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

23. Məhkəmə işin müəyyən edilən halları baxımından o qənaətə gəlir ki, iddiaçının müvafiq tələblə hazırki cavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ mövcuddur və iddiaçının tələbinin əsasını sahibliyin qadağan olunmuş özbaşınalıqdan qorunması təşkil edir.

24. Belə ki, kommunal ödənişlərin iddiaçının adına olması və məcburi köçkün kimi qeyd edilən evdə məskunlaşma o qənaətə gəlməyə əsas verir ki, onun həmin evdə yaşaması və istifadəsi üçün hüquqi əsas vardır. Bu əsasdan istifadə edilməsi yalnız ya mülkiyyətçinin, ya faktiki sahibin və ya digər əşya hüququna malik olan şəxsin iradəsi ilə məhdudlaşdırıla bilər. Halbuki, qeyd olunan tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və ya hər hansı şəxsə icarə, kirayə müqaviləsi əsasında verildiyi də qeyri-müəyyəndir.

25. Eyni zamanda qeyd edilməlidir ki, əgər qeyd edilən ərazi Gözdən Əlillər Cəmiyyətinin və ya dövlətin balansındadırsa bu hüquqdan(istifadənin qadağan edilməsi) onların və ya digər vəkalət verilmiş şəxslərin(hazırki halda iddiaçının qaynının olması istisna deyil) istifadə etməsi hüquqi cəhətdən mümkün idi. Yəni cavabdehin belə bir hüququ olmadığı halda kommunal ödənişləri edən, evin təmirini həyata keçirən şəxsin istifadəsini qadağan etmək hüquqdan sui-istifadədir. Hansı ki, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Çünki tərəflər məcburi köçkün kimi uzun müddət qeyd edilən evdə yaşamışdır və onların birgə nikahda olduqları dövrdə birgə təsərrüfat apararaq hər hansı yaxşılaşdırma, təmir işləri, mebel, məişət əşyası almaları istisna edilmir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.)

27. Odur ki, iddiaçının da cavabdehlə eyni həcmdə əşyadan istifadə etmək və sahiblik hüququ vardır və bu səbəbdən həmin evə köçürülməlidir.

28. Məhkəmə iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, evə köçürülmə özlüyündə evdən istifadə ilə bağlı yaradılan maneənin aradan qaldırılmasını və qadağan edilməsini də ehtiva edir və həmin hissədə ayrıca qətnamə qəbul edilməsinə zərurət yoxdur. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:

29. Azərbaycan Respublikası Mülki-Proessual Məcələsinin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

34. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 38 ünvanında yerləşən evə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 38 ünvanında yerləşən evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar